Fuad Hacıyev: Siyasi münasibətlərin inkişafına yeni təkan…
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev - Siyasi partiyaların ölkəmizin inkişafında rolunun daha artırılması, milli məsələlərdə həmrəyliyə nail olunması, siyasi mədəniyyətin inkişaf etdirilməsi, konstruktiv və ədalətli siyasi dialoqun gücləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ildən başlayaraq daha da sürətlənən siyasi islahatlarının başlıca hədəfləridir. Keçən qısa müddət ərzində bu istiqamətdə xeyli müsbət nəticələr əldə olunub. 2020-ci ildəki Vətən müharibəsi ərəfəsində ölkədə tarixdə görünməmiş milli-siyasi birlik əldə edilib. Bu dövrdə vətənini və dövlətini sevən bütün siyasi partiyalar bir yumruq kimi birləşdi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi qələbə əldə etdi.
2020-ci il parlament seçkilərindən sonra Prezident İlham Əliyev parlamentdə çıxışı zamanı demişdi: “Mənim tövsiyəm o olmuşdur ki, müxtəlif partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var”.
Beləliklə, ötən 2 il ərzində Milli Məclisdə təmsil olunan bütün siyasi partiyalar arasında əməkdaşlıq və dialoq mühiti xeyli inkişaf etdi, qəbul edilən qanun layihələrinin keyfiyyəti xeyli artdı. Qeyd edim ki, hazırda Milli Məclisdə 10 siyasi partiya təmsil olunur. Müqayisə üçün deyə bilərik ki, Rusiyada 6, Türkiyə 12, Gürcustanda 4 (2016), Ermənistanda 4, Qazaxıstanda 4, Ukraynada isə 7 siyası partiya parlamentdə təmsil olunur.
Hazırda ölkəmiz yeni bir dövrə qədəm qoyub. Torpaqlarımız işğaldan azad olub, 30 illik konflikt başa çatıb, ordumuz bütün strateji mövqelərə sahiblənib, iqtisadiyyatımız daha da güclənib. Yeni mərhələdə Prezident İlham Əliyevin siyasi-iqtisadi islahatları daha da genişlənməkdə və strateji xarakter almaqdadır.
Cəmiyyətdə siyasi qüvvələrin konstruktiv, yaradıcı olmaları, milli maraqlara xidmət edərək cəmiyyətin və dövlətin inkişafına dəstək vermələri hesab edirəm ki, hər bir vətəndaşın istəyidir. Bunun üçün isə, ilk növbədə, qanunvericilik bazası təkmilləşməli, milli maraqlara xidmət edən partiyaların inkişafı üçün daha çox institusional imkanlar yaradılmalıdır.
Məhz bu məqsədlə Milli Məclis tərəfindən yeni “Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanmasına başlanması və onun ictimai müzakirə üçün açıq olması elan edilib. Bu da onu göstərir ki, Milli Məclis prosesin açıq və demokratik olmasında maraqlıdır.
Ötən 2 aydan çox müddət ərzində 39 siyasi partiyanın qanun layihəsi barəsində öz təkliflərini Milli Məclisə təqdim etməsi müzakirələrin inklüzivliyinə nail olunduğuna dəlalət edir. Dünəndən etibarən qanun layihəsinin ilkin versiyası Milli Məclisin saytında dərc edilib. Sentyabrın 28-dən başlayaraq qanun layihəsi ilə bağlı Milli Məclisdə aparılacaq müzakirələrin qəbul ediləcək sənədin bütün konstruktiv siyasi qüvvələrin inkişafla bağlı maraqlarına xidmət edəcəyinə inanırıq.
Qeyd etmək istərdim ki, hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanun 03 iyun 1992-ci ildə qəbul edilib. Qanun 22 maddədən ibarətdir. Yeni təklif edilən qanun layihəsi isə 30 maddədən ibarət olmaqla daha əhatəlidir. Hesab edirəm ki, geniş müzakirələr nəticəsində qəbul ediləcək yeni qanun ölkəmizdə siyasi partiyaların daha da inkişafı, konstruktiv siyasi dialoqun, əməkdaşlığın daha da güclənməsi və siyasi rəqabət mədəniyyətinin daha da inkişafı üçün yeni səhifə açacaqdır.