Главная > --- > Səttar Möhbalıyev: “Qarabağ Bəyannaməsi TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsində mühüm rol oynayacaq”
Səttar Möhbalıyev: “Qarabağ Bəyannaməsi TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsində mühüm rol oynayacaq”8-07-2024, 10:43. Разместил: admin |
“Şuşa şəhəri Azərbaycanın qəhrəmanlıq rəmzi, qeyrət qalasıdır. Uzun illər işğal altında qalsa da, düşmənlər tərəfindən talan edilsə də, təbii gözəlliyini, əzəmətini, milli kimliyini itirmədi. Xalqımızın isə bu şəhərə məhəbbəti ilbəil artdı. Çünki Şuşa inşa olunduğu vaxtdan ona göz dikən yadellilərə qarşı qətiyyətlə döyüşərək tariximizdə qəhrəmanlıq salnaməsi yazıb, ədəbiyyatımızın, musiqimizin inkişafına əsaslı töhfələr verib, Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Şuşanın azad edilməsi uğrunda aparılan döyüş, tətbiq olunan taktika, əsgər və zabitlərimizin rəşadəti qəhrəmanlıq tariximizdə yeni bir səhifə açdı və Ordumuzun gücünü, nələrə qadir olduğunu bütün dünyaya göstərdi. Hazırda isə Vətənimizin bu gözəl məkanı digər işğaldan azad edilmiş ərazilərimiz kimi bərpa edilir, dirçəlir, hətta artıq öz sakinlərini belə qoynuna alır. Şuşalıları öz yurdunda görmək hər birimizi fərəhləndirir. Aparılan bütün tikinti-quruculuq prosesinə Şərqi Zəngəzuru və Qarabağı bizə yenidən qaytaran müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etməsi görülən işlərin sürətli və sistemli xarakterindən, keyfiyyətindən xəbər verir. Bu dəfə də Prezidentimiz Şuşada bir sıra obyektlərin - “İsa bulağı” istirahət kompleksinin, Aşağı Gövhər Ağa məscidinin, sutəmizləyici qurğular kompleksinin, Dövlət Xidmətləri Mərkəzinin, eləcə də Xankəndidə hotellərin açılışını etdi. Görürük ki, sakinlərin rahat və xoşbəxt yaşaması, oralara üz tutacaq yerli və xarici turistlərin mənalı istirahəti üçün dövlətimiz tərəfindən hər cür zəruri şərait yaradılır”. Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. “Bu dəfə Şuşa mötəbər və son dərəcə əhəmiyyətli tədbirə - Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə evsahibliyi ilə dünya gündəmini zəbt etdi. Bu, onu göstərir ki, Şuşa həm də Türk dünyasının mərkəzi rolunda çıxış edir, müzakirələrin aparıldığı, vacib qərarların verildiyi məkana çevrilir. Ölkəmizə gələn dost və qardaş ölkələrin rəhbərlərinin Şərqi Zəngəzura və Qarabağa səfərləri baş tutub, amma Şuşa sammiti işğaldan azad edilmiş ərazilərimizdə reallaşan ən böyük beynəlxalq səviyyəli tədbir kimi tarixə düşdü. Bu Zirvə görüşü eləcə də beynəlxalq ictimaiyyətə Azərbaycanın qısa müddətdə Şuşanı təhlükəsiz bir məkana çevirdiyini göstərir. Həmçinin Türk dövlətləri liderlərinin mədəniyyət paytaxtımızda bir araya gəlməsi işğal dövründə apardığımız diplomatik mübarizədə, 44 günlük Vətən müharibəsində bizə göstərdikləri mənəvi-siyasi dəstəyin davamı və bugünkü Qələbə sevincimizi bölüşmələrinin təzahürüdür”, - AHİK sədri bildirib. Onun sözlərinə görə, qardaş ölkələri birləşdirən TDT artıq dünyada real güc mərkəzinə çevrilib, beynəlxalq siyasi proseslərə təsir imkanları isə günbəgün yüksəlir: “Təbii ki, bu prosesdə dövlətimizin başçısı cənab İlham Əliyevin xidmətləri danılmazdır. Onun milli maraqlara söykənən, müasir dövrün reallıqları və çağırışlarına cavab verən çoxşaxəli siyasətində türk dövlətləri ilə ortaq mənəvi dəyərlərə və müştərək strateji maraqlara əsaslanan münasibətlərin inkişafı prioritet təşkil edir, xüsusilə türk dünyasında əməkdaşlığın dərinləşməsinə, TDT-nin güclənməsinə böyük önəm verir. Yeri gəlmişkən, xatırladım ki, 2009-cu il oktyabrın 3-də imzalanan Naxçıvan Sazişi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasında İlham Əliyev cənablarının ideya və təşəbbüsü mühüm rol oynayıb. Eyni zamanda Prezidentimiz türkdilli dövlətlərin bir-birinə yaxınlaşmasına, təşkilatın fəaliyyətinin genişlənməsinə, nüfuzunun və sıralarının artmasına mühüm töhfələr verib. Bu, dövlətimizin başçısının diplomatik bacarığını və təcrübəsini, böyük təşkilatçılıq qabiliyyətini göstərir. Bundan başqa, Ali Baş Komandan cənab İlham Əliyev işğal altında olan ərazilərimizi azad etməklə türk birliyinə mühüm töhfə verdi və türkün gücünü bütün dünyaya nümayiş etdirdi. Təşkilatın 2021-ci ildə İstanbulda keçirilən VIII Zirvə Görüşündə Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi dövlətimizin başçısının bu istiqamətdə fəaliyyətinə verilən ən ali qiymətdir”. Səttar Möhbalıyev bildirib ki, Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev məntiqli və dərin məzmunlu nitqində TDT-nin əhəmiyyətini vurğulayaraq onun əhatə etdiyi coğrafiyanın miqyasını, üzv ölkələrin iqtisadi və hərbi potensialını, təbii resurslarını və müasir infrastrukturunu qeyd etdi: “Bu, bir daha təsdiqləyir ki, bütün sahələr üzrə böyük potensiala sahib olan Türk dövlətləri birlikdə, həmrəylik göstərərək və vahid mövqedən çıxış edərək dünya siyasətinin mühüm tərəflərindən birinə çevrilir. Cənab İlham Əliyev TDT-nin cari büdcəsinin və strukturunun hədəflərin reallaşdırılması üçün yetərli olmadığı səbəbindən Azərbaycanın Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürdüyünü səsləndirdi. Hər bir məsələdə olduğu kimi, ölkəmiz burada da məsuliyyətli davranaraq təşkilatın səmərəli fəaliyyəti, effektli nəticələrin əldə olunması üçün səylə çalışır, təşkilatın güclənməsinə hərtərəfli dəstək olur. Təbii ki, indiki reallıqlar fonunda Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi üzv dövlətlərinin qarşısında duran vacib məqamlardandır və Azərbaycan bu istiqamətdə mühüm işlər görür. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun illik gücü 5 milyon tona çatdırılıb, Xəzərdə 50-dən çox ticarət gəmisi ilə Azərbaycan tranzit xidmətlərini həyata keçirir, həmçinin Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyətinin 25 milyon tona qədər genişləndirilməsi nəzərdə tutulub. Sözsüz ki, bütün bunlar Türk dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsinə, ticarət dövriyyəsinin artmasına, həmrəyliyin möhkəmlənməsinə xidmət edir”. AHİK sədri Səttar Möhbalıyev açıqlamasında iyulun 6-da Şuşada imzalanan “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”nə də toxunub. Vurğulayıb ki, Bəyannamə mühüm strateji əhəmiyyət daşımaqla üzv dövlətlər arasında tərəfdaşlığı möhkəmləndirəcək, daha iddialı məqsədlərə çatmaq üçün birgə səylərin artırılmasına və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsinə gətirib çıxaracaq. Səttar Möhbalıyev Türk dövlətlərinin həmkarlar ittifaqları səviyyəsində olan münasibətlərindən də bəhs edib: “Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın həmkarlar ittifaqlarının rəhbərləri ötən ilin iyul ayında mədəniyyət paytaxtı Şuşa şəhərində toplaşaraq Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) yaradılması ilə bağlı müqavilə imzaladılar. Həmin ilin sentyabrında Səmərqənd şəhərində Təşkilatımızı təsis etdik. Noyabrda isə Ankarada TDHİT-nin Qurultayı oldu. Əminliklə söyləmək olar ki, təşkilat ölkələrimizin həmkarlar ittifaqları arasında hərtərəfli əməkdaşlığı gücləndirir, əməkçilərin hüquq və mənafelərinin birgə müdafiəsinə böyük töhfələr verir. Həmçinin biz birlikdə zəhmətkeşlərin ayrılmaz hüquqları, həyat səviyyəsinin yüksəldilməsinə çalışır, həmkarlar ittifaqı üzvlərinin mənafelərinin pozulmasına qarşı mübarizədə həmrəylik nümayiş etdiririk”. Вернуться назад |