Главная > --- > Eldar Quliyev: “Prezident İlham Əliyevin xarici siyasətinin əsas hədəflərindən biri də Türk dünyasının planetin qlobal güc mərkəzlərindən birinə çevrilməsidir”

Eldar Quliyev: “Prezident İlham Əliyevin xarici siyasətinin əsas hədəflərindən biri də Türk dünyasının planetin qlobal güc mərkəzlərindən birinə çevrilməsidir”


13-07-2024, 10:13. Разместил: admin
Eldar Quliyev: “Prezident İlham Əliyevin xarici siyasətinin əsas hədəflərindən biri də Türk dünyasının planetin qlobal güc mərkəzlərindən birinə çevrilməsidir”


ƏVVƏLİ BURADA

Bugünkü buraxılışımızda Azərbaycanın ilk növbədə Türk Dövlətləri Birliyinin dünyanın aparıcı güc mərkəzlərindən birinə çevrilməsi prosesində önəmli rolu, ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı kimi aparıcı beynəlxalq təsisatlarla qurduğu tərəfdaşlıq və dostluq münasibətləri, eləcə də ölkə ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

- Məlumdur ki, Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələri saxlayan çox sayda Avropa ölkələri arasında Macarıstan xüsusi mövqeyə sahibdir. Bu mövqe digər amillərlə yanaşı həm də Orban hökumətinin Türk Dövlətləri Təşkilatının işində yaxından iştirakı ilə müəyyən edilir. Hətta bu mövqeyə görə Avropa İttifaqının rəhbərliyi tərəfindən açıq-aşkar qısqanclıq və narahatlıq hissləri də ifadə olunur. Bu barədə nə deyə bilərsiniz?


- Macarıstan 2018-ci ildən etibarən Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvüdür. Sizinlə tam razıyam ki, bu hal Qərb dairələrində olan bəzi mürtəce qüvvələri son dərəcə narahat edir. O cümlədən, bu ilin may ayının 15-də İstanbulda TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ilə Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri Peter Siyartonun görüşü zamanı “Birgə fəaliyyət planı”nın imzalanması, Macarıstanın Baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Şuşa Sammitində iştirakı və Sammit çərçivəsində Təşkilata üzv ölkələrin rəhbərləri ilə ikitərəfli formatda danışıqlar aparması Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbərliyi tərəfindən qeyri-adekvat qarşılanıb. Hətta Josep Borrel Viktor Orbanı türk dövlətlərinin zirvə toplantısına getməsinə görə tənqid etməkdən belə çəkinməyib. Əlbəttə ki, Sammitdə çıxış edən Macarıstanın Baş nazirinin Qərb və Şərq arasında əməkdaşlıq üçün TDT-ni çox mühüm təşkilat kimi gördüyünü bildirməsi, “regionda minlərlə insana sülh şəraitində yaşamaq imkanı verdiyinə” görə Azərbaycan prezidenti cənab İlham Əliyevə təşəkkür etməsi və belə bir fürsətin Avropada “mümkün qədər tez” yaranacağına ümid etdiyini deməsi anti-Azərbaycan əhval-ruhiyyəli Borreli narahat etməyə bilməz. Məlumdur ki, hazırda Macarıstanın Avropa İttifaqına iyul ayında başlayacaq sədrliyi dövründə TDT-Aİ əlaqələrinin inkişafı istiqamətində atılacaq addımlar və Macarıstanda keçirilməsi planlaşdırılan tədbirlər intensiv şəkildə müzakirə olunur. Bütün bunlar isə türkəfob əhval-ruhiyyəsini Avropada mümkün qədər daha geniş coğrafiyada yaymağa çalışan qüvvələrin planlarına uyğun gəlmir. Lakin bütün bunlara rəğmən, Macarıstan TDT və təşkilata üzv ölkələrlə çoxşaxəli əməkdaşlığını daha da gücləndirməkdə qətiyyətli olduğunu birmənalı şəkildə bəyan edib.

- Eldar müəllim, elə bilirəm Azərbaycanın xarici ölkələrlə əlaqələrinin, xüsusilə də iqtisadi əlaqələrinin formalaşmasında məhz enerji mənbələri amilinin əsas rol oynadığını söyləsəm səhv etmərəm. Keçən ayın əvvəllərində Bakıda növbəti dəfə keçirilmiş Bakı Enerji Həftəsi beynəlxalq tədbirini nüfuzunun getdikcə artmasını da bunun daha bir təsdiqi kimi qəbul etmək olarmı?

- Mən deyərdim ki, Bakı Enerji Həftəsi bu gün artıq təkcə regionda deyil, eləcə də bütün dünyada enerji sahəsində ən önəmli qlobal beynəlxalq platformalardan biri hesab olunur. İyun ayında keçirilmiş tədbir çərçivəsində Bakı Ekspo Mərkəzində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışı olub. Məlum olduğu kimi, bu beynəlxalq tədbir hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçiləri öz platformasında bir araya gətirir. Xəzər neft-qaz sərgisi ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayır. Bakı Enerji Həftəsi dövlətimizin enerji siyasətinin neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji də daxil olmaqla bütün seqmentlərini əhatə edir. Etiraf olunmalıdır ki, bu gün Avropanın enerji təhlükəsizliyində ən önəmli və aparıcı rolu hələ də məhz təbii qaz təchizatı oynayır. Buna görə də Azərbaycanın bu qitədə enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsi həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruridir.

- Yeri gəlmişkən, Bakı Enerji Həftəsinə Avropa ictimaiyyətinin böyük marağı iyun ayının 21-də “Euronews” televiziyasında yayımlanan reportajda da öz əksini tapıb...

- Tamamilə doğrudur. Bu gün Azərbaycanla, ölkəmizin karbohidrogen ehtiyatları ilə bağlı istənilən məsələ Avropa ictimaiyyəti üçün getdikcə daha böyük önəm kəsb edir. Bunun əsas səbəbi əlbəttə ki, ilk növbədə Avropa İttifaqının enerji təhlükəsizliyində ölkəmizin oynadığı rolun önəminin durmadan artmasıdır.Bu baxımdan, “Euronews” televiziyasında yayımlanan reportajda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müsahibəsinə xüsusi yer ayrılması da kanalın günün nəbzini düzgün tutmaq bacarığına malik olduğunu deməyə əsas verir. Dövlət başçımızın dediyi kimi, Azərbaycan bu gün nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Bu seqmentdə dünyanın aparıcı şirkətlərindən olan “Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır.Azərbaycan digər ənənəvi enerji resurslarına malik olan dövlətlərə nümunə göstərərək COP29-a ev sahibliyi edəcək ölkə kimi öz üzərinə yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq öhdəliyi də götürüb. Əlbəttə ki, bu sahədə böyük nailiyyətlərə imza atmaq üçün hər bir ölkənin strateji tərəfdaşlara ehtiyacı ola bilər. Azərbaycan bu gün “Masdar”, “ACWA Power” və BP timsalında belə tərəfdaşlara və sərmayədarlara malikdir. Bütün bu məsələlər Avropa ictimaiyyətini ilk növbədə özlərinin enerji təhlükəsizliyinin təminatı baxımından son dərəcə maraqlandırmaya bilməz.

- Eldar müəllim, yəqin mənimlə razılaşarsınız ki, iyul ayında ölkə ictimaiyyəti tərəfindən diqqətlə izlənən və maraqla müzakirə olunan ən mühüm hadisələrdən biri də cənab Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirakı oldu...

- Tamamilə sizinlə razıyam. İlk növbədə qeyd edim ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Çinin Şanxay şəhərində təsis olunub. Ərazisinə və əhalisinin sayına görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olması isə bu təsisatın yüksək nüfuzunu şərtləndirən əsas amillərdən biridir. Azərbaycan hazırda bu təşkilatın dialoq tərəfdaşı statusuna malikdir. Cari ilin 3 iyul tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş ŞƏT-ə üzv ölkələrin dövlət başçıları səviyyəsində Zirvə toplantısındadövlət başçımızın iştirakı ölkəmizin və şəxsən cənab Prezident İlham Əliyevin yüksək nüfuzundan xəbər verir. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidenti təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında da iştirak edib.

- Dövlət başçımızın iyulun 4-də Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə etdiyi çıxışında səsləndirdiyi fikirləri necə şərh edə bilərsiz?

- Azərbaycan artıq uzun illrdir ki, ŞƏT-ə üzv ölkələrlə həm ikitərəfli formatda, həm də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir. Öz çıxışında cənab Prezident ilk növbədə bu məqamı xüsusi olaraq qeyd etdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib və ölkəmiz cənab Prezident İlham Əliyevin həyata keçirdiyi son dərəcə uğurlu xarici siyasət sayəsində bu imkanı uğurla reallaşdırmaqdadır. Həmçinin öz çıxışında dövlətimizin başçısı bir daha qeyd etdi ki, Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Ölkəmizin 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurlu sədrliyi təşkilatın qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi, Hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi, habelə Qadın Platformasının əsasını qoydu.Cənab Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, Bakıda keçiriləcək COP29 çərçivəsində Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərini əsirgəməyəcək və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacaq. Məhz Azərbaycanın bu prinsipial və ədalətli mövqeyi ölkəmizin beynəlxalq nüfuzunun günü-gündən artmasını şərtləndirən əsas amillərdəndir.

- Eldar müəllim, özünüz də qeyd etdiniz ki, Azərbaycan ŞƏT-ə üzv ölkələrlə həm də ikitərəfli formatda münasibətlərini uğurla inkişaf etdirir. İstərdim bu barədə bir qədər daha ətraflı danışasınız.

- Bilirsiniz ki, Azərbaycan dövlətinin xarici siyasətində Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bu regionda Şanxay Əməkdaşlıq Təşkilatının təsisçi ölkələrindən olan Tacikistanla münasibətlər də ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ilə Tacikistan arasında etibarlı əməkdaşlıq əlaqələrinin formalaşmasında ölkə rəhbərlərinin qarşılıqlı səfərləri ən vacib amil kimi çıxış edib. Bu əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Bu gün də səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında öz əksini tapır. Daha bir önəmli məqam ölkələrimiz arasında münasibətlərin parlamentlər səviyyəsində də uğurla davam etdirilməsilə bağlıdır. Hazırda Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur.
Bundan başqa, hazırda Azərbaycanın Çin Xalq Respublikası ilə münasibətləri yüksələn dinamika ilə inkişaf edir. Ölkəmizin hər gün daha da möhkəmlənən beynəlxalq mövqeləri, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əldə olunan siyasi və iqtisadi nailiyyətlər Çin kimi qlobal güc olan dövlətin də ölkəmizə maraq və diqqətini artırır. ŞƏT-in Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunması da ölkələrimiz arasında əlaqələrin inkişafına çox önəmli bir töhfədir. Bəyannamədə qeyd olunan vacib məqamlardan biri budur ki, ölkələriniz strateji tərəfdaşlıq qurur, ikitərəfli münasibətlərin təməl prinsipləri olan qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıqdan çıxış edirlər. Həmçinin Bəyannaməyə görə, Azərbaycan və Çin bir-birini prioritet və etibarlı tərəfdaş hesab edir və xarici amillərdən asılı olmayaraq ikitərəfli münasibətlər üzrə siyasətlərini müstəqil şəkildə müəyyənləşdirirlər. Beləliklə, Azərbaycan ŞƏT-in demək olar ki, bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir.

- Bu gün Azərbaycanın həqiqətən də ən yüksək səviyyədə dostluq və qardaşlıq münasibətləri saxladığı ölkələrdən biri də Pakistan İslam Respublikasıdır. İyulun 11-də Prezident İlham Əliyevin bu qardaş ölkəyə etdiyi dövlət səfərinin nəticələri barədə hansı fikirlərinizi paylaşmaq istərdiniz?

- Azərbaycan və Pakistan arasında artıq uzun illərdir ki, dərin tarixi, mədəni və dini köklər əsasında qurulmuş möhkəm dostluq əlaqələri, çoxşaxəli münasibətlər mövcuddur. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Vacib məqamlardan biri budur ki, Pakistan istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi zamanı hər zaman Azərbaycana güclü siyasi dəstək göstərib və bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Hazırda Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə uğurla davam etdirilir və hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Birmənalı olaraq demək lazımdır ki, iyul ayının 11-də cənab Prezident İlham Əliyevin Pakistana etdiyi rəsmi dövlət səfəri bu əlaqələrin daha da dərinləşməsinə və möhkəmlənməsinə yeni təkan verəcək. Bu gün bütün dünyada məhz güc amili getdikcə daha qabarıq formada ön plana çıxmaqdadır. Ona görə də istənilən bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qarantı kimi yalnız həmin ölkənin güclü hərbi potensial çıxış edə bilər. Məhz bu səbəbdən də Azərbaycan və Pakistan rəhbərləri arasında aparılan müzakirələrdə müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi yer alıb. Qeyd etmək lazımdır ki, Qarabağ problemində hər zaman ölkəmizin mövqelərini dəstəkləyən Pakistana Azərbaycan da öz növbəsində daim Cəmmu və Kəşmir məsələsində dəstək verib. Bu məqamda belə bir tarixi faktı xatırlamaq yerinə düşər ki, hələ 1996-cı ildə Ulu Öndər Heydər Əliyev Pakistanda rəsmi səfərdə olduğu zaman Azərbaycan və Pakistan Prezidentləri Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-brilərini dəstəklədiklərini bəyan etmişdilər. Eynilə iyul ayının 11-də İslamabadda mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev ölkəmizin bu prinsipial və ədalətli mövqeyini bir daha təsdiqlədi və bildirdi ki, Azərbaycan hər zaman qardaş Pakistanın, onilliklər boyunca hüquqları pozulmuş Kəşmirlilərin yanında olacaqdır.

- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə həm oxucularımız adından, həm də bütün redaksiya heyətimiz adından səmimi minnətdarlığımızı bildirirəm. Sağ olun, sağlıqla qalın.

- Mən də sizə dolğun və məzmunlu suallarınıza görə təşəkkür edirəm. Sağ olun.

Söhbətləşdi: Azər Məmmədov


Вернуться назад