Главная > --- > Kamaləddin Qafarov: “Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq”

Kamaləddin Qafarov: “Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq”


29-04-2024, 10:37. Разместил: admin
Kamaləddin Qafarov: “Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq”


“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri çərçivəsində keçirilən beynəlxalq tədbirlər davam edir. Aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmenti də bu tədbirlərdən biri oldu. Ölkə Prezidenti İlham Əliyev Almaniyanın Federal Kansleri Olaf Şoltsun dəvətilə həmin tədbirdə iştirak edib”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, 2023-cü ilin dekabr ayının 11-də keçirilmiş COP28-in plenar iclasında növbəti Tərəflər Konfransının Azərbaycanda keçirilməsinə dair yekdil qərar qəbul edildikdən dərhal sonra dünya mediasının bəzi təmsilçiləri və müəyyən QHT-lər Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin ölkə olaraq COP29-a ev sahibliyi etməsinin məqsədəuyğunluğunu şübhə altına almaq üçün səylər göstərməyə başladılar. “Lakin Prezident İlham Əliyev öz çıxışlarında bu məsələyə dair sağlam düşüncəyə və real məntiqə əsaslanan konkret dəlillər ortaya qoyaraq məhz qazıntı yanacağı ilə zəngin ölkələrin yaşıl enerjiyə keçid və qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizə məsələlərində öndə getmələrinin zəruri olduğunu diqqət mərkəzinə çəkə bildi. Bu məsələ dövlət başçımızın “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində etdiyi çıxışında da öz əksini tapıb. Cənab Prezident bir daha vurğulayıb ki, faydalı qazıntı ilə zəngin olan ölkələr, ilk növbədə, həmin ehtiyatları ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutulan hədəflərə yönəltmələrinə görə dəyərləndirilməlidirlər. Digər tərəfdən, zəngin neft və qaz ehtiyatları olan ölkənin eyni zamanda yaşıl enerji istehsalı ilə bağlı məsələlərdə önə keçməsi təzadların sintezi effektini verərək əlverişli həmrəylik mühiti yarada bilər. Nəzərdən qaçırılması yol verilməz olan daha bir məsələ Avropanın özündə təbii qaza olan tələbatın getdikcə artması ilə bağlıdır. Azərbaycanın nefti və qazı Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına ölkəmizdə qaz ixracı 20 milyard kubmetrə çatmalıdır. Əlbəttə ki, bu geosiyasi durumda həmin məsələ Azərbaycanın məsuliyyətli olmağının təzahürüdür.”

K.Qafarov deyib ki, Prezident İlham Əliyevin aprelin 26-da Berlində mətbuata bəyanatında əks olunmuş ən vacib məqamlardan biri də regional təhlükəsizlik və sülh məsələləri ilə bağlı olub: “Dövlət başçımız qəti və birmənalı şəkildə bildirdi ki, hazırda Ermənistanla davam etdirilən sülh danışıqlarını Azərbaycan yüksək qiymətləndirir. Artıq Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesinə başlanması, 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndinin geri qaytarılması, Azərbaycanda yaradılmış Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin də artıq öz fəaliyyətini dayandırması – bütün bunlar sülhə doğru atılan önəmli addımlardır. Bir vacib məqam da nəzərə alınmalıdır ki, ölkəmiz COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürərkən Ermənistan və Bolqarıstan da öz namizədliklərini vermişdilər. Lakin aparılan danışıqların nəticəsi olaraq əvvəlcə Ermənistan və ondan sonra da Bolqarıstan Azərbaycanın xeyrinə öz namizədliklərini geri çəkdilər. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var və Azərbaycan bu işdə səmimi köməklik göstərmək istəyən ölkələrlə əməkdaşlığa daim hazırdır”.


Вернуться назад