Məhluqə xanım Talıbova: Siyasi uzaqgörənliyin qazandırdığı uğur
Araz Marketin baş satıcısı Məhluqə xanım Talıbova - Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir.
Təbii ki, Azərbaycanın bugününü müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə müqayisə etdikdə hansı çətinlikləri arxada qoyduğumuzu, daha dəqiq desək, bugünümüz üçün kimə borclu olduğumuzu daha dərindən dərk edir və böyük əminliklə qeyd edirik ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən göz önünə ilk olaraq xilaskarlıq missiyası gəlir. Azərbaycanın müstəqilliyinin daimiliyini təmin edən ulu öndər Heydər Əliyevin Azərbaycanın bugünü üçün gördüyü işlərin əsasında Onun uzaqgörənliyi, Vətəninə, xalqına bağlılığı dayanırdı. Dahi şəxsiyyətin hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın gələcəkdə müstəqilliyini düşünərək atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Belə ki, Azərbaycan gənclərinin keçmiş İttifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, həmçinin Ümummilli Liderin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, azərbaycançılıq ideologiyasının inkişafı istiqamətində atdığı addımlar bugünümüzə və gələcəyimizə hesablanmışdı.
Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsində də Azərbaycanın bu günü üçün mühüm qərarlar qəbul edilmişdir. Bunlardan biri dünya azərbaycanlılarının birliyinə, həmrəyliyinə xidmət edən qərarın-31dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsini qeyd edə bilərik. Ulu Öndərin Naxçıvan fəaliyyətindən bəhs edərkən bu gün ölkəmizin həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını qeyd etməliyik. 1992-ci il 21 noyabr tarixində təsis konfransını Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyasının yaradılması ilə ölkəmizin həyatında yeni mərhələ başlandı. Partiyanın yaradılmasından çox keçmədi ki, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı.
Bu tarixi paralel daim xalqımız tərəfindən aparılır ki, ümummilli lider Heydər Əliyev necə hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın geridə qalmış ölkəsindən ən qabaqcıl ölkəsinə çevirdi, eləcə də 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu. Ulu Öndər hakimiyyətə qayıdışı ilə Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi olaraq iqtisadiyyatımızın inkişafında neft amilinə yüksək dəyər verildi, malik olduğumuz təbii resurslardan səmərəli istifadə etmək məqsədilə gərgin səylərin nəticəsində 1994-cü il 20 sentyabr tarixində "Əsrin müqaviləsi" imzalandı. Bununla da Azərbaycanın iqtisadi müstəqilliyinin əsası qoyuldu, siyasi müstəqillik üçün möhkəm təməl formalaşdı. "Əsrin müqaviləsi"nin əhəmiyyətindən bəhs edərkən onun iqtisadi tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti daha çox təhlil edilir. Çünki bu saziş Azərbaycana inamı artırdı, etibarlı tərəfdaş kimi nüfuz qazanmasında mühüm rol oynadı.
Ulu öndər Heydər Əliyev Azərbaycanda demokratik cəmiyyətin yaradılması istiqamətində mühüm addımlar atdı. O, mühüm demokratik məzmunlu dəyişiklərin təşəbbüskarı idi. Ümummilli Liderin Fərmanı əsasında mətbuatın üzərindən senzura götürüldü, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Belə ki, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi.
1995-ci il 12 noyabrda ümumxalq səsverməsi yolu ilə qəbul olunan milli Konstitusiyamız dövlətçiliyimizin əsaslarının yaradılmasında əsas rol oynadı.
Dahi şəxsiyyətin Azərbaycan dövləti qarşısında xidmətlərindən bəhs edərkən onun müstəqil dövlət kimi beynəlxalq aləmdə yeri və rolunun möhkəmlənməsi istiqamətində gördüyü işləri, böyük səyləri nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasını xüsusi qeyd etməliyik. Ümummilli Liderin hazırda tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atdığı addımlar Azərbaycanın ətrrafında yaradılan informasiya blokadasının yarılmasında mühüm rol oynadı. Bir daha dünyaya sübut edildi ki, Azərbaycan müstəqil dövlətdir, beynəlxalq səviyyədə tanınan ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün bərpası üçün bütün imkanlardan istifadə edəcək. Ulu öndər Heydər Əliyev, eyni zamanda, "Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır" tezisini önə çəkərək ordu quruculuğu sahəsində önəmli addımlar atdı.
Bu ümumiləşdirməni apara bilərik ki, Ümummilli Lider yeni, müasir Azərbaycanı qurdu. O, "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır" fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etdi. Onun düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın gələcəyi üçün möhkəm baza formalaşdı ki, son 19 ildə bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan uğurlarının zirvəsində dayanan tarixi Zəfərə imza atdı, 30 illik torpaq həsrətinə son qoyuldu, soydaşlarımızın Böyük Qayıdışı reallaşır. Dövlətinə, xalqına xidmət ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasında dayanırdı. Hazırda xalqımız bu xidmətin davamını Prezident İlham Əliyevin fəaliyyətində görür və Onun ətrafında sıx birləşib.