Главная > --- > Sahib Məmmədov: “1991-ci il 3 sentyabr tarixi Ulu Öndərimizin böyük siyasətə qayıdışı və xilaskarlıq missiyasının başlanğıcıdır”
Sahib Məmmədov: “1991-ci il 3 sentyabr tarixi Ulu Öndərimizin böyük siyasətə qayıdışı və xilaskarlıq missiyasının başlanğıcıdır”3-09-2024, 10:05. Разместил: admin |
“Dönüb keçmişə baxdıqda, Azərbaycanın tarixini vərəqlədikdə hər səhifəsində xalqımızın kimliyi, mənliyi ortaya çıxır. Hədəflərini düzgün qiymətləndirməsi, qəti və ağıllı qərarlar verməsi, sərrast seçimi və öz güclü liderini müəyyənləşdirməsi xalqımızın yetkinliyinin, dərin zəkasının və kamilliyinin göstəricisidir. Həm də qədirbilən Azərbaycan xalqı hər zaman ona xidmət etmiş, tarixində dərin izlər qoymuş şəxsiyyətlərini unutmur, adını daim uca tutaraq ehtiramla yad edir. Həqiqətən də, çox xoşbəxtik ki, bütün bu müsbət keyfiyyətlələrə sahib Azərbaycan xalqının nümayəndələriyik. Bizi ağlasığmaz bəlalardan xilas edən, xalqımız üçün müasir müstəqil dövlət qurub-yaradaraq onu dönməz inkişaf yoluna çıxaran fenomen şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müqəddəs adı hər bir azərbaycanlının dilinin əzbəridir. Xalqımız öz oğlu Heydər Əliyevin kimliyini düzgün dəyərləndirdi, ali missiyasına yüksək qiymət verərək özünün Ümummilli Lideri elan etdi. İlk əvvəldən başlayaraq Ulu Öndərimiz kiçik və böyüklüyündən asılı olmayaraq hansı vəzifədə çalışırdısa, gördüyü işlərlə o vəzifəyə böyük nüfuz və hörmət qazandırırdı, siyasi şəraitdən asılı olmayaraq milli hisslərini cəsarətlə qoruyurdu. Xalqımızın bu dahi oğlu sovet hakimiyyəti illərində hələ Dövlət Təhlükəsizliyi Komitəsinin şöbə rəisi olarkən bütün çətinliklərə rəğmən, bu orqanda sağlamlaşma işləri aparır, gənc milli kadrları işə qəbul edir və irəli çəkirdi. Həmin dövr üçün bu işin nə qədər çətin və təhlükəli olduğu, hətta həyatı bahasına başa gələ biləcəyi heç kimə sirr deyil. Amma Heydər Əliyevin Vətəninə və xalqına olan sonsuz sevgisi imkan verirdi ki, bu cür cəsarətli addımları ata bilsin. Çünki onun doğulduğu gündən bir amalı var idi: Azərbaycan üçün yaşamaq. Elə də yaşadı, mənalı və şərəfli ömrünün hər bir məqamını öz xalqına həsr etdi. Onun Azərbaycan üçün gördüyü işlərin miqyasına baxanda bir anlıq düşünürsən ki, bunu bir ömrə necə sığışdırmaq olar?! Heydər Əliyevin fenomenliyi, unikallığı da məhz bunda idi”. Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov deyib. “Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilənə qədər respublikamızda vəziyyətin ağır, xalqımızın sosial durumunun son dərəcə aşağı olduğu tarixdən məlumdur. Demək olar ki, Azərbaycan ittifaq ölkələri arasında xeyli geri qalmış, əsasən zəif inkişaf etmiş kənd təsərrüfatı respublikası kimi tanınırdı. Lakin belə çətin və ağır bir dönəmdə güclü şəxsiyyət, peşəkar təşkilatçı və cəsarətli rəhbər Heydər Əliyevin iş başına keçməsi ilə hər şey dəyişdi, Azərbaycanın üzərində Günəş parlamağa başladı və hər yeni sabah əvvəlkindən daha işıqlı göründü. 1969-1982-ci illərin statistikası göstərir ki, bu müddət ərzində respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı, həmçinin əmək məhsuldarlığı 2 dəfə, kənd təsərrüfatında əmək məhsuldarlığı 1,8 dəfə, istehsal olunan məhsulun ümumi həcmi 2,7 dəfə, xalq istehlakı mallarının istehsalı isə 3 dəfə artmışdır, 213 yeni iri sənaye müəssisəsi istismara verilmişdi. Bakı Məişət Kondisionerləri və Bakı Dərin Özüllər zavodları və digər bu kimi nəhəng müəssisələr məhz Ulu Öndərin fədakar əməyi, yorulmaz fəaliyyəti və ittifaq miqyasında olan şəxsi nüfuzu sayəsində Azərbaycanda inşa olunmuşdur. Yeri gəlmişkən, həmin nəhəng müəssisələr bu gün də iqtisadiyyatımızın güclənməsinə, xalqımızın rifahının yüksəlməsinə xidmətini uğurla davam etdirir. Həmin dövrdə Heydər Əliyev şəxsiyyətinin diqqətində olan vacib məsələlərdən biri də əhalinin mənzil şəraitinin yaxşılaşdırılması idi. On dörd ildə respublika əhalisinə 376,1 min yeni tikilmiş mənzil verilmişdi. Elə bir sfera yox idi ki, Ulu Öndərimizin diqqətindən kənarda qalsın. Bütün sahələr üzrə respublikamızın hər yerində inkişaf, tərəqqi yaşanırdı, əhalinin sosial vəziyyəti durmadan yüksəlirdi. 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbərliyi, ümumiyyətlə, qədimlərə söykənən şərəfli tariximizdə yeni mərhələnin əsasını qoydu, müstəqilliyimizə istiqamətlənən şanlı bir yol çəkdi. O, həmin dövrdə yenidən qurduğu və inkişaf etdirdiyi respublikanın sakinlərini gördüyü genişmiqyaslı işlərlə əmin etdi ki, biz heç kimdən asılı olmadan tam müstəqil yaşaya bilərik. Bununla o, hər bir azərbaycanlının qəlbində azadlıq çırağı yandırdı və müstəqil Azərbaycana olan ümidləri artırdı”, - AHİK sədri bildirib. Onun sözlərinə görə, Heydər Əliyev Moskvada - SSRİ rəhbərliyində çalışarkən də hər zaman Azərbaycanı və onun xalqını düşünürdü, diqqət və qayğısını respublikamızdan əsirgəmirdi: “O həmçinin sülhsevər siyasətin təbliği, proseslərə ədalətli yanaşma tərzi, humanist qərarları və nəcib addımları ilə bir azərbaycanlı olaraq bütün ittifaq miqyasında böyük hörmət qazanmış, nümunəvi və məsuliyyətli işi ilə mənsub olduğu xalqın nüfuzunu qaldırmışdır. Nə vaxta qədər Heydər Əliyev rəhbər vəzifələrdə idi ermənilər və ermənipərəst qüvvələr səslərini belə çıxara bilmirdilər. O, Vətənimizi bütün gözlənilən və gözlənilməyən təhlükələrdən ləyaqətlə qoruyurdu. Heydər Əliyev xain plan nəticəsində sovet rəhbərliyindən uzaqlaşdırılsa da, xalqımızın ona olan münasibəti dəyişmədi, sübut etdilər ki, Heydər Əliyev kimi böyük şəxsiyyətlər bütün vəzifələrin fövqündə durur”. “1991-ci il 3 sentyabr tarixinin xalqımızın taleyində xüsusi yeri və önəmi var. Belə ki, həmin gün Ulu Öndərimiz Heydər Əliyev Naxçıvanda deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə muxtar respublikanın Ali Məclisinin Sədri seçildi. Bu, böyük siyasətə qayıdış və xilaskarlıq missiyasının başlanğıcı idi. Ulu Öndərimiz mübarək qədəmləri ilə ayaq basdığı hər bir yerə yalnız uğur və intibah gətirirdi. Onun misilsiz xidmətləri, gərgin zəhməti və yuxusuz gecələri sayəsində blokada şəraitində olan Naxçıvanda həyat dirçəlməyə başladı, sabitlik təmin edildi, sosial-iqtisadi vəziyyət yaxşılaşdı. Həmçinin Ermənistanın bu gözəl diyarımıza qarşı hazırladığı bütün çirkin planlar iflasa uğradı. Bu siyasət nəhənginin sədrliyi ilə Naxçıvan parlamenti muxtar respublikanın adından "Sovet Sosialist" sözlərin götürdü, üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağımızı Vətən göylərinə qaldırdı. Bu, ölkəsini azad və müstəqil görmək arzusu ilə yaşayan, bütün fəaliyyəti bunu hədəfləyən Ulu Öndərimizin dəmir iradəsinin, sarsılmaz qətiyyətinin və uzaqgörənliyinin nəticəsi idi. Heydə Əliyev bununla göstərdi ki, başqa yolumuz yoxdur, ancaq müstəqil Azərbaycan”, - Sahib Məmmədov qeyd edib. Konfederasiya sədri vurğulayıb ki, müstəqillik qazandıqdan sonra xalqımızın qarşısında duran başlıca vəzifə ölkəmizi düşdüyü dərin siyasi böhrandan xilas etmək, güclü dövlət qurmaq, Ermənistanın hərbi təcavüzünü dayandırmaq və işğal altında qalan torpaqları azad etmək idi. Bütün təzyiqlərə, çaşdırıcı təbliğatlara, boş və mənasız vədlərə baxmayaraq, xalq yekdilliklə 1993-cü ildə ortaya qəti mövqe qoyaraq Heydər Əliyevi məhv olmaq üzrə olan dövlətinin başına gətirdi. Və əmin idi ki, ən düzgün qərar və yeganə çıxış yolu budur. Xalqımızın hansı təfəkkürə sahib olduğunu, qəbul etdiyi qərarların əhəmiyyətini hadisələrin sonrakı inkişafı və qazanılmış nailiyyətlər bir daha sübut etdi. Ulu Öndər böyük səbirlə, məntiqi ardıcıllıqla və böyük qətiyyətlə bütün ümidləri layiqincə doğruldaraq qədirbilən xalqının Ümummilli Liderinə çevrildi. Onun müəyyən etdiyi dövlətimizin inkişaf strategiyası bugünkü qüdrətli Azərbaycandır. Heydər Əliyevin siyasi kursunu layiqincə davam və inkişaf etdirən, onun yarımçıq qalan arzularını reallaşdıran dövlətimizin başçısı cənab İlham Əliyev öz peşəkar idarəçiliyi, dərin siyasi zəkası və düşünülmüş addımları ilə Azərbaycanı yerləşdiyi coğrafiyanın əsas aparıcı ölkəsi səviyyəsinə qaldırıb, dünyada böyük söz sahibinə çevirib. O, xalqına verdiyi bütün vədləri vaxtında və dəqiq yerinə yetirərək onu müzəffər etdi, ilk dəfə Ulu Öndərimizin Naxçıvanda ucaltdığı Azərbaycanın Dövlət Bayrağını qeyrət qalamız Şuşada, namus tacımız Xocalıda, Laçında, Xankəndidə, ümumilikdə Şərqi Zəngəzurda və Qarabağda əzəmətlə və qürurla pərvazlandırdı. Əminik ki, cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz və xalqımız hələ qarşıda daha böyük hədəflərə çatacaq və yüksək zirvələr fəth edəcək”. Вернуться назад |