Главная > --- > Səttar Möhbalıyev: “Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir”

Səttar Möhbalıyev: “Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir”


24-04-2024, 17:00. Разместил: admin
Səttar Möhbalıyev: “Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir”


“Hazırda dünya ictimaiyyətini ciddi narahat edən məqamlardan biri də iqlim dəyişikliyidir ki, bu qlobal fəlakətin də acı və dağıdıcı fəsadları artıq özünü göstərməkdədir. Mineral yanacaqlardan geniş istifadə, istixana qazlarının həcminin artması və nəticədə temperaturun yüksəlməsi gözlənilməz və ekstremal hava hadisələrinə, ağır təbii fəlakətlərə səbəb olur. Artıq, bəlkə də, hər gün müşahidə edirik ki, dünyanın müxtəlif yerlərində daşqınlar, sel, meşə yanğınları baş verir, quraqlıqlar isə tüğyan edir. Odur ki, iqlim dəyişikliyi ilə mübarizə dünya dövlətlərinin qarşısında duran başlıca vəzifə olmalıdır. Məlumdur ki, Azərbaycan dünya ilə həmrəylik nümayiş etdirərək bu istiqamətdə fəal iş aparan dövlətlər sırasındadır. Məsələn, dövlətimizin müəyyən etdiyi beş milli prioritetdən biri də təmiz ətraf mühit və yaşıl artımla bağlıdır və bu istiqamətdə aparılan işlər də göz önündədir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını Azərbaycanın təşkil etməsi, habelə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bu siyasətin bilavasitə davamıdır. Aprelin 23-də Bakıda - ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirildi və dövlətimizin rəhbəri cənab İlham Əliyev iştirakçıların suallarını cavablandırdı. Artıq Prezidentimizin qlobal problemlər, regionda real vəziyyət, sülh və təhlükəsizlik, eləcə də digər vacib məqamlarla bağlı dəqiq məlumat və şərhlərinə, dəyərli fikirlərinə beynəlxalq mətbuatda geniş yer ayrılıb. Cənab İlham Əliyev səlis nitqi, məntiqli və aydın çıxışı ilə aktual məqamlara toxundu və iştirakçıların suallarını cavablandırdı”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.

“Sözsüz ki, belə beynəlxalq tədbirlərin ölkəmizdə təşkili olunması ölkəmizin potensialının, iqtisadi-siyasi qüdrətinin, haqlı və ədalətli mövqeyinin təbliği baxımdan olduqca vacibdir. Bildiyimiz kimi COP29 konfransına ev sahibliyi ölkəmiz üçün bu ilin ən mühüm hadisəsidir. Forumda bunun önəminə toxunan Prezidentimiz vurğuladı ki, bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. Ölkəmizdə beynəlxalq təşkilatların onlarla müxtəlif mövzularda tədbirləri təşkil olunub, forumlar, konfranslar, habelə idman yarışları keçirilib və Azərbaycan bu sahədə zəngin təcrübə əldə edib. Bütün göstəricilər, o cümlədən sabitlik, təhlükəsizlik, peşəkar təşkilatçılıq və s. baxımdan Azərbaycan bu aspektdə unikal ölkə hesab olunur. Odur ki, COP29-un yüksək səviyyədə təşkil olunacağı, gözləntiləri doğruldacağı heç kimdə şübhə doğurmur. Eyni zamanda Azərbaycan bu tədbirə təkcə ev sahibi yox, həm də tərəf kimi qatılacaq, mövqeyini sərgiləyəcək, təkliflərini verəcək”, - Milli Məclisin deputatı deyib.
“Azərbaycan Prezidenti çıxışında ölkəmizin iqtisadi imkanlarına toxundu. Məlumdur ki, dövlətimizin bugünkü inkişafı davamlı və dayanıqlı iqtisadi tərəqqi olmadan mümkün deyil. Məhz qazandığımız bütün nailiyyətlərin təməlində güclü və ən əsası tam iqtisadi müstəqillik dayanır. Son 20 ilin uğurlu statistik göstəriciləri, habelə bu gün Qarabağ və Şərqi Zəngəzurda heç kimdən yardım almadan aparılan tikinti-quruculuq işləri dediklərimizin sübutudur. Statistikaya qısa nəzər salaq: əgər 2003-cü ildə ümumi daxili məhsulumuz 7 milyard dollar idisə, ötən ilin yekunlarına əsasən bu 72 milyard ABŞ dollardır. Eləcə də 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar təşkil edirdisə, hazırda bu, 68,5 milyard dollara yüksəlib. Baxmayaraq ki, biz dünyanı iflic edən, ağır iqtisadi böhranlara yol açan pandemiya dövründə yaşamışıq, böyük bir müharibədən keçmişik. Amma yenə də iqtisadiyyatımız durmadan irəli gedib. Bu gün də heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz iqtisadi qüdrətini durmadan artırır”, - AHİK sədri qeyd edib.
“Ölkə başçısının nitqində diqqət çəkən digər bir vacib məsələ Fransa, Hindistan və Yunanıstanın Ermənistanı bizə qarşı silahlandırmasına münasibət oldu. Aydın görürük ki, adıçəkilən dövlətlər açıq şəkildə bu əməlləri ilə aranı qatmağa, sülh prosesini əngəlləməyə çalışır, qarşıdurmaya yol açırlar. Təbii ki, belə həssas dönəmdə sülhü təşviq etmək əvəzinə, bu cür çirkin oyunlara əl atmaq məsuliyyətsiz və anormal addımdır. Həmin dövlətlər, eyni zamanda onlarla həmrəy olan ölkələr qəti olaraq anlamalıdırlar ki, bu və digər bu kimi xoşagəlməz addımları, yersiz bəyanatları və qarayaxma kampaniyaları ilə real vəziyyəti dəyişə bilməyəcəklər. Bunu 30 ilin təcrübəsi bir daha göstərir. Dəridən-qabıqdan çıxdılar, əllərindən gələni etdilər, bütün rollara girdilər ki, işğalı rəsmiləşdirsinlər. Amma Prezident İlham Əliyevin çəkdiyi diplomatik sipəri aşa bilmədilər. Ardınca bir həmlə ilə Ordumuz Ali Baş Komandanının rəhbərliyi altında həmin dövlətlərin dəstək verdiyi işğalçı ordunun dizini yerə qoydu. Bu təcrübədən dərs çıxarmaq əvəzinə, utanmadan özlərini “səxavətli” göstərərək yenə də Ermənistana silah ötürürlər. Prezidentimizin buna cavabı isə birmənalıdır: “Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”. Vəssəlam. Gedin oyun oynamaq üçün özünüzə başqa meydançalar axtarın. Cənubi Qafqazda çoxdan uduzmusunuz”, - Səttar Möhbalıyev fikrini tamamlayıb.


Вернуться назад