Главная > --- > Aqiyə Naxçıvanlı: “Azərbaycanın öz üzərinə yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq kimi öhdəlik götürməsi mühüm təşəbbüsdür”
Aqiyə Naxçıvanlı: “Azərbaycanın öz üzərinə yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq kimi öhdəlik götürməsi mühüm təşəbbüsdür”22-06-2024, 19:46. Разместил: admin |
“Avropa İttifaqının enerji təhlükəsizliyində ölkəmizin oynadığı rolun önəminin durmadan artması fonunda qitə ictimaiyyətinin Azərbaycanda gedən proseslərə, xüsusən də enerji sektorunda baş verən qlobal əhəmiyyətli hadisələrə marağı da getdikcə böyüyür. Bu məqam Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən hazırlanmış və iyun ayının 21-də “Euronews” televiziyasında yayımlanan reportajda da öz əksini tapıb. Həmin reportajda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews”a müsahibəsinə xüsusi yer ayrılmışdır. Öz müsahibəsində dövlətimizin başçısı Azərbaycanın yaşıl gündəliyi, ölkəmizdə yaradılmış son dərəcə cəlbedici investisiya mühiti və bir çox digər mühüm məqamlar barədə detallı açıqlamalar verib. Qeyd olundu ki, Azərbaycan bu gün nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Bu seqmentdə dünyanın aparıcı şirkətlərindən olan “Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır.” Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib. Öz fikirlərini davam etdirən deputat daha sonra bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi edəcək ölkə kimi öz üzərinə yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq kimi öhdəlik götürməsi də son dərəcə mühüm və səmərəli bir təşəbbüsdür: “Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycan ənənəvi enerjidən əldə etdiyi gəlirləri bərpaolunan enerji istehsalı sahəsinə yönəldir. Eyni zamanda da Azərbaycan digər ənənəvi enerji resurslarına malik olan dövlətlərə nümunə göstərərək COP29-a ev sahibliyi edəcək ölkə kimi öz üzərinə yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq öhdəliyi də götürüb. Əlbəttə ki, bu sahədə böyük nailiyyətlərə imza atmaq üçün hər bir ölkənin strateji tərəfdaşlara ehtiyacı ola bilər. Azərbaycan bu gün “Masdar”, “ACWA Power” və BP timsalında belə tərəfdaşlara və sərmayədarlara malikdir. Həmçinin Azərbaycan ilə işləməyi planlaşdıran bir çox digər şirkətlər də mövcuddur. Bakı Enerji Həftəsi də bu sektorda ölkəmizin qlobal liderliyini əks etdirir. Tədbirdə 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak etmişdir. Qeyd edək ki, Bakı Enerji Həftəsi artıq 30 ildir ki, keçirilir. Birinci tədbir hələ 1994-cü ildə təşkil olunmuşdur. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Tədbirə ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaq olub və ölkəmiz bu məqsədinə nail ola bilir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb. Вернуться назад |