Hacı Ruslan Həsənov: Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan şəhidlərimizin hər biri qürur mənbəyimizdir
102xeber.az saytının Təsisçisi Baş Redaktoru, 102xeber.com saytının Rəhbəri, Beynəlxalq ictimai.az Saytının Təsisçisi və Baş Redaktoru Məxfi Fikir.az Saytının Təsisçisi, Məxfi Fikirlər Qazetin Təsisçisi Baş Redaktoru, 102xeber.tv-nin Təsisçisi Hacı Ruslan Həsənov - 2 il bundan əvvəl ölkəmiz azğınlaşmış Ermənistanın təxribatlarına son qoymaq üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əks-hücum əməliyyatlarına başladı. Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən Ermənistan yaşayış məntəqələrimizi daim atəş altında saxlayır, yeni ərazilərin işğalına dair öz niyyətlərini açıq şəkildə nümayiş etdirir, dinc əhalini öldürürdü. Məhz bu səbəbdən ərazi bütövlüyümüzün bərpası, vətəndaşlarımızın dinc, firavan və təhlükəsiz şəraitdə yaşayışını təmin etmək üçün münaqişənin həllində hərbi yol qaçılmaz idi.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, ordumuzun 44 günlük Vətən müharibəsində həyata keçirdiyi əks-hücum əməliyyatları, o cümlədən əldə olunan qələbə qısa vaxtda görülən işlərin nəticəsi deyildi. Azərbaycan son 30 ilə yaxın bir dövrdə hər gün bu qələbənin əldə olunması istiqamətində var gücü ilə çalışırdı. Bu baxımdan ölkəmizin müstəqilliyinin bərpasının ilk illərində ulu öndər Heydər Əliyev tərəfindən dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində atılan addımları xüsusilə, iqtisadiyyatımızın yenidən qurulması və ordu quruculuğunun əsas məqsədi gələcəkdə Azərbaycanı bu böyük qələbəyə hazırlamaq idi.
Hər dövlətə ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev kimi uzaqgörən və müdrik liderlər nəsib olmur. Ulu öndər Heydər Əliyevin ərazi bütövlüyümüzün bərpası uğrunda yürütdüyü müqəddəs missiyanı dəmir yumruqlu müzəffər sərkərdə Prezident İlham Əliyev sona çatdırıb, reallaşdırmışdır. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil olub. Ötən dövr ərzində ordumuzun maddi texniki bazası genişləndirilərək, döyüş potensialı gücləndirilmişdir.
Vətən müharibəsində Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün ərzində 1990-ci illərin əvvəlində Ermənistan tərəfindən işğal edilmiş əraziləri azad etmişdir. Bu şanlı Qələbənin əldə olunmasında 2907 vətən övladı şəhid olmuş, mindən çox əsgərimiz yaralanmış və 7 nəfər itkin düşmüşdür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 27 sentyabr – Vətən müharibəsinin başladığı gün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur.
Vətənin ərazi bütövlüyü uğrunda canını fəda etmiş əsgər və zabitlərimizin şücaəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, onların əziz xatirəsi daim uca tutulur. Bu gün qazilərimiz və şəhid ailələri dövlətin xüsusi diqqəti və qayğısı ilə əhatə olunmuşdur. 10 mindən artıq şəhid ailəsinin mənzillərlə təmin olunması, müharibə əlillərinə 7 mindən artıq avtomobilin verilməsi, qazilərimizin müasir protezlərlə təmin edilməsi bu istiqamətdə görülən işlərin əməli sübutudur.
Müharibədə qazanılan qələbə təkcə döyüş meydanındakı silahların müasirliyi, ordunun yüksək səviyyədə təchizatından asılı deyil. Qələbənin əldə olunması həm də, cəmiyyətdə milli birliyin mövcud olması ilə birbaşa bağlıdır. Vətən müharibəsində xalqımız müasir dövrdə nadir rastlanan ümumxalq əzmkarlığını və iradəsini nümayiş etdirərək düşmənə qarşı bir yumruq kimi birləşdi və sarsıdıcı zərbələr endirdi. Ölkəmizdəki siyasi partiyaların Vətən müharibəsi dövründə bəyanat və müraciətlər imzalayaraq Prezident İlham Əliyevə dəstək ifadə etməsi bu milli birliyinin təzahürüdür.
Prezident İlham Əliyev Vətən müharibəsində misilsiz rəşadət göstərərək Azərbaycanı bütün cəbhələrdə müzəffər sərkərdə kimi müdafiə etdi və tariximizə bu şanlı qələbəni yazdı. Azərbaycan xalqının Prezident İlham Əliyevə etibarı, inamı və dəstəyi sonsuzdur. Bu gün öz təxribatlarından əl çəkməyən Ermənistan çox yaxşı bilir ki, Azərbaycan xalqı və ordusu hər an dəmir yumruğun ətrafında sıx birləşərək dövlətimizə və ərazi bütövlüyümüzə qarşı istənilən təxribatın qarşısını almağa hazırdır.
Vətən müharibəsində qazandığımız qələbə qəlbimizi qürurlandırdığı qədər, itirdiyimiz şəhidlər qəlbimizi sızladır. Onların xatirəsinin əbədiləşdirilməsi, ruhlarının şad edilməsi istiqamətində görülən işlər hər birimiz üçün ən vacib istiqamətdir. Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan şəhidlərimizin hər biri qürur, fəxr mənbəyimizdir. Hər addımımızda onları anacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.