Главная > --- > Aqiyə Naxçıvanlı: “Erməni işğalının fəsadlarından danışarkən su ehtiyatlarımızın zəbt olunması faktını xüsusi qeyd etmək lazımdır”

Aqiyə Naxçıvanlı: “Erməni işğalının fəsadlarından danışarkən su ehtiyatlarımızın zəbt olunması faktını xüsusi qeyd etmək lazımdır”


17-04-2024, 20:45. Разместил: admin
Aqiyə Naxçıvanlı: “Erməni işğalının fəsadlarından danışarkən su ehtiyatlarımızın zəbt olunması faktını xüsusi qeyd etmək lazımdır”


“Azərbaycan torpaqlarının 20 faizinin otuz il erməni işğalı altında qalmasından doğan fəsadlardan, bu müddət ərzində ermənilərin ölkəmizin təbiətinə, mədəni və tarixi irsinə, iqtisadiyyatına vurduqları milyard dollarlarla ölçülən ziyandan danışarkən əlbəttə ki, su ehtiyatlarımızın da zəbt olunmasını xüsusi qeyd etmək lazımdır. Lakin Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi kimi, su mənbələrini də geri qaytardı. Hesablamalara görə Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları ölkənin ümumi su resurslarının 25 faizini təşkil edir. Aprelin 16-da Hacıqabul rayonuna səfəri çərçivəsində cənab Prezident İlham Əliyev yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyduqdan sonra etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işləri böyük vüsətlə davam edir. Artıq bu yaxınlarda erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona su veriləcək. Bir müddət əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək. Həmçinin Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. Bütün bunlar imkan verəcək ki, yeni əkin sahələrinin həcmi 100 min hektara çatdırılsın. Bu rəqəm əlbəttə ki, həyata keçirilən layihələrin böyük əhəmiyyətindən xəbər verir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat fikirlərini davam etdirərək bildirib ki, son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır: “Öz çıxışında dövlət başçısı Şirvan kanalının yenidən qurulmasının əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, 1958-ci ildən fasiləsiz istismar olunan bu kanalın yenidən istifadəyə verilməsindən minlərlə insan faydalanacaq. Diqqətəlayiq məqamlardan biri də budur ki, layihə başa çatdırıldıqdan sonra 10 ildən artıqdır ki, tamamilə qurumuş göl də yenidən dolacaq və bunun əlbəttə ki, ətraf mühitin bərpasına çox böyük müsbət təsiri olacaqdır. Ümumiyyətlə bu gün Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün əlverişli şərait yaratmaqdır. Birmənalı olaraq deyə bilərik ki, birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri ilə və nəzarəti altında həyata keçirilən elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır və bu səviyyə hazırda durmadan yüksəlməkdə davam edir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.


Вернуться назад