Главная > Səhiyyə > Peyvənd yoluxduruculuq qabiliyyətini kəskin yüksəldir?
Peyvənd yoluxduruculuq qabiliyyətini kəskin yüksəldir?24-03-2021, 12:28. Разместил: admin |
Covid 19 əleyhinə peyvəndlərin hazırlanması üzrə aparıcı mütəxəssis Geyert V. Bosşe-nin məqaləsilə tanış oldum. Öncə, buna görə Xədicə xanıma təşəkkür edirəm. İndi isə, Geyert-in yazdıqlarına münasibətim barədə: Müəllif peyvəndləmənin gəti əleyhidarı kimi çıxış edərək, bu halın virusların artan mutasiyasına səbəb olacağına, immun sistemdən yan keçəcəyi, yoluxduruculuq qabiliyyətinin kəskin yüksələcəyi, letallığının kəskin artacağı və idarəolunmaz vəziyyətlə üzləşiləcəyini iddia edir. Əvvəla bildirmək istəyirəm ki, cənab Geyert-in söylədikləri tamamilə əsassız, yanlış, insanların stress və qorxuya salınmasına düşünülmüş şəkildə xidmət edən, xəstə təfəkkürün məhsuludur. Belə ki, məqalə ilə tanışlıq bu insanın tibbi təhsilinin olmadığını, böyük ehtimalla, texniki sahə mütəxəssisi olduğunu göstərir. Əvvəla virus canlı mikrovarlıq deyildir. Çünki canlı varlıq olmanın üç əsas şərti vardır: qenom quruluşuna malik olmaq (viruslar buna sahibdir), təbii yolla bölünüb, nəsl artırmaq qabiliyyətinə malik olmaq (viruslar bundan məhrumdur) və ətraf aləmlə fərdi mübadilə qabiliyyətinə malik olmaq (viruslar bundan da məhrumdur). Odur ki, virusları “canlı həyatın yalnız sərhəddində olanlar” adlandırırlar. Buna görə də, virusun dövrü olaraq mutasiyaya məruz qalmasının yeganə səbəbi, artıb-çoxalmaq üçün canlı hüceyrənin daxilinə girmək istəyidir. Yəni virus maneəsiz olaraq canlı hüceyrəyə daxil ola bilirsə, mutasiyaya məruz qala bilməz. Çünki mutasiya virusun yalnız immun sistemdən yayınaraq canlı hüceyrəyə girmək və ya simbioz yaşamağa xidmət edən, yəni zərurətdən doğan dəyişim şəklidir. Genom dəyişikliyilə müşahidə olunan mutasiya yalnız bir halda, yəni virusun hüceyrəyə girişinə güclü immun müqaviməti yarandıqda baş verir. Peyvənd virusun hüceyrəyə girişinə mane olmur, virus yenə də aktiv şəkildə hüceyrəyə daxil olur, lakin peyvəndin yaratdığı spesifik antitellər virusu anında tanıyır və onu inaktiv hala salır. Nəticədə ya xəstəlik baş vermir, ya da çox yüngül şəkildə keçir. Odur ki, peyvəndin mutasiyaya səbəb olacağını düşünmək belə mənasızdır. Mutasiya ilə antibiotiklərə qarşı rezistentliyin müqayisəsi isə sadəcə savadsızlıqdır. Cünki birincidə genom dəyişikliyi, ikincidə isə dərman müdaxiləsinə dözümlülük və ya tabe olmamaq halı baş verir. Tamamilə fərqli mexanizmlə icra olunan və müqayisəsi elmi məntiqə əsaslanmayan proseslərdir. Təbii anticisimlər, yalnız körpə dünyaya gələndə, anadan aldığı anticisimlərdir ki, müəyyən zamandan sonra parçalanaraq orqanizmdən xaric olur. İnsanda fərdi anticisimlər zaman keçdikcə, yalnız müvafiq infeksiya ilə qarşılaşdıqdan və ya peyvənd aldıqdan sonra əmələ gəlir (məsələn, aylar üzrə körpə uşaqlarda peyvəndləmə aparıldıqda) və genom surəti hüceyrə yaddaşına yazılır. Yəni müəllifin söylədiyi təbii və sünü anticisimlər termini yalnız onun düşündükləridir, reallıq və elmi həqiqət deyil. Bir də ki, cənab Geyert V. Bosşe-nin kimin fondunda işlədiyini və kim tərəfindən maliyyəşdirildiyini və boynuna məsuliyyət götürüb yazdığı bu məqaləyə görə aldığı qonorarı düşünün. Bu haqda az da olsa məlumatlı olsaz, yazdıqlarımı heç oxumaq belə lazım deyildir. Xatırladıram: Geyert V.Bosşe PhD (Bill və Melinda Geytsin Fondu, GlaxoSmithKline Biologicals, GAVI). Musa Qəniyev Tibb elmləri doktoru, professor Вернуться назад |