Mehriban Əliyeva Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olub - FOTO
- 11-11-2022, 09:14
- Siyasət
- 0
- 136
Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva və digər ölkələrin birinci xanımları Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olublar.
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai birlikdə sərgiyə baxıblar.
Qeyd edək ki, sərgidə Nukusda yerləşən İ.Savitski adına Qaraqalpaqıstan Respublikası Dövlət İncəsənət Muzeyinin kolleksiyasından məşhur əsərlər nümayiş olunur. Burada sərgilənən əsərlər Özbəkistanın XX əsr təsviri sənətinin bütün istiqamətlərini əhatə edir. Özbəkistanın qeyri-adi təbiəti, qədim abidələri rəssamlar üçün hər zaman ilham mənbəyi olub. Qaraqalpaqıstanın bir çox rəssamları mavi Aral dənizi və Amudəryadan ilhamlanaraq mükəmməl əsərlər ərsəyə gətiriblər.
Özbəkistanda təsviri sənət XX əsrdə sürətlə inkişaf edib. Həmin dövrün rəssamlarının həyatlarının müxtəlif olmasına baxmayaraq, onları birləşdirən Özbəkistan idi. Təkcə Özbəkistanda doğulan rəssamlar deyil, buraya müxtəlif yerlərdən gələnlər də günəşli diyarın ecazkarlığına valeh olaraq bu qədim torpaqda həmişəlik yaşayıb-yaradıblar. Bu gün onların da əsərləri sərgidə nümayiş olunur.
Qeyd edək ki, sərgidə 14 rəssamın 90-dan çox əsəri nümayiş etdirilir.