“Müharibədə zəfər çalmışıq və bu reallıq nəzərə alınmalıdır” - İlham Əliyevin “El Pais” nəşrinə müsahibəsi
Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə vacib görüşlərdən əvvəl İspaniyanın “El Pais” nəşrinə müsahibə verib.
Həmin müsahibənin mətnini təqdim edirik:
- Ermənistanla vəziyyət hansı mərhələdir? Təqribən bir ay öncə sərhəddə ölümlə nəticələnən qarşıdurma baş verib.
- Vəziyyət nisbətən stabildir. Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında vəziyyət Azərbaycan-Ermənistan sərhədində olduğundan daha stabildir. Təəssüf ki, Ermənistan revanş cəhdlərindən əl çəkmir. Onlar üçün 44 günlük müharibədə məğlubiyyət çox ağrılı idi; ideoloji əsaslarına və demək olar ki, “30 il ərzində məğlubedilməz ordudan, əsgər və komandirlərinin gücündən, şücaətindən” danışan təbliğatlarına görə tamamilə dağıdıcı oldu. 44 günlük müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi.
- Brüsseldəki görüşünüzdən nə gözləyə bilərik?
- Bunu demək çətindir, çünki bu gün daha sonra planlaşdırılan görüşün nəticəsinin necə olacağını görməliyik. Azərbaycanın mövqeyi açıq və aydındır. Biz sülh istəyirik, müharibə yox. Müharibədə zəfər çalmışıq, qalibik və bu reallıq nəzərə alınmalıdır. Həmçinin Qarabağ münaqişəsi həll olunub, Qarabağın statusu və ya buna bənzər hər hansı bir müzakirəyə qayıtmaq olmaz. Bunu özümüz güc və siyasi yolla həll etmişik. Biz BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələri 27 ildən sonra birtərəfli qaydada icra etdik.
- Ermənistandan nə gözləyirsiniz?
- Ermənistan hər cür düşmənçilik hərəkətlərindən və ərazi iddialarından çəkinməlidir. Sülh müqaviləsi üzərində çalışsınlar və artıq 21-ci əsrdə normal davranışa riayət etsinlər. Hər halda, biz qonşuyuq və heç birimiz başqa planetə köçmək fikrində deyilik. Yanaşı yaşamağı öyrənməli və yavaş-yavaş münasibətlərin, o cümlədən insanlar arasında təmasların normallaşması üçün zəmin hazırlamalıyıq. Biz açıq şəkildə dedik ki, buna hazırıq. Amma indiyədək heç bir müsbət siqnal almamışıq. Mənə elə gəlir ki, Ermənistanda daxili vəziyyət, onların cəmiyyətində şişirdilmiş gözləntilər və hərbi-siyasi vəziyyətin qeyri-real qiymətləndirilməsi səbəbindən müharibədə uduzduqdan sonra yaranmış məyusluq və ümidsizlik onlarda bir növ psixoloji travma yaradıb.
- Hazırkı qaz böhranını necə təhlil edirsiniz və sizcə, Aİ və region bu problemi necə həll edə bilər?
- Hazırkı qaz qiyməti böhranının, əgər belə demək mümkünsə, səbəbini, bilmirəm. Açığı, mənə maraqlı deyil. Biz üzərimizə düşənlə məşğul olmuşuq: neft-qaz sektoruna milyonlarla dollarlıq investisiyalar cəlb etmişik, həmçinin XXI əsrin əsas infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi üzərində işləyirik və bu layihə ötən ilin son günündə başa çatıb. O vaxtdan Avropaya ixracımız başladı. Bizim böyük təbii qaz yataqlarımız var və Avropaya ənənəvi təbii qaz tədarükü ilə müqayisədə daha qısa nəql marşrutumuz var. Bizim qazımız Avropa bazarları üçün yenidir, çünki dediyiniz kimi, Aİ-də və Aİ-nin üzvü olmayan bəzi Avropa ölkələrində hasilat azalır. Hamımız bilirik ki, bəzi ölkələrin enerji strategiyası ilə bağlı qəbul etdikləri bəzi qərarlar səbəbindən Avropada təbii qaza tələbat artacaq. Burada da Azərbaycan özünü etibarlı tərəfdaş, Avropanın dostu və bütün infrastruktur işlərini artıq başa vurmuş bir ölkə kimi təqdim edir - təsəvvür edin, Bakıdan İtaliyaya 3500 kilometrlik qaz kəməri, onun bir hissəsi dənizin dibindədir. Hər şey hazırdır və qaz nəql olunur. Bizə ancaq Avropa Komissiyası və üzv dövlətlərlə, bizdən daha çox qaz almaq istəyənlərlə və ya bizdən yeni qaz almaq istəyənlərlə sıx əməkdaşlıq edib danışıqlara başlamaq qalır.
- Rusiya Prezidenti Vladimir Putinlə söhbətinizdə o, Sizə yeni dəhlizin Rusiya qazına alternativ olması ilə bağlı narahatlığını ifadə edibmi?
- Açığı, sizə deyə bilərəm ki, biz bu məsələni heç vaxt müzakirə etməmişik. İldə bir neçə dəfə mütəmadi olaraq görüşür və davamlı olaraq telefonla danışırıq, amma o, heç vaxt bu məsələni qaldırmayıb. Bu rəqabət məsələsi çox şişirdilib və heç bir əsas olmadan siyasiləşdirilib. Bizim qaz təchizatımız Rusiya ilə heç bir şəkildə rəqabət apara bilməz.