Главная > Səhiyyə > Azərbaycanda hər kəsin ailə həkimi olacaq
Azərbaycanda hər kəsin ailə həkimi olacaq28-12-2020, 15:03. Разместил: admin |
2021-ci il ərzində icbari tibbi sığorta bütün ölkədə tətbiq ediləcək. İcbari tibbi sığortanın tətbiqi ilə sığortaolunanlar ailə həkiminin xidmətindən yararlana biləcəklər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Ölkə.Az"a verilən məlumata görə, qilə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) sığortaolunanlara ilkin səhiyyə xidmətləri göstərən həkimdir: "Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaş səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə həkimi vətəndaşı müayinə/müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Ailə həkimini seçmək və ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsində qeydiyyata alınma prosesi “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası” əsasında həyata keçirilir. Belə ki, ailə həkimini seçmək üçün sığortaolunan yaşadığı ərazi üzrə ən yaxın olan ilkin səhiyyə xidmətini göstərən dövlət tibb müəssisəsinə (poliklinika/Ailə Sağlamlıq Mərkəzi/kənd həkim məntəqəsi) müraciət etməlidir. Ərizə formasını doldurmalı və qeydiyyatçıya ərizə ilə yanaşı, şəxsiyyət vəsiqəsini, eləcə də yaşadığı ünvan üzrə qeydiyyata dair sənədi təqdim etməlidir. Ailə həkimini seçərək sığortaolunan tibb müəssisəsində qeydiyyata alınır. Sığortaolunan ailə həkimini seçmək və məhdudiyyət qoyulmadan dəyişməkdə sərbəstdir. Lakin sığortaolunan eyni zamanda iki və ya daha çox tibb müəssisəsinə qeydiyyat üçün müraciət edə bilməz. Vətəndaş qeydiyyata alındığı tibb müəssisəsini öz arzusu ilə qeydiyyata alındığı gündən etibarən azı 1 (bir) təqvim ili keçdikdən sonra dəyişə bilər. Şəxsin yaşadığı ərazi dəyişildiyi halda isə yeni ərazidəki tibb müəssisəsinə yuxarıda göstərilən vaxt məhdudiyyəti nəzərə alınmadan qeydiyyata alınmaq üçün müraciət olunmalıdır". Вернуться назад |