Главная > --- > Türk dünyası üçün önəmli səfər
Türk dünyası üçün önəmli səfər23-02-2024, 18:53. Разместил: admin |
Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər özünün ən qürurverici anlarını yaşayır. Sevindirici haldır ki, tarixən bu iki dövlət arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilmədi, əksinə hər iki ölkə və millət şərəflə ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin seçkilərdən sonra ilk səfərini məhz Türkiyəyə etməsi ənənəvi olsa da bu qardaş ölkənin önəmindən xəbər verir. Fevralın 19-da gerçəkləşən səfərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Ölkəmizin başçısı qardaş ölkənin inkişaf və tərəqqi yolunda olmasından mənunluğunu ifadə edərək bildirdi ki, bu inkişaf bizim və digər türk dövlətlərinin də xeyrinədir və biz bu inkişafı alqışlayırıq: “Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir.” Türkiyə-Azərbaycan münasibətlərinin müxtəlif səviyyələrdə yüksələn xətlə inkişaf etdiyini bildirən ölkə başçısı bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədə Türkiyənin mənəvi və digər istiqamətlərdə dəstəyinin rolu çox böyük olmuşdur. Cənab Prezidentin sözlərindən məlum oldu ki, bundan sonra ölkələrarası münasibət daha yüksək mərhələyə qədəm qoyub və regionda ictimai-siyasi vəziyyət yeni bir müstəviyə çıxıb. Şuşa Bəyannaməsinin əhəmiyyətini xüsusi vurğulayan ölkə başçısı bu mühüm sənədin verdiyi imkanların nəticəsi olaraq “Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.” Qardaş ölkə ilə iqtisadi əlaqələrin daim inkişaf etdiyini bildirən cənab Prezident qeyd etmişdir: “bizim birgə həyata keçirdiyimiz layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Ticarət dövriyyəmizin sürətlə artması və rekord həddə çatması, əlbəttə ki, bizi çox sevindirir. 7,5 milyard dollar. Beş-altı il əvvəl bizim heç yuxumuza gələ bilməzdi ki, ticarət dövriyyəsi bu dərəcədə artacaq, ancaq bu, reallıqdır. Vaxtilə biz qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik. Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir.” Ölkəmizin başçısının bu səfəri göstərmişdir ki, hər iki lider üçün ortaq bir məsələ vardır: -Güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan güclü Türkiyə deməkdir. Bu güc isə bütövlükdə Türk dünyasının və Türk Dövlətləri Təşkilatının özəyini təşkil edir. Rüstəm Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Вернуться назад |