Главная > --- > Strateji məqsəd
Strateji məqsəd18-04-2024, 12:06. Разместил: admin |
Öncə qeyd edək ki, dövlətimizin başçısı praqmatik siyasi xadim olaraq bütün məsələlərdə strateji düşüncə tərzinə və yanaşmalara malikdir. Bir sıra hallarda o, verdiyi qərarlarla zamanı qabaqlayır, həmin qərarlar həyatda təsdiqini tapır, bundan cəmiyyət çox məmnun qalır, dövlətimiz isə qazanır. Başqa sözlə desək, İlham Əliyev özünün dediyi kimi, nəyi, necə və nə zaman etməyi hamıdan yaxşı bilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. Ölkəmizin başçısı qeyd edib ki, “- Mən bir neçə gün bundan əvvəl Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalamışam, bu gün isə kanalın təməli qoyulur. Bu, çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. Çünki Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. Təbii olaraq bu da itkilərə səbəb olub, su itkiləri kifayət qədər çoxdur. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür.” Şirvan kanalının yenidən qurulmasının vacibliyini qeyd edən ölkə başçısı bu kanalın 1958-ci ildən bəri istifadə edildiyini və bugünkü tələbatı ödəməsi üçün yenidən qurulmasının, həmçinin suötürmə qabiliyyətinin artırılmasının əsas şərt olduğunu qeyd etmişdir. Cənab Prezident Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədinin ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaq olduğunu bildirərək bildirmişdir ki, Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilmişdir. Onların arasında, ilk növbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalını qeyd etməliyəm. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır. Qeyd edək ki, son illərdə dövlət büdcəsinin vəsaiti hesabına “Taxtakörpü” su anbarının, “Taxtakörpü-Ceyranbatan” kanalının, “Vəlvələçay-Taxtakörpü” kanalının” istifadəyə verilməsi, Şəmkirçay su anbarından Goranboy rayonuna kanalın və Neftçala su kanalının tikintisinin başa çatdırılması kifayət qədər əhəmiyyətli olmuş, suvarılan torpaqların sahəsi genişlənmişdir. Cənab İlham Əliyev bu işlərin davamı kimi Şirvan suvarma kanalının da böyük əhəmiyyətə malik olacağını qeyd etmişdir: “Bu layihə ilə biz bu sahəyə yeni nəfəs gətiririk. Eyni zamanda, Qarabağ kanalının da, - vaxtilə bu, Yuxarı Qarabağ kanalı adlandırılmışdır, indi isə bunun adı Qarabağ kanalıdır, - inşası ilə əlaqədar Sərəncam imzalanıb, texniki-iqtisadi əsaslandırma aparılacaq və bu işin nəticəsində yeni layihə işlənib hazırlanacaq. Biz Qarabağ kanalının inşasına gələn ildən başlamalıyıq. Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni, burada 10 rayon Şirvan kanalı vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq.” Cənab İlham Əliyev prezidentliyə başladığı 2003-cü ildən bəri ölkənin ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təmin edilməsi, bəzi kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılmasının vacibliyini önə çəkmişdir. Dövlət başçısı bunu zaman-zaman Nazirlər Kabinetində keçirdiyi iclaslarda, digər görüş və müsahibələrində vurğulamış və bu istiqamətdə əməli tədbirlər görmüş, addımlar atmışdır. Bu düşünülmüş siyasətin nəticəsidir ki, son 20 ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi real ifadədə 2 dəfədən çox artmış, qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin orta hesabla 10 faizi aqrar sahənin payına düşmüşdür. Aqrar sektorun inkişafına böyük önəm verən ölkə başçısı bu layihələrin həyata keçirilməsində uzaq hədəflərin istiqamətini göstərir və onun həlli yollarını bildirir. Bu da ilk növbədə su ehtiyatlarının artırılması, sudan səmərəli istifadənin maksimum təşkil edilməsidir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ərzaq təhlükəsizliyi siyasətini uğurla davam etdirən cənab İlham Əliyev bir daha göstərdi ki, bu dövlətimiz üçün strateji və prioritet məsələ olaraq diqqət mərkəzindədir. Rüstəm Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Вернуться назад |