Müharibə əleyhdarları Ermənistandan qaçır - Paşinyan terror təhdidi ilə üz-üzə
- 30-11-2021, 10:53
- Siyasət
- 0
- 176
Sülh anlaşması gecikdikcə ölkədən işçi qüvvəsinin köçü sürətlənir; əcnəbi politoloq: “İrəvan vaxtı uzatsa, sülh müqaviləsini daha ağır şərtlərlə imzalamalı olacaq...”
2021-ci ilin sonuncu ayına daxil oluruq. Əfsus ki, 44 günlük müharibədən 1 ildən artıq ötməsinə rəğmən, Ermənistanla sülh müqaviləsi imzalamaq mümkün olmayıb, bölgədə nəqliyyat yolları, kommunikasiyalar, Zəngəzur dəhlizi açılmamış qalır. “Dəmir yumruğ”un və dəmir məntiqin şərtlərinə uyğun surətdə bunun da altını ən çox ermənilərin özləri və geydirmə dövlətləri çəkir.
“Sputnik-Armeniya”dakı məqalə bu xüsusda diqqət çəkir. Sitat: “2021-ci ilin 9 ayı ərzində Ermənistanı 103 min vətəndaş tərk edib və geri qayıtmayıb. 2017-ci ilin 9 ayı ərzində 75 min, 2018-ci ildə 42 min, 2019-cu ildə 36 min vətəndaş ölkəni tərk etmişid. Rəqəmlərdən göründüyü kimi, inqilabdan sonra mühacirət azalıb. Amma indi mənzərə bambaşqadır və birmənalı demək mümkün deyil ki, köçün səbəbi inqilabdan gözləntilərin baş tutmaması, müharibə və ya müharibədən sonrakı xaosla bağlıdır. İrəvanın ”Zvartnots" hava limanı Rusiya istiqamətləri üzrə uçmaq istəyənlərlə doludur. İlin əvvəli olmadığı üçün güman eləmək olar ki, insanlar ölkədən yalnızca iş axtarmaq üçün çıxıb getmirlər".
*****
Əlbəttə ki, ermənilər Ermənistandan yalnız yaxşı güzəran dalınca getmirlər. Həm də və daha çox sabaha heç bir ümid-inamın qalmaması, sələfləri kimi Paşinyanın cənnət nağıllarının da puç olması və müharibə riskinin qalması səbəbi ilə tərk edirlər. Bəs sabaha niyə ümid yoxdur, müharibə riski niyə hələ də qalır?
Bax, bunu ermənilər toplum olaraq öncə özlərindən soruşsalar, yaxşı olar. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyana çəpik çalan bir xalq onun üçün koronadan qat-qat təhlükəli “miatsum virusu”ndan qurtulubmu? Qurtulmayıbsa, Nikolu ittiham eləməyin yeri varmı?
Bu “virus” qala-qala, Paşinyan Qarabağ məsələsini necə ədalətli çözə bilər(di) ki? Onun belə bir məqsədi, hədəfi zatən, yox idi də. Çünki cəmiyyətdəki dominant ovqatı əla bilirdi. İndi də bilir və terror qurbanı olmaq istəmir. Bəlkə də o nəsə eləməyə çalışır. Rusiyalı politoloq Sergey Markov haqlıdır deyəndə ki, Nikol ürəyində Qarabağdan çoxdan imtina edib. Amma qorxur, öz ermənilərini yaxşı tanıyır axı. Can şirin şeydir...
*****
Doğrudur, bu ilin 20 iyununda, parlament seçkilərində Nikol Paşinyanın partiyası 54% səslə qalib gəlib - müharibə əleyhdarları sayəsində. Ancaq yada salaq ki, bu, səs verənlərin 54%-i idi, ümumi elektoratın isə cəmi 25-26%-ni təşkil edirdi. Sonrakı proseslər də göstərdi ki, Nikolun hansısa kiçicik sülh təşəbbüsünə qarşı belə, daxildə ciddi müqavimət var. Bu da sizə Paşinyanla bağlı “çəhrayı” gözləntilərin boşa çıxmasının aparıcı səbəbi.
Məgər aydın deyil(di)mi ki, Qarabağ problemi tam aradan qalxmadan, daha dəqiqi, qonşularla suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan normal əlaqələr qurulmadan ermənilər nicat tapmayacaq, Ermənistan böhran bataqlığından çıxmayacaq? Xalq, cəmiyyət olaraq ermənilər bu sərt gerçəyi görəsən tərk edirlərmi ki, onların rəhbəri də dərk eləsin və ona uyğun adekvat addımlar atsın, hərəkət eləsin, Bakı və Ankaranın bir ildən çoxdur İrəvana uzatdığı barışıq əlini sıxsın?
Söyləmək çətindir. Hər halda, kapitulyasiyadan bir il sonra Ermənistanda revanşist-avantüristlərin, daşnak-faşistlərin səsinin daha gur gəlməsi nikbinliyə əsas vermir. Bəyəm bu da aydın deyilmi ki, sülh anlaşması gecikdikcə Ermənistanda müharibə xofu qalacaq və get-gedə şiddətlənəcək?
Əslində bu xofu mazoxist qonşular özləri-özlərinə yaradır. Demək, “iqzoy” ölkənin gələcəyi də qaranlıq olaraq qalır. Eyni səbəbdən, ümidləri puç olanlar, yaxud müharibə əleyhdarları Ermənistandan qaçır, kütləvi köç aydan-aya daha böyük miqyas alır.
*****
“Azərbaycan Rusiya, Qərb, Çin və İranın susqun razılığı və Türkiyənin fəal dəstəyi ilə Ermənistan rəhbərliyini divara sıxmaqda və küncə sıxışdırmaqda davam edəcək. İrəvan vaxtı uzatsa, sülh müqaviləsini daha ağır şərtlərlə imzalayacaq”.
Bu sözləri Caliber.az-a tanınmış belaruslu politoloq Mixail Malaş söyləyib.
“Bakı İrəvanı Azərbaycanın ərazi bütövlüyünü təsbit edib möhkəmləndirəcək sülh müqaviləsi imzalamağa məcbur eləməkdədir. İmzalanandan sonra isə hansısa ”erməni Qarabağı"nı xatırlamağa belə, ehtiyac qalmayacaq. Aydındır ki, Ermənistan rəhbərliyi buna hər vasitə ilə əngəl olmağa çalışır. Müqavilə imzalandıqdan sonra erməni siyasətbazların populizminə də yer qalmayacaq. Daha xəstə milli qürur üzərində oynamaq, öz xalqını boş vədlərlə qidalandırmaq mümkün olmayacaq. Onsuz da gec-tez imzalanma baş verəcək", - deyə politoloq vurğulayıb.
Onun qənaaətincə, qonşularla konfliktləri körükləməklə ermənilər öz inkişafları önündə problemlərinə haqq qazandırmaq istəyirlər: “Onlara xarici faktor lazımdır ki, hər şeyi onun ayağına yazsınlar. Ermənilər həm ətrafdakılara, həm də ilk növbədə özlərinə sübut etməyə çalışırlar ki, biz ona görə belə pis gündə yaşayırıq ki, qonşularımız pisdir”.
*****
Ermənistanda qalanların xəstə məntiqini anlamaq üçün aşağıdakı sitata da diqqət yetirməyə gərək var.
“Baş verənlərə görə Paşinyanı günahlandırmağa dəyməz. Onun yerinə istənilən digər şəxs baş nazir olsaydı, eyni vəziyyət olacaqdı. Çünki bütün bəlalarımızın kökündə Rusiya dayanır - hansından ki, artıq bütün ”müttəfiqləri" qaçır".
Bu barədə isə Armenianterport.com-un dünənki redaksiya məqaləsində deyilir.
Biz də elə onu deyirik ki, Paşinyanın yerinə Pişikyan və ya Paikyan da olsa, nəticə dəyişməyəcəkdi və dəyişməyəcək! Hətta daha betər olacaq. Çünki hakimiyyət başçısından öncə ermənilərin təfəkkürü dəyişməlidir. Özü də təcili.
Yəni yenə həmin “virus” məsələsinin üstünə gəlirik ki, əgər üzdəniraq qonşular tuş gəldikləri bunca bəlalarda hələ də xilaskarları Rusiya başda olmaqla (!) hamını suçlu sayır, özlərini zərrəcə günahkar hesab eləmirlərsə, o zaman zillətlərinin davamına da hazır olsunlar. Bunu təkcə dəmir məntiq yox, həm də “Dəmir yumruq” deyir...
Mənbə: Musavat.com