Soçidə daha çox Rusiyanın taleyi həll olundu... - NƏ BAŞ VERİR?
- 2-11-2022, 15:30
- Siyasət
- 0
- 225
Azərbaycan və Ermənistan liderləri arasında görüşün oktyabrın 31-də Soçidə keçirilməsi son bir ildə danışıqların təşkilini yenidən Rusiyanın vasitəçilik masasına qaytardı.
Rusiya Perezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli formatda sonuncu yüksək səviyyəli görüş 2021-ci il noyabrın 26-da Soçi şəhərində keçirilib. Ötən il dekabrın 4-dən etibarən Azərbaycan və Ermənistan arasında müzakirələr Avropa İttifaqı və ABŞ-ın vasitəçilik platformasında davam etdirilib.
Rusiyanın bütün diplomatik səylərini Ukrayna müharibəsinə yönəltməsi bir ilə yaxındır ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində Qərbin fəallaşmasına səbəb olub. Xüsusilə də Brüssel formatı Azərbaycanla Ermənistan arasında müzakirələrin ikitərəfli qaydada razılaşmalar əldə etməsinə şərait yaradıb. Bu da Rusiyanın prosesə təsir imkanlarının azalmasına səbəb olub.
Oktyabrın 6-7-də Azərbaycan və Ermənistan liderlərinin Praqa şəhərində Avropa İttifaqı Şurasının, Türkiyə və Fransanın vasitəçiliyi ilə aparılan danışıqlarından sonra Rusiya "oyundankənar" qalmış kimi görünür. Bunun ardınca Avropa İttifaqı, o cümlədən Fransanın və ATƏT-in Ermənistana qiymətləndirmə missiyasını göndərmək qərarı, ABŞ konqresmenlərinin İrəvana ardıcıl səfərləri Rusiyanın əks-reaksiyası ilə müşahidə olunur. Bu baxımdan, Soçi görüşü Kremlin Qərbin Cənubi Qafqazda artan aktivliyinə qarşı taktiki gedişi, yaxud cavab tədbiri kimi qiymətləndirilə bilər.
Prezident Vladimir Putinin Soçi görüşündən sonra Avropa İttifaqının ünvanına səsləndirdiyi etiraz bəyanatı da bunu sübut edir. Putin Avropanı Rusiyanı İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsi prosesindən kənarlaşdırmağa çalışmaqda ittiham edib. “Avropalı tərəfdaşlarımız öz siyasətlərini elə aparırlar ki, Rusiyanı bütün formatlardan kənarlaşdırmağa çalışırlar. Aydındır ki, bəzi hallarda bu, məsələn, indiki vəziyyətdə olduğu kimi, tamamilə qeyri-real, qeyri-mümkündür. Lakin biz öz tərəfimizdən nizamlanmaya yönəlmiş istənilən səyləri həmişə alqışlayırıq",-deyə Vladimir Putin bildirib.
Bununla da Rusiya Prezidenti rəsmi Moskvanın iştirakı olmadan sülh prosesinin mümkün olmayacağına işarə edib. Putinin "Azərbaycan və Ermənistan arasında sülh sazişi hələlik yoxdur" açıqlaması da Qərbin bu ilin sonuna qədər sülh mətnini hazırlamaq planının sıfırlanmasına hesablanmış cavab mesajıldır. Kreml rəhbəri bildirib ki, bu sənədin əsas komponentləri haqqında burada danışmaq hələ tezdir:
"Çünki bu, hər iki tərəf, o cümlədən bizim tərəfimizdən istəsə, vasitəçilik yolu ilə əldə edilməli olan kompromislər mövzusudur".
Bununla da Putin iki məsələyə eyham vurub. Birincisi, sülh sazişi Qərbin deyil, yalnız Rusiyanın vasitəçiliyi və istəyi ilə baş tuta bilər. İkincisi, sülh müqaviləsində tərəflər kompromisə gedərək vasitəçi tərəf kimi Rusiyanın maraqlarını nəzərə almalıdır.
Göründüyü kimi, Soçi görüşünün təşkili Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesini Rusiyanın inhisarına qaytarmaq məqsədi daşıyıb. Əslində, bu məsələ ilə bağlı Rusiya-Qərb qarşıdurması hələ sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər zamanı açıq müstəviyə keçib. O zaman Rusiya və Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatı Ermənistana dəstəkdən imtina etməklə təzyiqlər qarşısında Nikol Paşinyan hökumətinin Qərbyönlü kursdan imtinasına ümid edirdi. Lakin Rusiyanın neytral mövqeyi Paşinyanı ABŞ və Avropa İttifaqı ilə daha da yaxınlaşdırdı.
Ermənistan və ABŞ rəsmilərinin qarşılıqlı səfərləri, Avropa İttifaqının, eləcə də Fransanın mülki missiyasının Paşinyan tərəfindən Azərbaycanla sərhədə dəvət edilməsi, Ermənistan hakimiyyəti ilə KTMT arasında narazılığın artması Rusiyanı təzyiq taktikasından imtinaya məcbur edib. Yəni Ermənistan uğrunda Qərb və Moskva arasında böyük geosiyasi qarşıdurma başlayıb.
Rusiyanın Paşinyanı devirmək planları isə nəticə verməyib. Putin Ermənistanı Rusiyanın təsir dairəsinə qaytarmaq üçün taktikanı dəyişərək Qarabağ məsələsini ermənilərin maraqlarına uyğun həll etməyə üstünlük verib. Rusiyanın təqdim etdiyi bu plan Qarabağda yaşayan ermənilərə gələcəkdə statusun verilməsini nəzərdə tutur. Bu da təbii ki, heç bir halda Azərbaycan tərəfindən qəbul edilə bilməzdi. Ona görə də Azərbaycan Prezidenti "Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur",-deməklə nəinki status, ümumiyyətlə, Qarabağın gələcək taleyinin başqa dövlətlə müzakirə edilməyəcəyini diplomatik tərzdə Putinə çatdırmış oldu. Prezident İlham Əliyev analoji açıqlamanı oktyabrın 6-da Praqada da vermişdi.
Dövlət başçısı bildirmişdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlarla münasibətin necə qurulmasını başqa ölkələrlə müzakirə edilməyəcək. Yəni həm Praqada, həm də Soçidə verilən açıqlamalar vasitəçilərin Qərb, yaxud Rusiya olmasına baxmayaraq, Azərbaycanın sistemli yanaşma sərgilədiyini göstərir. Bu mövqe vasitəçi tərəflərin deyil, Azərbaycanın maraqlarını və Qarabağ üzərində suveren hüquqlarının təmin olunmasını nəzərdə tutur.
Eyni zamanda, Rusiya "Dağlıq Qarabağ"ın statusu ilə bağlı qərarı gələcək nəsillərin öhdəsinə buraxmağı təklif edir. Bu isə münaqişəli situasiyanın saxlanılması və Rusiya sülhməramlı qüvvələrinin qeyri-müəyyən müddətə Azərbaycan ərazisində qalması deməkdir. Paşinyanın Soçiyə süılhməramlıların 10-20 il müddətinə Qarabağda qalması təklifi ilə getməsi də məhz bu məqsədə hesablanmışdı. Əslində, Paşinyan bu təklifi 2021-ci ilin avqust ayında Rusiyadan aldığını da gizlətmədi.
Azərbaycan Prezidentinin açıqlaması isə Qarabağ məsələsini həll olunmamış münaqişə kimi gələcəyə saxlamaq planının üzərindən xətt çəkdi və rəsmi Bakı tərəfindən qəbul olunmadı. Soçi görüşünün nəticəsiz başa çatması və üçtərəfli bəyanatın daha çox ümumi tezislərdən ibarət olması bunu təsdiq edir. Rusiya hələ də "Qarabağın gələcək statusu" mövzusunda manipulyasiyaları davam etdirməklə Ermənistanı Qərbdən döndərməyə çalışır. Ancaq Rusiyanın bu davranışı Azərbaycanın danışıqlarda Brüssel formatına üstünlük verməsi ilə nəticələnə bilər.
Ümumilikdə, Rusiyanın Qərbə qarşı son demarşı ABŞ və Fransanın Azərbaycana yönəlmiş təzyiqlərini neytrallaşdırmaq üçün qüvvələr balansını təmin edir və yeni manevr imkanları açır. Ancaq mövcud situasiyada Rusiyanın təklifləri ayrılıqda Azərbaycanın maraqlarına ziddir. Ona görə də Türkiyənin prosesə müdaxilə edəcəyi və Rusiyanın təkliflərinin Ərdoğan-Putin masasında müzakirəyə çıxarılacağı istisna edilmir. Rusiya isə Türkiyənin dəstəyi olmadan Cənubi Qafqazda Qərbə qarşı güclər balansını saxlaya bilməyəcəyinin fərqindədir. Soçidə Ermənistana "kökə" siyasətinin uğursuz nəticələnməsi Rusiyanı yenidən Paşinyana qarşı "dəyənək" taktikasına qayıtmağa vadar edə bilər. Ermənistanın parlament müxalifətini birləşdirən "Müqavimət" hərəkatının noyabrın 5-ə İrəvanda Qarabağa dəstək mitinqi təyin etməsi Rusiyanın Ermənistan hakimiyyətini Qərbyönlü kursdan yayındırmaq üçün təzyiq üsulunu işə saldığını göstərir.
Çünki Rusiya Azərbaycanla və Türkiyə ilə hazırkı şəraitdə uzunmüddətli qarşıdurmada maraqlı deyil. Moskvanın maraqları hazırda Qərblə Qarabağda deyil, Ermənistan ərazisində toqquşur. Qarabağa dair verilən vədlər isə Ermənistanı Qərbdən ayırmaq məqsədi daşıyır. Ona görə də perspektivdə Ermənistan uğrunda Qərb və Rusiya arasında dərin geosiyasi rəqabət baş verə bilər. Bu prosesdə Türkiyənin mövqeyi isə Rusiyanın deyil, Moskva ilə razılaşdırılmış qaydada özünün və Azərbaycanın bölgədə maraqlarının təmin olunmasından ibarətdir. Rusiyanın sülh danışıqlarında moderatorluğu əldə saxlaması isə Soçidə əldə olunmuş üçtərəfli bəyanatın icrasından asılı olacaq. Sənədin bəndlərinə nəzər salsaq, aşağıdakı qənaətə gəlmək olar:
1. Ermənistan və Azərbaycan güc tətbiq etməkdən və onun tətbiqi hədəsindən çəkinmək barədə razılığa gəliblər. Bu razılaşma ilk növbədə, Ermənistanın silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarılmasını özündə ehtiva edir. Çünki qeyd edilən bənd iki ölkənin bir-birinə qarşı hərbi müdaxilədən çəkinməsini nəzərdə tutsa da, Ermənistan ordusunun qalıqları hələ də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasında qalmaqdadır. Bu baxımdan, razılaşmanın icrası Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasından asılı olacaq.
2. Rusiya Federasiyası, Azərbaycan və Ermənistan 9 noyabr 2020-ci il tarixli razılaşmaya əməl etmək öhdəliyini bir daha təsdiqləyib. Qeyd edək ki, Azərbaycan 9 (10) noyabr Bəyanatında üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Ermənistan isə iki bəndin icrasından yayınır. Söhbət Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını nəzərdə tutan 4-cü bəndin, və Naxçıvanla Azərbaycanın qərb rayonları arasında nəqliyyat-kommunikasiya əlaqəsini təmin edəcək 9-cu bəndin tələblərinin yerinə yetirilməsindən gedir. Ermənistan Rusiyanın vasitəçiliyi ilə 2021-ci il yanvarın 11-də Moskvada və noyabrın 26-da Soçidə qəbul olunmuş üçtərəfli bəyanatlarda da sözügedən razılaşmaya əməl etmək barədə öhdəliyə imza atıb. Lakin indiyə qədər Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin açılmasına mane olur. Ona görə də sülhə nail olunması rəsmi İrəvanın 31 oktyabr Soçi Bəyanatındakı razılaşmaya sadiq qalmasından asılı olacaq. Bu isə vasitəçi tərəf kimi danışıqlarda Rusiyanın mövqeyinə ciddi təsir göstərə bilər.
3. Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına hazırlığa kömək edəcək. Sülh sazişinin imzalanması ilk növbədə, Ermənistanın Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını tanımasından keçir. Bu mənada, siyasi məntiq Rusiyanın "Qarabağ məsələsini qeyri-müəyyən müddətə gələcək nəsillərə saxlamaq" təklifindən imtina etməsini tələb edir. Yəni Rusiya öz şərtini dəyişməsə, sülh prosesində heç bir fayda verə bilməyəcək və Soçi razılaşması əhəmiyyətini itirəcək. 4. Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bütün problemləri müzakirə etmək barədə razılığa gəliblər. Bu razılaşma oktyabrın 7-də Praqada Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq barədə imzalanmış sənədin davamıdır. Alma-Atı Bəyannaməsindən fərqli olaraq, BMT Nizamnaməsi beynəlxalq hüquqi öhdəlik yaradır. Ancaq Ermənistan nə işğal dövründə, nə də 44 günlük müharibədən sonra BMT Nizamnaməsinin tələblərinə əməl edib. Ermənistan 1991-ci ildə Alma-Atıda imzalanmış MDB-nin məqsəd və prinsipləri, əsasları barədə bəyannamənin də ərazi bütövlüyünün tanınmasına dair razılaşmaslnı pozub. 1992-ci ildən etibarən Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Ona görə bu bəndin ciddi nəticəyə səbəb olacağı real görünmür.
5. Rusiya Federasiyası, Azərbaycan və Ermənistan etimadın yaradılması üçün üçtərəfli parlamentlərarası təmasların başlanmasının vacibliyini qeyd ediblər. Bu razılaşma qarşılıqlı öhdəliklərin icrası istiqaməsində əlavə formatın yaradılması kimi nəzərdən keçirilə bilər. Məlum olduğu kimi, 2021-ci il 11 yanvar bəyanatına əsasən, üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində birgə İşçi qrup fəaliyyət göstərir. Yəni müzakirələrin parlament müstəvisinə keçməsi Azərbaycan və Ermənistan arasında etimadı möhkəmlədə bilər. Çünki razılaşmaların həyata keçirilməsi və sülh sazişi hər iki ölkənin qanunvericilik aktlarına və konstitusiyana uyğunlaşdırılmalıdır. Deputatlar arasında təmasların təşkili xüsusilə, Ermənistan parlamentinin hökumətə və Paşinyana təzyiqlərin azalması baxımından vacibdir. Baş nazir siyasi məsuliyyəti qanunverici orqanla bölüşmək imkanı əldə edə bilər. Rusiya isə yeni üçtərəfli format yaratmaqla danışıqlar prosesində mövqeyini gücləndirməyə çalışır.
6. Rusiya Federasiyası, Azərbaycan və Ermənistan Rusiya sülhməramlılarının sabitliyin təmin edilməsi üçün səy göstərməsinin əhəmiyyətini qeyd ediblər. Bu bənd üzrə əsas öhdəlik Rusiyanın üzərinə düşür. Çünki Rusiya sülhməramlıları Azərbaycan ərazisinə daxil olduğu iki il ərzində əksər hallarda özünün fəaliyyət prinsiplərini pozub və ermənilərin himayəçisi qismində çıxış edib. Hələ də Ermənistan ərazisindən silahların sülhməramlı qüvvələrin müvəqqəti nəzarət zonasına daşınması davam edir. Rusiya hərbçiləri isə bu özbaşınalığın qarşısını nə Xankəndi-Ermənistan dəhlizində, nə də Qarabağda alır. Sülhməramlılar Qarabağdakı erməni silahlı birləşmələrinin ləğvi ilə bağlı da heç bir tədbir görmür. Ona görə də Rusiya hərbi kontingenti vəzifə öhdəliyini yerinə yetirməlidir.
7. Rusiya Federasiyası, Azərbaycan və Ermənistan qalan humanitar məsələlərin həlli üçün əlavə səylər göstərəcək. Bu razılaşma əsasən Azərbaycanla Ermənistan arasında əsir, girov, itkin düşmüş şəxslərin və meyitlərin dəyişdirilməsi, eləcə də digər sosial və humanintar ehtiyacların ödənilməsində Rusiyanın vasitəçiliyini nəzərdə tutur.