Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan münasibətləri yüksələn xətlə inkişaf edir”
- 21-04-2022, 09:51
- Siyasət
- 0
- 191
Azərbaycan-Gürcüstan münasibətləri tarix boyu hər iki ölkə üçün daima strateji əhəmiyyət kəsb edib. Əlbəttə ki, ilk növbədə bu münasibətləri Azərbaycan və Gürcü xalqlarının milli maraqları şərtləndirir. Təqdirəlayiq haldır ki, iki qonşu dövlət arasında olan siyasi münasibətlər həm də çoxsaylı iqtisadi layihələrlə dəstəklənir. Diqqət edirsinizsə, Azərbaycanın həyata keçirdiyi bütün enerji və nəqliyyat kommunikasiya layihələri Gürcüstan üzərindən realizə olunaraq Qərbə istiqamətlənir. Azərbaycan şirkətləri qonşu ölkəyə ciddi sərmayə yatıran şirkətlər sırasında olmaqla həm də bu ölkədə ən böyük vergi ödəyiciləridirlər.
Bu sözləri aprel ayının 19-da Azərbaycan parlamenti nümayəndə heyətinin Gürcüstana rəsmi səfərini şərh edərkən mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili bildirib ki, Azərbaycan və Gürcüstan parlamentlərarası dostluq qruplarının görüşü yüksək səviyyədə baş tutub: “Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamenti nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri gözlənildiyi kimi, səmimi şəraitdə keçdi. Səfər çərçivəsində iki ölkənin parlamentlərarası əlaqələr üzrə dostluq qrupları üzvlərinin görüşü də baş tutdu. İlk növbədə Gürcüstan Parlamentinin sədr müavini, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze bizi ölkəsində salamlayaraq, belə görüşlərin keçirilməsinin əlaqələrin möhkəmləndirilməsi baxımından vacibliyini qeyd etdi. O, iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin olduğunu deyərək, xalqlarımızın tarix boyu mehriban əlaqələrindən bəhs etdi. Demək lazımdır ki, həqiqətən də istər iqtisadi, istərsə də mədəni-humanitar sahədə iki ölkə arasında münasibətlər tarixi baxımdan bu gün də kifayət qədər sıx və əlaqəlidir. Turizmdən başlamış digər bütün mədəni mübadilələrə qədər ən müxtəlif sahələrdə qarşılıqlı münasibətlər sistemi mövcuddur. İki qonşu ölkə istər beynəlxalq təşkilatlarda, istərsə də regional təşkilatlarda daima bir-birilərini dəstəkləyiblər. İkitərəfli və üçtərəfli diplomatik formatda yeni regional əməkdaşlıq platforması yaratmağa nail olublar”, - deyə K.Qafarov bildirib.
Daha sonra Milli Məclisin deputatı qeyd edib ki, ölkələrimiz arasınada münasibətləri tənzimləyən vacib məqamlardan biri də Azərbaycan və Gürcüstanın qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalarıdır: “Hazırda Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Hər iki ölkədə baş verən proseslər, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər əməkdaşlıq münasibətlərinin daha da yaxşılaşdırılmasına təkan verir. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış ediblər. Münasibətlərdə ən əsas məqamlardan biri də budur ki, Azərbaycan və Gürcüstan hər zaman qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyiblər. Təsadüfi deyil ki, 2020-ci ilin sentyabr-noyabr aylarında da Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində atdığı addımları ilk dəstəkləyən dövlətlərdən biri də Gürcüstan olmuşdu. Qonşu ölkə qətiyyət nümayiş etdirərək işğalçı Ermənistana silah daşıyan dövlətlərə hava və quru nəqliyyat koridorunu bağlamışdı ki, bu da əsl dostluq və səmimi qonşuluq mövqeyinin nümayişi idi. Məhz bu güclü amil belə deməyə əsas verir ki, iki qonşu ölkə arasında münasibətlər bundan sonra da bütün sahələr üzrə inkişaf edəcək və hər iki xalqın maraqlarının təmin olunması üçün daha yaxşı perspektivlər yaranacaq. Təsadüfi deyil ki, bu gün Gürcüstandan iki ixrac neft kəməri və iki ixrac qaz kəmərimiz keçir. Gürcüstanla Azərbaycanı, hər şeydən əvvəl, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASECA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Həmin layihələr hər iki ölkəni bir-birinə strateji cəhətdən bağlayır. Perspektivdə Şərqdən-Qərbə yükdaşımalarda Azərbaycanın əhəmiyyətli paya sahib olmasını təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti qonşu ölkədən keçir. Bunu da nəzərə almaq lazımdır ki, pandemiyadan əvvəlki dövrdə Gürcüstana gələn turistlərin arasında Azərbaycanlılar əhəmiyyətli paya sahib olublar”.
Sonda Kamaləddin Qafarov bunu da bildirib ki, görüş zamanı parlamentlərarası əlaqələr üzrə dostluq qrupları arasında əməkdaşlığın intensivləşdirilməsinin vacibliyi, qanunverici orqanlar arasında münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib: “Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev də qeyd edib ki, hər iki ölkənin qanunverici orqanları dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Azərbaycan və Gürcüstan parlamentlərində fəaliyyət göstərən dostluq qrupları arasında mütəmadi əlaqələrin qurulması qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından da çox önəmlidir. Ümid edirəm ki, postpandemiya dövründə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əlaqələrimizin daha da güclənməsinə təkan verəcək”, - deyə Kamaləddin Qafarov öz fikirlərini tamamlayıb.