Главная > --- > Aqiyə Naxçıvanlı: “Cənubi Qafqazda əməkdaşlıqda maraqlı olan ölkələr ilk növbədə ikili standartlar siyasətindən əl çəkməlidirlər”

Aqiyə Naxçıvanlı: “Cənubi Qafqazda əməkdaşlıqda maraqlı olan ölkələr ilk növbədə ikili standartlar siyasətindən əl çəkməlidirlər”


1-03-2024, 13:46. Разместил: admin
Aqiyə Naxçıvanlı: “Cənubi Qafqazda əməkdaşlıqda maraqlı olan ölkələr ilk növbədə ikili standartlar siyasətindən əl çəkməlidirlər”


“Almaniya bu gün dünyanın ən inkişaf etmiş dövlətlərindən biri olmaqla yanaşı, həm də Avropada ən güclü iqtisadiyyata malik olan ölkədir. Fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyətinin ölkəmizə səfəri əlbəttə ki, bu təşkilatın və ümumilikdə alman iş adamlarının Azərbaycanla əməkdaşlıqda son dərəcə maraqlı olduqlarını göstərir. Qeyd etmək lazımdır ki, Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin formalaşmasında və inkişafında iqtisadi sahə həmişə mühüm rol oynayıb. Bunu nümayəndə heyətini qəbul edərkən Ölkə Prezidenti cənab İlham Əliyev də öz çıxışında vurğulayıb. Həmçinin dövlətimizin başçısı öz qonşusu olan Fransadan fərqli olaraq Almaniyanın Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı məsələlərdə əksər hallarda neytrallıq nümayiş etdirdiyini və bunun ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından mühüm amil olduğunu diqqətə çatdırdı. Təəssüflər olsun ki, bu gün həqiqətən də ikili standartların tətbiqi bir sıra beynəlxalq institutların, o cümlədən Avropa İttifaqının təcrübəsində adi hala çevrilib. Lakin Azərbaycan belə hallarla barışacaq ölkə deyil. Əsas odur ki, Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir və bunun fonunda ölkəmizin öz suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı istənilən günahlandırma cəhdləri tamamilə əsassız olmaqla heç bir əhəmiyyət kəsb etmir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Daha sonra deputat bildirib ki, bəzi Qərb ölkələrinin Azərbaycanın Cənubi Qafqazda aparıcı mövqelərə sahib olduğunu qəbul edə bilməmələri bu dövlətlərin regionumuzda yaradılmış əməkdaşlıq imkanlarından yararlanmasını əngəlləyir: “Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan sülh prosesinə sadiq ölkədir. Buna görə də II Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə də məhz Azərbaycan çıxış etdi. Halbuki, 30 il ərzində bizim ərazilər Ermənistanın işğalı altında olub. Ermənilər isə, torpaqlarımızın 20 faizini işğal edərək, həmin əraziləri dağıdıblar və 1 milyona yaxın soydaşımızın məcburi köçkün həyatı yaşamalarına səbəb olublar. Lakin Fransa kimi ölkələr bunu görməzdən gəlir. Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel isə, Azərbaycanın guya ki, Ermənistana hücuma hazırlaşdığına dair Avropa ictimaiyyətində yanlış rəy formalaşdırmağa çalışır. Lakin bütün bu əsassız ittihamlar yalnız və yalnız qərəzli mövqeyin nümayişi, eləcə də Cənubi Qafqazda ayırıcı xətlərin qurulmasına yönəlmiş cəhdlərdir. Təəssüflər olsun ki, son vaxtlar bəzən Almaniya mətbuatında da Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü bir ölkə kimi təqdim edilir. Bütün bunlar isə, əməkdaşlığımızın genişlənməsinə əngəllər törədə bilər. Bu əməkdaşlıqda maraqlı olan bütün ölkələr ilk növbədə ikili standartlar siyasətindən əl çəkməli və Cənubi Qafqazda Azərbaycanın müəllifi olduğu yeni rellıqları birmənalı olaraq qəbul etməlidirlər” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.


Вернуться назад