Zaur Tarverdiyev: 2018-ci il prezident seçkilərindən sonra yeni mərhələyə daxil olan islahatlar prosesi uğurla davam edir
Sumqayıt maşın bazarının müdiri Zaur Tarverdiyev Azərbaycanın uğurlarını şərtləndirən amillərdən geniş bəhs edərək bildirib ki, davamlı inkişafın təmin edilməsi təkmil islahatların həyata keçirilməsini, idarəetmə sistemində yenilikləri əsas tələb kimi qarşıya qoyur. Reallıq budur ki, islahatlara alternativ yoxdur: “Zaman, dövr dəyişirsə, qarşımızda yeni vəzifələr, çağırışlar dayanırsa, islahatlar qaçılmazdır. Azərbaycanın islahatçı, yenilikçi, innovasiyalar ölkəsi kimi beynəlxalq aləmdə nüfuz qazanması da bu təkmilləşmələrə əsaslanır. Hər bir təkmilləşmənin əsasında ölkəmizin daha da qüdrətlənməsi, güclənməsi, insanların rifahının yüksəlməsi, vətəndaş məmnunluğunun artırılması dayanır. Dünyaya Azərbaycan brendi kimi səs salan “ASAN xidmət”, DOST layihələri də ölkəmizin idarəetmə sistemində yeniliklərə nə qədər maraqlı olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyev bu hədəfi daim önə çəkir ki, Azərbaycanın bütün sahələrdə təcrübəsi nümunə olmalıdır.”
9 fevral 2020-ci ildə islahatlar siyasətinin davamı kimi növbədənkənar parlament seçkilərinin keçirilməsi də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı: “Hakimiyyətin hər üç qolunda- icra, qanunvericilik və hüquq-mühafizə sahəsində həyata keçirilən islahatlar ölkəmizin qarşısında yeni imkanlar açır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti və bu xəttin son 18 ildən artıq dövrdə dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi tərəqqisi, bu fonda güclü sosial siyasəti, ordu quruculuğu, beynəlxalq nünasibətlər sistemində yeri və rolu ilə diqqətdədir. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumaqla inkişaf modelinin özəlliklərini də təqdim edir.”
Zaur Tarverdiyev ölkə Prezidenti İlham Əliyevin 10 mart 2020-ci il tarixində VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışından bəhs edərək bu məqamı xüsusi qeyd edib ki, dövlət başçısı yeni tərkibdə formalaşan parlamentin, deputatların qarşısında dayanan vəzifələri açıqladı: “Bir mühüm məqamı da nəzərə alsaq ki, 2020-ci il, eyni zamanda, Azərbaycanın öz torpaqlarına qovuşduğu, 30 ilin işğalına son qoyduğu ildir, son bir ildən artıq dövrün reallıqları sırasında işğaldan azad edilmiş ərazilərmizdə həyata keçirilən bərpa və quruculuq işləri dayanır, bu halda yeni mütərəqqi qanunların qəbulu bir zərurət kimi ortaya qoyulur. Təbii ki, burada əsas diqqət iqtisadi islahatların dərinləşdirilməsinə yönəldilir.”
“Tarixi Zəfərimiz bir sıra mühüm məqamların, reallıqların təqdimatı oldu” söyləyən Zaur Tarverdiyev bildirib ki, ölkəmizdə siyasi dialoq mühiti mövcuddur: “Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində formalaşan çoxpartiyalı parlament siyasi sistemin təkmilləşdirilməsinə, partiyalar arasında əlaqələrin inkişafına öz töhfəsini verməyə çalışır. Dövlət başçısı İlham Əliyevin qeyd edilən çıxışında səsləndirdiyi “Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz” çağırışını önə çəkərək bu fikri böyük əminliklə qeyd edə bilərik ki, yeni tərkibdə formalaşan parlament bu istiqamətdə lazımı addımları atacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün şərait yaradılır.”
Ümummilli məsələlərdə bütün siyasi partiyaların vahid mövqedən çıxış etməsi günümüzün əsas tələbləri sırasındadır: “44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə 50-dən artıq siyasi partiyanın dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini imzaladıqları birgə bəyanatla təsdiqləmələri də bunun bariz nümunəsidir. Eyni addımı Azərbaycan-Türkiyə müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasında da şahidi olduq. Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyası tarixi Zəfərimizin reallıqları fonunda VII qurultayını keçirərkən 6 siyasi partiyanın YAP-a qoşulmaq qərarı da ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşdığını təsdiqləyir.”
Ölkənin idarə olunmasında, ayrı-ayrı sahələrin inkişafında qanunların rolundan danışan Zaur Tarverdiyev bildirib ki, hər bir qanunun arxasında Azərbaycanda dövlət quruculuğunu təmin etmək, siyasi, iqtisadi və sosial islahatları həyata keçirmək məsələləri dayanır: “Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir. Xalqımız atılan uğurlu addımların nəticəsində əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, zaman islahatların sürətini, dərinliyini, səmərəliliyini təmin etmək, ölkənin inkişafı, xalqın rifahının yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasına nail olmaq üçün başlıca faktorlardan biridir. Bu baxımdan 2018-ci il prezident seçkilərindən sonra yeni mərhələyə daxil olan islahatlar prosesi uğurla davam edir və Azərbaycana möhtəşəm uğurlar qazandırır.”