Главная > --- > Aqiyə Naxçıvanlı: “Qarabağ Universiteti Azərbaycan xalqına möhtəşəm hədiyyədir”

Aqiyə Naxçıvanlı: “Qarabağ Universiteti Azərbaycan xalqına möhtəşəm hədiyyədir”


21-09-2024, 15:45. Разместил: admin
Aqiyə Naxçıvanlı: “Qarabağ Universiteti Azərbaycan xalqına möhtəşəm hədiyyədir”


“Ölkə Prezidenti cənab İlham Əliyevin keçən ilin noyabr ayında imzaladığı sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması təkcə həmin bölgədən olan keçmiş məcburi köçkün vətəndaşlarımız üçün deyil, bütün xalqımız üçün sonsuz sevinc və fəxarət mənbəyidir. Əlbəttə ki, bu sərəncam Qarabağın ali təhsil ənənələrinin bərpasına və bundan sonrakı inkişafına möhkəm zəmin yaratmaqla, bu bölgədə müasir dövrün, regionumuzda və dünyada yaranmış yeni reallıqların tələblərinə uyğun yüksək ixtisaslı, müasir dünyagörüşünə malik kadrların hazırlanması işinə əvəzsiz töhfə olacaq. Eyni zamanda da Qarabağ Universiteti Vətən müharibəsində və keçən il keçirilmiş lokal antiterror tədbirində Azərbaycanın əldə etdiyi tarixi qələbələrin real mücəssəməsi kimi xalqımıza dövlətimizin başçısı tərəfindən təqdim olunan layiqli hədiyyədir. Bu universitetin işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyətə başlayan ilk ali təhsil müəssisəsi kimi tarixə düşməsi isə onun önəmini dəfələrlə artırır. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyev sentyabrın 20-də Xankəndidə Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə keçirdiyi görüş zamanı etdiyi çıxışında bu ali təhsil müəssisəsinin yaradılmasını tarixi hadisə kimi qiymətləndirmişdir.”

Bu sözləri VI çağırış Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı mətbuata verdiyi açıqlamasında deyib.

Müsahibimiz öz fikirlərini davam etdirərək bildirib ki, Qarabağ Universitetinin yaxın bir neçə ilə ölkəmizin aparıcı ali məktəblərindən birinə çevrilməsi üçün möhkəm zəmin mövcuddur: “İlk növbədə Qarabağ Universitetinin tələbələri üçün inşa edilmiş gözəl yataqxana binaları diqqəti cəlb edir. Burada yaradılan şərait tələbələrin həm dərs hazırlıqlarının, həm də asudə vaxtlarının yüksək səviyyədə təşkil olunmasına imkan verir. Bundan başqa isə növbəti üç ildə universitetin yeni tədris korpusları inşa ediləcək. Bu barədə dövlətimizin başçısı öz çıxışında bildirib. Bütün bunlar deməyə əsas verir ki, Qarabağ Universitetinin bir neçə ilə ölkəmizin aparıcı ali məktəblərindən birinə çevrilməsi üçün əlverişli zəmin hazırlanıb. Bununla belə, unutmaq lazım deyil ki, digər ali təhsil müəssisələri kimi, Qarabağ Universitetinin də ən vacib funksiyası gənclərimizə müxtəlif sahələrdə dərin biliklər verməklə yanaşı, həm də onların düzgün, xalqımızın və ölkənin milli maraqlarına uyğun dünyagörüşlərinin formalaşdırılmasından ibarətdir. Cənab Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, 44 günlük Vətən müharibəsi Azərbaycan cəmiyyətində mövcud olan sarsılmaz və möhtəşəm birliyi bütün dünyaya nümayiş etdirdi. İndi isə əsas vəzifə bundan ibarətdir ki, gələcək nəsillər də bu birliyi qoruyub saxlasınlar və daha da möhkəmləndirsinlər. Buna görə də gənc nəsil ilk növbədə, milli ruhda tərbiyə almalıdır, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdır. Ən əsası, biz heç bir halda gənclərimizin hansısa kənar qüvvələrin təsiri altına düşməsinə yol verməməliyik. Gənclər heç kimin şirin vədlərinə aldanmamalıdırlar və bunun üçün bütün cəmiyyət öz imkanlarını səfərbər etməlidir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini sona çatdırıb.


Вернуться назад