Главная > --- > Eldar Quliyev: “Prezident İlham Əliyevin xarici siyasətinin əsas hədəflərindən biri də Türk dünyasının planetin qlobal güc mərkəzlərindən birinə çevrilməsidir ”
Eldar Quliyev: “Prezident İlham Əliyevin xarici siyasətinin əsas hədəflərindən biri də Türk dünyasının planetin qlobal güc mərkəzlərindən birinə çevrilməsidir ”12-07-2024, 11:02. Разместил: admin |
Bu gün bütün dünyada müşahidə olunan qlobal əhəmiyyətli hadisələrin getdikcə daha çox ziddiyyətli xarakter alması, yeni dünya düzəni kimi təqdim edilən, əslində isə qlobal güclərin öz təsir dairələrini genişləndirmək uğrunda apardıqları mübarizənin növbəti şəkildəyişməsi olan proseslərin planetin müxtəlif nöqtələrində mütəmadi olaraq yeni münaqişə ocaqlarının yaranması ilə müşayiət olunması dünyada yeni güc mərkəzlərinin yaranmasını şərtləndirir. Xüsusilə dünya liderliyinə iddialı olan bəzi Qərb ölkə rəhbərlərinin son vaxtlar islamofob və türkəfob əhval-ruhiyyəli fikirləri qlobal miqyasda təlqin etmək cəhdləri hadisələrin hər an proqnozlaşdırıla bilinməyəcək məcraya keçə bilmə ehtimalını getdikcə yüksəldir. Belə bir vəziyyətdə Azərbaycan Prezidentinin Türk dünyasının vahid ailə olaraq öz birliyini daha da gücləndirməsinin, iqtisadi və hərbi qüdrətini artırmasının vacibliyini vurğulayan bəyanatları getdikcə daha çox özünün aktuallığı və məqsədyönlüyü ilə diqqətləri cəlb edir. Azərbaycan özünün zəngin enerji resurslarını və coğrafi yerləşməsindən yaranan üstünlükləri Türk dünyasının daha da güclənməsi naminə səfərbər edərək bu istiqamətdə mühüm təşəbbüslərlə çıxış edir. Eyni zamanda da ölkəmiz bütün dünyada sülhün və davamlı inkişafın bərqərar olması istiqamətində səylərini davam etdirir. Bütün bunlar Azərbaycanın ən nüfuzlu beynəlxalq təşkilatların işinə getdikcə daha intensiv şəkildə cəlb olunmasını şərtləndirir. Bugünkü buraxılışımızda Azərbaycanın ilk növbədə Türk Dövlətləri Birliyinin dünyanın aparıcı güc mərkəzlərindən birinə çevrilməsi prosesində önəmli rolu, ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı kimi aparıcı beynəlxalq təsisatlarla qurduğu tərəfdaşlıq və dostluq münasibətləri, eləcə də ölkə ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır. - Xoş gördük Sizi, Eldar müəllim. Yenidən Sizinlə görüşmək bizə çox xoşdur və bu müsahibəyə razılıq verdiyinizə görə Sizə bütün redaksiyamız adından dərin təşəkkürümüzü bildiririk. Əminəm ki, bugün regionumuzda və dünyada gedən prosesləri diqqətlə izləyən ictimai-siyasi xadim olaraq, Siz də Azərbaycanın Türk dünyasının daha da güclənməsinə yönəlmiş səylərini getdikcə artırdığının fərqindəsiniz. İlk növbədə mən məhz bu tendensiya barədə fikirlərinizi öyrənmək istərdim. Bu siyasət ölkəmizə nə vəd edir? - Mən də sizi ürəkdən salamlayıram və yenidən görüşməyimizdən məmnun olduğumu bildirmək istəyirəm.İlk növbədə birmənalı olaraq bu danılmaz və təkzibolunmaz həqiqəti diqqətə çatdırmağı özümə borc bilirəm ki, bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi istər daxili, istərsə də xarici siyasətin hər bir istiqaməti yalnız və yalnız Azərbaycanın milli mənafelərinin, xalqımızın maraqlarının təmin olunmasına xidmət edir. O cümlədən ölkəmizin Türk dünyasının daha da güclənməsinə yönələn səyləri də təbii ki, istisna deyil. Müasir dünyada güc amilinin getdikcə daha çox həlledici faktor kimi çıxış etməsi Türk dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsini vacib şərt kimi önə çəkir. Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqaməti də məhz bu məqsədə xidmət edir. Məhz bu baxımdan iyulun 6-da Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü də Türk dünyasının daha da güclənməsi istiqamətində atılmış növbəti mühüm addım kimi qiymətləndirilməlidir. Əlbəttə ki, Türk dünyasının birləşməsi sadəcə bizim deyil, bütün türkdilli xalqların gələcəyi üçün son dərəcə önəmlidir. Buna görə də Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr bu istiqamətdə böyük səylər göstərməlidirlər və bunu da edirlər. Öz növbəsində Azərbaycan üzv olduğu bütün digər beynəlxalq təşkilatlardakı kimi, Türk Dövlətləri Təşkilatında mühüm təşəbbüslərlə çıxış edir. Şuşada keçirilən qeyri-rəsmi Sammit də məhz bu təşəbbüslərdən biridir. Zirvə görüşündə çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə ciddi səylər göstərdiyini diqqət mərkəzinə çəkdi və bildirdi ki, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. - Həqiqətən də cənab Prezident İlham Əliyev öz çıxışlarında Türk dünyasının bir ailə olduğunu və bizim başqa ailəmizin olmadığını hər zaman vurğulayır. Bununla belə Azərbaycanın xarici siyasətində bizimlə əməkdaşlıq etmək istəyən digər ölkələrlə də dostluq münasibətlərinin qurulması məsələsinə xüsusi önəm verilir... - Əlbəttə ki, müasir dünyada, xüsusən də yeni dünya düzənin formalaşdığı və özəlliklə bu prosesin qlobal miqyasda kifayət qədər ağrılı bir şəkildə getdiyi bir dövrdə heç bir ölkə beynəlxalq aləmdən təcrid olunmuş formada nə inkişaf edə bilməz, nə də öz təhlükəsizliyini təmin edə bilməz. Azərbaycanın isə bütün bunlardan başqa digər vacib missiyaları da vardır. Məsələn, elə götürək bu gün dünyanın, xüsusən də Avropanın bir çox ölkələrində yaşayan soydaşlarımızın maraqlarının müdafiəsi məsələsini. Təbii ki, həmin ölkələrlə münasibətlər nə qədər yaxşı olarsa, orada yaşayan azərbaycanlıların da cəmiyyətdəki mövqeləri daha stabil və güclü olar. Başqa bir məsələ Azərbaycanın digər ölkələrlə əməkdaşlıq əlaqələrini inkişaf etdirməklə özünün beynəlxalq nüfuzunun yüksəlməsinə nail olmasıdır. Diqqət edirsinizsə, Azərbaycan xüsusilə son bir neçə ildə Avrasiya məkanında gedən proseslərə həqiqətən də böyük təsir imkanları əldə edib. Bu əlbəttə ki, digər amillərlə yanaşı həm də ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolu ilə, Avropa ilə Asiyanı qovuşduran mühüm tranzit ölkəsinə çevrilməsi ilə təmin olunur. Başqa sözlə desək, Azərbaycanın beynəlxalq arenada fəallığı ölkəmizə və xalqımıza böyük dividentlər qazandırır və bunu qətiyyən nəzərə almamaq olmaz. - Eldar müəllim, bu ilin may ayında Azərbaycana Slovakiya, Bolqarıstan, Belarus kimi ölkələrin rəhbərləri səviyyəsində edilən səfərlərin ölkələrimiz arasında ikitərəfli münasibətlərə nə kimi töhfə verəcəyi barədə qısa da olsa Sizin fikirlərinizi eşitmək bizim üçün çox maraqlı olardı... - Tamamilə doğru qeyd etdiniz ki, son vaxtlar Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrini qurmaq və inkişaf etdirmək istəyən ölkələrin sayı durmadan artır. Bu da əlbəttə ki, az öncə də qeyd etdiyim kimi, ilk növbədə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanın Avropada strateji tərəfdaşları var və onların da sayı artmaqdadır. O cümlədən may ayının 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana səfəri və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ölkəmizin Avropada strateji tərəfdaşlarının sayının daha bir ölkə artmasına səbəb olacaq. Təsadüfi deyil ki, Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimindən sonra mətbuata Slovakiyanın Baş naziri ilə birgə verdiyi bəyanatında cənab Prezident İlham Əliyevxüsusi olaraq vurğuladı ki, imzalanmış Bəyannamə çox ciddi və ölkələrimiz arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran siyasi sənəddir. Bəyannamədə əks olunan maddələr tərəflərin niyyətini əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. -Siz tamamilə doğru olaraq Azərbaycanın Avropada strateji tərəfdaşlarının sayının getdikcə artmasını qeyd etdiniz. Bilirik ki, bu ölkələrdən biri də məhz Bolqarıstandır. Bu ölkə strateji tərəfdaşlığın Azərbaycan üçün hansı önəm kəsb etməsi məsələsini necə şərh edə bilərsiz? - İlk növbədə deməliyəm ki, 2015-ci ildən strateji tərəfdaşımız olan Bolqarıstanla əlaqələrin formalaşmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Bolqarıstan Prezidenti Rumen Radevin şəxsi münasibətləri, dövlət başçılarının müntəzəm xarakter daşıyan görüşləri mühüm rol oynayır. Bu görüşlərin, qarşılıqlı səfərlərin hər biri iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə və şaxələnməsinə xidmət edir. Təsadüfi deyil ki, hazırda Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Əlbəttə ki, Prezident Radevin 8 may tarixində ölkəmizə növbəti rəsmi səfəri də bu tərəfdaşlığın dərinləşməsinə mühüm töhfə verəcək. Cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda qeyd olunduğu kimi, Azərbaycan ilə Bolqarıstan arasında mövcud olan fəal və səmərəli dialoq bütün istiqamətlər üzrə əlaqələrin genişlənsinə və dərinləşməsinə möhkəm zəmin yaradır.Azərbaycan və Bolqarıstan çoxtərəfli institutlar vasitəsilə də uğurlu əməkdaşlıq edirlər. Məsələn, hər iki ölkə Azərbaycanın Bolqarıstan da daxil olmaqla Cənub-Şərqi Avropa ölkələri ilə əlaqələrinin inkişafına köməkedən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür. Sofiya həmçinin Bakının NATO ilə tərəfdaşlığının intensivləşdirilməsini fəal şəkildə təşviq edir və Azərbaycanın təşəbbüslərini dəstəkləyir. Digər tərəfdən də Azərbaycanla əməkdaşlıq Bolqarıstanınuzun illər davam edən Moskvadan asılılığını azaltmaq üçün mühüm amil kimi çıxış edir. Məhz bu məqsədlə Bolqarıstan Azərbaycanla strateji enerji əməkdaşlığına başladı və Yunanıstan-Bolqarıstan İnterkonnektorunun tikintisi bu istiqamətdə həlledici addım oldu. Eyni zamanda da bu əməkdaşlıq təkcə Sofiyanın daxili tələbatı üçün yox, həm də Ukrayna müharibəsinə görə neqativ çağırışlarla üzləşmiş Avropanın daha geniş enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir. - Eldar müəllim, yəqin mənimlə razılaşarsınız ki, Azərbaycanın keçmiş SSRİ-nin tərkibində olmuş ölkələrlə münasibətlərinin formalaşdığı müstəvi bir qədər fərqli formata malikdir. Bu baxımdan Azərbaycan-Belarus münasibətlərinin hansı məqamları daha çox diqqətinizi cəlb edir? - Belarus Respublikası Azərbaycanın ənənəvi olaraq səmimi dostluq və əməkdaşlıq əlaqələri saxladığı ölkələrdən biridir. 70 il ərzində keçmiş SSRİ tərkibində müttəfiq respublikalar kimi mövcud olmaları əlbəttə ki, Belarus-Azərbaycan münasibətlərinə təsirsiz ötüşə bilməzdi. Qeyd olunmalıdır ki, Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyib və hərbi sahədə ölkələrimiz arasında sıx əməkdaşlıq mövcuddur. Ümumiyyətlə ölkələrimiz arasında əlaqələr kifayət qədər geniş sahəni əhatə edir. Bura təhlükəsizlik, iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı dəstək kimi strateji əhəmiyyətkəsb edən sahələr də aiddir. Şübhə yoxdur ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun may ayının 16-da Azərbaycana etdiyi növbəti dövlət səfəri mövcud əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə səbəb olacaq. Cənab Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, çox uzaq olmayan gələcəkdə Belarus-Azərbaycan münasibətlərinin yeni perspektivləri görünəcək, yeni müəssisələr və iş yerləri açılacaq, əməkdaşlığın yeni istiqamətləri müəyyənləşəcək. Dövlət başçısı həmçinin Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etdiyini bildirdi. Əlbəttə ki, Belarusun zəngin şəhərsalma təcrübəsinin, müasir texnologiyalarının, aqroşəhərciklərin tikintisi təcrübəsinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiqi çox yüksək səmərə verə bilər. Bir sözlə Azərbaycan-Belarus münasibətlərinin bundan sonra daha yüksək dinamika ilə inkişaf edəcəyi heç bir şübhə doğurmur. (ardı var...) Söhbətləşdi: Azər Məmmədov Вернуться назад |