Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhədə gedib - FOTO
- 21-04-2022, 11:42
- Siyasət
- 0
- 196
Aprelin 19-21-də Azərbaycanın Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev DSX-nin Sərhəd Qoşunlarının “Qubadlı” və “Qazax” əlahiddə sərhəd diviziyalarının hərbi hissə və bölmələrinə səfər ediblər.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Səfər çərçivəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistan ilə dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılmışdır.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili istiqamətində həyata keçirilən fəaliyyətlər, o cümlədən sərhəd yollarının çəkilməsi, ərazidə hərəkətin təmin edilməsi üzrə tikinti-quruculuq işləri və təhlükəsizlik tədbirləri nəzərdən keçirilmiş, sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşülmüş, hərbi qulluqçuların xidməti-döyüş və məişət şəraitləri ilə tanış olunmuşdur. Son bir il ərzində azad edilmiş ərazilərdə 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd döyüş məntəqəsinin fəaliyyətə başlamasının böyük əhəmiyyəti vurğulanmışdır.
Əlahiddə sərhəd diviziyalarının rəhbər heyətlərinin iştirakı ilə xidməti müşavirələr keçirilmiş, vəzifəli şəxslərin xidməti ərazidə mövcud olan əməliyyat şəraiti və görülən tədbirlər haqqında məruzələri dinlənilmiş, hərbi hissə və bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsinin, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə zəruri tapşırıq və tövsiyələr verilmişdir.
Səfər çərçivəsində səhra təlim mərkəzində DSX-nin taktiki təlimləri izlənilmişdir.