» » Qarabağ Azərbaycanın əzəli və qədim torpağıdır!

Qarabağ Azərbaycanın əzəli və qədim torpağıdır!

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət ünvanlamışdır. Müraciətdə ilk öncə Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını, eyni zamanda Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edərək bildirmişdir ki, onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir! Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə salınmışdır. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Bilirsiniz, bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır.
Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar. Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir.Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir.Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz – Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi.
Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi.
Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinizə son qoyulur və bizim digər bütün qaçqın, köçkün soydaşlarımız bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına qaytaracağıq. Güc yolu ilə! Biz istəyirdik ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun, səbir göstərirdik. Danışıqlarda həmişə ədalətli mövqedə olmuşuq, bizə mənsub olanı istəmişik. Başqasının torpağında heç vaxt gözümüz olmayıb. Amma demişik ki, bu, bizimdir, xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yolu ilə qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxarmışdır. Yəni, buna hesablanmışdır. Otuz il ərzində danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir. İyirmi yeddi il ərzində biz bütün dövrlərdə - danışıqların bütün dövrlərində konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb. Təcavüzkarın tamahı daha da böyüyüb, bizim dədə-baba torpağımıza göz dikib. Nəticədə işğal edilmiş bütün torpaqları qondarma “Dağlıq Qarabağ respublikası”na aid edib, yeni xəritələr dərc edib və bu xəritələrdə işğal edilmiş bütün ərazilər Dağlıq Qarabağ kimi təqdim edilir. Ondan sonra nə oldu? Ondan sonra bəyan etdilər ki, bir qarış torpağı Azərbaycana qaytarmayacağıq. Biz demişdik ki, axı bu, danışıqlar predmetinə zidd olan məsələdir. Axı danışıqlarda bizim əsas ümidverici məqamımız o idi və orada göstərilirdi ki, işğal edilmiş torpaqlar mərhələli yollarla Azərbaycana qaytarılacaq. Biz də buna razılıq vermişdik ki, mərhələli yollarla qaytarılsın, sülh yolu ilə qaytarılsın. Bir mərhələdə 5 rayon qaytarılsın, ikinci mərhələdə 2 rayon qaytarılsın, sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıtsınlar, Şuşaya qayıtsınlar, ondan sonra Azərbaycan və erməni xalqları birlikdə yaşasınlar, necə ki, vaxtilə biz yaşamışıq. Bu, ədalətli mövqedir.
Bu günlərdə açıq-aydın görünür ki, cənab İlham Əliyev xalqımıza Milli həmrəyliyi bəxş edib. Ərazi bütövlüyümüzün bərpası bütün xalqımız üçün bir nömrəli vəzifə olaraq qarşımızda durur. Bu həmrəylik, bu birlik ondan xəbər verir ki, xalq Ali Baş Komandanın və rəşadətli ordusunun yanındadır və tez bir zamanda bu ordu torpaqlarımızı işğaldan azad edəcək, üçrəngli zəfər bayrağımız Xankəndində, Şuşada və diğər işğal olunmuş torpaqlarımızda sancılacaq. İşğaldan azad olunmuş torpaqlara həyat qayıdacaqdır. Azərbaycan xalqı öz torpaqlarında yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır. Dağıdılmış bütün məscidlərimiz, şəhərlərimiz və kəndlərimiz bərpa ediləcəkdir. Ölkə başçısının da dediyi kimi, Azərbaycan xalqı Böyük Qayıdış astanasındadır. Azərbaycan dövləti əlindən gələni edir ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıtsın, rahat və əmin-amanlıq şəraitində yaşasın.
Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!

Elmdar Naibov
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə

Dövlət Xidmətinin Suraxanı rayon şöbəsinin rəisi
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Mart 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Qalereya