Главная > --- > Eldar Quliyev: “Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın coğrafi yerləşməsindən yaranan strateji üstünlüyün milli maraqlarımıza xidmət etməsini təmin edir”

Eldar Quliyev: “Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın coğrafi yerləşməsindən yaranan strateji üstünlüyün milli maraqlarımıza xidmət etməsini təmin edir”


6-05-2024, 11:15. Разместил: admin
Eldar Quliyev: “Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın coğrafi yerləşməsindən yaranan strateji üstünlüyün milli maraqlarımıza xidmət etməsini təmin edir”


Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi aktiv xarici siyasət kursu bu gün ölkəmizin paytaxtını sözün əsl mənasında dünyanın aparıcı siyasi mərkəzlərindən birinə çevirib. Bir-birini əvəzləyən qlobal əhəmiyyətli konfrans və forumlar, müxtəlif nüfuzlu tədbirlər Bakını dünyanın diqqətindən yayınmağa qoymur. Əlbəttə ki, bütün bu mühüm hadisələrin fonunda bir tərəfdən də Azərbaycan Prezidentinin davamlı olaraq Avropanın və dünyanın aparıcı ölkə rəhbərlərindən, beynəlxalq təşkilatlardan aldığı dəvətlər, dövlət başçımızın müxtəlif qlobal sammit və toplantılarda iştirakı ölkəmizin hər gün daha da yüksələn nüfuzundan və dünya miqyasında cərəyan edən hadisələrə getdikcə artan təsir imkanlarından xəbər verir.

Bugünkü buraxılışımızda Azərbaycanın ilk növbədə Avrasiya məkanında cərəyan edən proseslərdə rolu, ölkəmizə keçirilən beynəlxalq tədbirlərin milli maraqlarımızın təmin olunması baxımından əhəmiyyəti, eləcə də Azərbaycan ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

- Xoş gördük Sizi, Eldar müəllim. Yenidən Sizinlə görüşmək bizə çox xoşdur və bu müsahibəyə razılıq verdiyinizə görə Sizə bütün redaksiyamız adından dərin təşəkkürümüzü bildiririk. Əminəm ki, bu gün regionumuzda və dünyada gedən prosesləri diqqətlə izləyən ictimai-siyasi xadim olaraq, Siz də Azərbaycanın getdikcə daha çox cərəyan edən hadisələrin mərkəzinə çəkildiyinin fərqindəsiniz. İlk növbədə mən məhz bu tendensiya barədə fikirlərinizi öyrənmək istərdim. Bu aktivlik ölkəmizə nə vəd edir?


- Mən də sizi ürəkdən salamlayıram və yenidən görüşməyimizdən məmnun olduğumu bildirmək istəyirəm. Həqiqətən də 2024-cü ilin ilk yarısı dünyada baş verən bir çox mühüm hadisələrlə kifayət qədər zəngin oldu. Aydındır ki, Azərbaycan ilk növbədə yerləşdiyi coğrafi məkan və sahib olduğu zəngin strateji təbii ehtiyatlar səbəbindən cərəyan edən qlobal proseslərdən kənarda qala bilməz. Bu gün Avropanın Azərbaycan qazına çox böyük ehtiyacı var. Həmçinin bu gün Asiya ölkələrinin öz yüklərini Avropaya çatdırmaq üçün Azərbaycandan keçən və ən təhlükəsiz hesab olunan beynəlxalq nəqliyyat marşrutlarına ehtiyacları var. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən incə düşünülmüş və uğurla həyata keçirilən xarici siyasət strategiyası da Azərbaycanın bu gün sadəcə xəritədə deyil, real həyatda Şərq ilə Qərbin qovşağında əsl kilid məntəqəyə çevrilərək bu strateji üstünlüyün dövlətimizin mənafeyinə və xalqın rifahına maksimum xidmət etməsini təmin edir. O cümlədən dövlət başçımızın müxtəlif ölkələrdə ən yüksək səviyyədə dəvət əsasında iştirak etdiyi, özünün şəxsi təşəbbüsü ilə keçirilən və yaxud da himayə etdiyi mötəbər beynəlxalq tədbirlərin mövzusu və coğrafiyası da bu strategiyanın fəal işləkliyini və yüksək effektivliyini nümayiş etdirir. Bu gün Azərbaycan artıq regional miqyasdan çıxaraq dünya əhəmiyyətli oyunçuya çevrilməkdədir. Həm də bu proses çox sürətlə gedir. Azərbaycan artıq sadəcə qonşu dövlətlər deyil, həmçinin müxtəlif qitələrdə yerləşən ölkələr arasında əlaqələrin yaradılması və möhkəmləndirilməsi kimi qlobal məsələlərin həllində mühüm rol oynamağa başlayır. Əlbəttə ki, bütün bunlar yenə də birbaşa cənab Prezident İliham Əliyevin aktiv siyasi fəaliyyətinin nəticəsidir. Azərbaycan getdikcə güclənir, xalqın rifahı durmadan yüksəlir, dövlətimiz qarşısında duran mühüm vəzifələri ardıcıl şəkildə yerinə yetirir. Gələcəyə dair isə, yalnız bunu deyə bilərəm ki, dövlət başçımızın bu gün atdığı addımların üç, beş, yaxud da on ildən sonra ölkəmizə hansı üstünlükləri qazandıracağını təxmin edə bilmək üçün bugünkü uğurlarımızın əsasında bir neçə il öncə həyata keçirilmiş hansı tədbirlərin durduğunu araşdırmaq kifayətdir.

- Eldar müəllim, məndə artıq əsaslı şübhələr yaranmağa başlayır ki, bizim bugünkü söhbətimiz ənənəvu müsahibə formatından kənara çıxa bilər. Çünki Sizin hər bir məsələ barədə verdiyiniz detallı açıqlamalar mənim bir çox suallarımı da qabaqlayır. Hər halda Sizdən geri qalmamağğa çalışaram. Növbəti sualım Prezident İlham Əliyevin aprel ayının 26-da Almaniyaya etdiyi rəsmi səfərlə bağlı olacaq. Necə bilirsiniz bu səfəri Azərbaycanın Avropada mövqelərini gücləndirən növbəti addım kimi qiymətləndirə bilərikmi?

- Bu birmənalı olarq belədir. Ümumiyyətlə, Ölkə Prezidenti cənab İlham Əliyevin mütəmadi olaraq xaricdə və ölkə daxilində keçirdiyi bütün təkbətək və geniş tərkibli görüşlər, qatıldığı tədbirlər ilk növbədə məhz Azərbaycanın beynəlxalq statusunun yüksəlməsinə, mövqelərinin güclənməsinə dəqiq hesablanıb. Eyni zamanda bunu da mütləq qeyd etmək lazımdır ki, möhtərəm dövlət başçımızın Almaniyaya rəsmi səfəri Azərbaycan Prezidentinin dünya və Avropa liderləri sırasında öz layiqli yeri olan nüfuzlu siyasi xadim olması faktını önə çəkən məqamlarla zəngin olmuşdur. İlk növbədə cənab Prezident İlham Əliyevin “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün birbaşa Federal Kansler Olaf Şoltsdan dəvət alması, həmçinin Berlində Almaniyanın Kansleri və xarici işlər naziri tərəfindən qarşılanması dövlət başçımızın yüksək şəxsi nüfuzunun daha bir təsdiqidir. Mötəbər tədbirdə çıxış edən cənab Prezident bir daha bildirdi ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradır. Həqiqətən də Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatına uğurlu sədrliyi, bu təşkilatın bir çox üzvləri ilə qurulmuş xüsusilə məhsuldar münasibətlər Qlobal Cənub ölkələrini ümumi gündəliyə əlavə etmək üçün unikal imkanlar yaradıb. Buna paralel olaraq Azərbaycanın Avropa ilə əlaqələri kifayət qədər uğurla inkişaf etməkdə və genişlənməkdədir. Ölkəmiz Avropa İttifaqının doqquz üzvü ilə imzaladığı və ya qəbul etdiyi “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr əsasında əməkdaşlığını davam etdirir. Bununla Azərbaycan artıq transkontinental əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə, həmrəyliyin bərqərar olmasına töhfələr vermək imkanlarını nümayiş etdirmiş olur. Bir ölkənin beynəlxalq müstəvidə nüfuzu və gücü də məhz bu kimi amillərlə qiymətləndirilir.

- Dövlət başçımızın Berlində mətbuata bəyanatla etdiyi çıxışında daha hansı məqamlar xüsusilə diqqətinizi çəkdi?

- Əvvəla onu deyim ki, cənab Prezident İlham Əliyevin Berlində istər “İqlim Dialoqunun” Yüksək Səviyyəli Seqmentindəki çıxışında, istərsə də mətbuata bəyanatında ifadə olunan fikirlərin hər biri konkret hədəfə yönəlmiş, bu və ya digər məsələnin müzakirəsinə və həlli yollarının müəyyənləşdirilməsinə hesablanmış mühüm konseptlərdir. Əlbəttə ki, dövlət başçımızın mətbuata bəyanatla etdiyi çıxışında əks olunmuş ən vacib məqamlardan biri də regional təhlükəsizlik və sülh məsələləri ilə bağlı oldu. Cənab Prezident qəti və birmənalı şəkildə bildirdi ki, hazırda Ermənistanla davam edən sülh danışıqlarını Azərbaycan yüksək qiymətləndirir. Artıq Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesinə başlanması, 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndinin geri qaytarılması, Azərbaycanda yaradılmış Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin də artıq öz fəaliyyətini dayandırması – bütün bunlar əlbəttə ki, sülhə doğru atılan önəmli addımlardır. Həmçinin belə bir vacib məqam da nəzərə alınmalıdır ki, ölkəmiz bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürərkən Ermənistan da öz namizədliyini vermişdi. Lakin aparılan danışıqların nəticəsi olaraq Ermənistan ölkəmizin xeyrinə öz namizədliyini geri çəkdi. Dövlət başçımızın dediyi kimi, bu gün sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var və Azərbaycan bütün bu işlərdə səmimi köməklik göstərmək istəyən ölkələrlə əməkdaşlığa hazırdır.

- Eldar müəllim, Rusiya sülhməramlılarının ölkəmizi tərk etmələri ilə bağlı xəbəri necə qarşıladınız. Axı əslində onların missiyalarının müddəti hələ başa çatmayıb?

- Bilirsinizmi, bir qədər qəribə səslənsə də, hərdən belə də olur – müddət hələ davam edir, missiya isə faktiki olaraq artıq başa çatıb. Məsələ bundadır ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra həyata keçirdiyi müvafiq tədbirlərlə sabitliyi, millətlərarası normal əlaqələri təmin etmək iqtidarında olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Ölkəmiz beynəlxalq səviyyədə Azərbaycan vətəndaşlığını qəbul edəcək erməni mənşəli şəxslər üçün bütün təminatları verdi. Həmçinin Azərbaycan hazırda bütün Cənubi Qafqazda sülhün və sabitliyin qorunması istiqamətində lazımi addımları atır. Bu isə o deməkdir ki, faktiki olaraq Rusiya Sülhməramlılarının ölkəmizin ərazisində yerinə yetirməli olduqları heç bir funksiyası qalmamışdır. Qarabağdakı qeyri-qanuni, separatçı rejimin ordumuzun keçən ilin sentyabrında keçirdiyi antiterror tədbiri nəticəsində ləğv olunmasından sonra erməni sakinlərinin böyük bir hissəsi ərazini könüllü sürətdə tərk etdilər. Qalanlar isə Azərbaycan vətəndaşlığını qəbul ediblər. Azərbaycan dövləti tərəfindən onların sosial məsələləri diqqətdə saxlanılır və həll olunur, təhlükəsizlikləri təmin edilir. Azərbaycan Silahlı Qüvvələri bütün əraziyə və sərhədlərə tam nəzarət edir. Artıq nə dövlətçiliyimiz, nə də işğaldan azad olunmuş ərazilərimizdəki sakinlər üçün heç bir təhlükə yoxdur. Məhz bütün bunlar nəzərə alınaraq, Azərbaycan və Rusiya rəhbərləri tərəfindən ölkəmizdə müvəqqəti yerləşdirilən sülhməramlıların vaxtından əvvəl çıxarılması barədə qərar qəbul edildi. Xatırlayırsınızsa, 2020-ci ildə imzalanmış üçtərəfli 10 noyabr Bəyannaməsində Rusiya Sülhməramlıları barədə maddənin yer alımasını bəziləri az qala Azərbaycanın məğlubiyyəti kimi qələmə vermək üçün dəridən-qabıqdan çıxırdılar. Belə fikirlər səsləndirilirdi ki, bu missiya Azərbaycanda Rusiya silahlı qüvvələrinin bazasına çevriləcək və onları artıq bizim ərazilərimizdən çıxarmaq mümkün olmayacaq. Lakin zaman özü bu dəfə də bütün nöqtələri öz yerinə qoydu və cənab Prezident İlham Əliyevin uzaqgörənliyinin, hadisələri onların baş verməsindən bir neçə il öncə istiqamətləndirmək bacarığının real nəticələrini hər kəsə nümayiş etdirdi.

- Elə Rusiya mövzusuna toxunmuşkən, Eldar müəllim, şimal qonşumuzla Azərbaycanın bugünkü münasibətləri və bu münasibətlərin inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?

- Düşünürəm ki, bu suala da birmənalı olaraq cavab vermək olar ki, bu gün Azərbaycan-Rusiya münasibətləri kifayət qədər yüksək səviyyədədir və arzuolunan istiqamətdə də inkişaf edir. Hamımız şahidi olduq ki, ötən il Azərbaycanda olduğu kimi, Rusiyada da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi xüsusi ehtiramla qeyd olundu. Təkcə bu faktın özü artıq ölkələrimiz və xalqlarımız arasında mövcud olan səmimi dostluq münasibətlərinin bir nümayişi idi və Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Belə bir vacib məqamı qətiyyən nəzərdən qaçırmaq olmaz ki, Azərbaycan və Rusiyanın 70 il ərzində vahid ittifaqda yer almaları ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində isə, məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. Bu gün də Azərbaycan-Rusiya əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Artıq iki ildən çoxdur ki, Azərbaycan və Rusiya öz əlaqələrini 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində tənzimləyirlər. Həqiqətən bu mühüm sənəd ölkələrimiz arasında münasibətlərin gələcək ardıcıl inkişafını da müəyyən edir. Bu baxımdan təbii ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına yönəlmiş səyləri mühüm əhəmiyyət kəsb edir. Həmçinin ölkələrimiz arasında bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi”nin imzalanması da iki dost ölkənin gələcəyə baxışlarında ümumi maraqların, yanaşma və mövqe eyniliklərinin kifayət qədər olduğunu deməyə əsas verir. Beləliklə, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təməl üzərində qurulub və hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq xalqlarımızın rifahı naminə inkişaf etdirilir.

(ardı var...)

Söhbətləşdi: Azər Məmmədov



Вернуться назад