Главная > Səhiyyə > Yollara səpilən xlor məhlulunun təsiri insanı komaya da sala bilər — Dezinfeksiyanın riskləri
Yollara səpilən xlor məhlulunun təsiri insanı komaya da sala bilər — Dezinfeksiyanın riskləri11-07-2020, 12:52. Разместил: admin |
Bu günə qədər koronavirusla əlaqəli paytaxt Bakı üzrə 7 dəfə kütləvi dezinfeksiya işləri aparılıb. Bu işlər həm mərkəzi, həm də Bakıətrafı qəsəbələrin küçələrini əhatə edib. Asfaltlara tökülən tonlarla xlor maddəsinin insan orqanizminə zərərlərindən də şikayət edənlər var. Bəzən paytaxt sakinləri dezinfeksiya məhlullarının iyisini götürə bilmədiklərini, hətta nəfəs almaqda çətinlik çəkdiklərindən şikayət edirlər. "Ölkə.Az" bildirir ki, səhiyyə eksperti Adil Qeybulla “Report”a açıqlamasında deyib ki, dezinfeksiya məhlulu olan yerdə, onun buxarlanması dövründə insanların çölə çıxması məsləhət deyil: “Bunun üçün də əvvəlcədən əhaliyə xəbərdarlıq edilir ki, bu müddət ərzində küçədə gəzmək olmaz. Bütün hallarda dezinfeksiya məhlullarının iyisi insan orqanizmi üçün ziyanlıdır. Misal olaraq, adi xlor məhlulunun belə böyük miqdarda bədənə daxil olmağı həm zəhərlənmə verə bilər, həm də qıcıqlanmaya səbəb ola bilər”. A.Qeybulla əlavə edib ki, müxtəlif məqsədlə istifadə olunan bütün dezinfeksiya maddələrinin insan orqanizmi üçün toksik təsiri var: “Xüsusilə də dezinfeksiya məhlulunun böyük doza istifadəsinin təsiri daha böyükdür. Ona görə də mülki vətəndaşlar belə halda çölə çıxmamalıdır. Bu zaman küçədə olan şəxsdə yanaşı gedən hər hansı xəstəlik varsa, onda problem daha ciddi özünü biruzə vermiş olar. Sağlam insanlara isə maddələrin təsiri onların aldığı dozadan asılı olaraq təsir göstərmiş olur. İlk olaraq halsızlıq, sonra isə hətta komaya düşmə qədər ağır fəsadı müşahidə edilmə ehtimalı var. Əgər məhlulun dozası artıq olarsa bir neçə dəfə nəfəs almaq kifayətdir. Yəni maddənin tərkibinin dozasının az və ya çox olmasından asılıdır. Məsləhət görərdim ki, ev və məişət şəraitində dezinfeksiya məhlulunun istifadəsində belə maska istifadəsi zəruridir”. Dezinfeskiya işləri nə qədər ərazini əhatə edib və hansı intervalla aparılmalıdır? Bu məsələ ilə bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən bildirilib ki, dezinfeksiya ediləcək küçələri mütəxəssislər daha çox ictimai nəqliyyatın istifadəsi və piyadaların çoxluğuna görə müəyyən edir: “Dezinfeksiya işləri başlayan vaxt ilk dəfə 150 küçə deyilmişdisə, bu rəqəm 200-ün üzərində oldu. Son gücləndirilmiş dezinfeksiya işlərində isə 544 küçə təmizləndi. Həmin küçələr də xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilib. Mütəxəssislərin rəyinə görə dezinfeksiya işlərində istifadə olunan məhlulların insan orqanizminə mənfi təsiri yoxdur. Çünki həmin məhlullar mütəxəssislərin təlimatlarına uyğun olaraq su ilə qarışdırılır”. Həmçinin qeyd olunub ki, küçələrin gücləndirilmiş dezinfeksiya işləri iki həftədən bir aparılmalıdır: “Hər dezinfeksiya işlərinin arasında 12-14 günlük ara məsafəsi mütləqdir”. Bəs rəsmi qurumlara dezinfeksiyanın mənfi təsiri barədə müraciət daxil olubmu? Bakı Şəhər Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov dezinfeksiya işlərini ancaq qapalı məkanlarda, eləcə də koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanalarda, poliklinikalarda apardıqlarını bildirib: “Dərmanlarımız Səhiyyə Nazirliyindən alınır və hamısının da sertifakatı var. Bu günə qədər də heç bir mənfi təsiri barədə bizə məlumat daxil olmayıb. Dezinfeksiya müddətindən 1 saat keçənə qədər həmin yerlərdən istifadə olunmaması barədə tövsiyələrimizi də veririk”. Mərkəz rəhbəri vurğulayıb ki, xəstəxanalarda xəstə olan palatalarda bu işlər həyata keçirilmir: “Bu gün ocaqlı yerlərin dezinfeksiya işləri ilə məşğuluq. Xəstəxanadan bizə məlumat verilir ki, palata boşdur gəlin. Ümumilikdə isə dezinfeksiya etdiyimiz yerlər 2-3 həftədən bir yenidən dezinfeksiya olunmalıdır”. Bakıda koronavirus xəstələrini daşıyan bütün təcili tibbi yardım avtomobillərini, eləcə də Səhiyyə Nazirliyinin ev şəraitində müalicə alan xəstələrə dərman paylayan və şübhəli xəstələrdən götürülən nümunələri laboratoriyaya çatdıran nəqliyyat vasitələrinin hamısının mütləq şəkildə mərkəzdə dezinfeksiya edildiyinə diqqət çəkən A.Məmmədov belə edilmədi təqdirdə həmin maşınların növbəti çağırışa gedə bilmədiyini qeyd edib: “Hamısı dezinfeksiya olunur və arayış verilir. Yalnız bundan sonra çağırışa getmələrinə icazə verilir. Bu günə qədər işçilərimiz arasında heç bir koronavirusa yoluxan yoxdur, çünki bütün qaydalara ciddi riayət edilir. Qoruyucu vasitələrlə təmin edilmişik və növbəti dezinfeksiya işlərini görmək üçün istifadə edilən vasitələr mütləq şəkildə yenilənir”. Rəsmi qurumlar dezinfeksiya məhlulunun elə bir ciddi fəsadı olmamasını deyərək eyni zamanda insanları ehtiyyatlı olmağa çağırır. Ancaq yenə də tonlarla xlorlu məhlulun yalnız avtomobillərin hərəkət etdiyi asfalta səpilməsinin nə dərəcədə effektiv olması barədə məsələ ictimaiyyət arasında müzakirə edilərək qalır. Вернуться назад |