Главная > --- > Milli təəssübkeşliyin simvolu

Milli təəssübkeşliyin simvolu


21-02-2024, 10:40. Разместил: admin
Milli təəssübkeşliyin simvolu


1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri sovet ordusunun 366-cı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalıya hücum etdi. Qaniçən ermənilər qaçıb canlarını qurtarmaq istəyən silahsız mülki insanları güllələyir, ələ keçirdiklərini vəhşicəsinə qətlə yetirirdilər. İnsanlara dəhşətli işgəncələr verir, diri-diri yandırır, baş dərisini soyur, qulaqlarını və digər orqanlarını kəsir, gözlərini çıxarır, hamilə qadınların qarınlarını deşir və sözlə ifadə edilməsi çətin olan digər vəhşiliklər törədirdilər.
1992-ci il fevralın 26-da Xocalıda 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insandır. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib.
Erməni vandalları Xocalı soyqırımını törətməklə azərbaycanlıların ürəyinə qorxu salmaq və bununla da Azərbaycan ərazilərinin sonrakı işğalını və etnik təmizlənməsini özləri üçün daha asan hala gətirmək kimi məkrli niyyət güdmüşdülər.
1992-ci il martın 14-də "Le Mond" qəzeti (Paris) yazırdı: "Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır".
Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiyməti Ümummilli Lider Heydər Əliyev verib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul edib. Heydər Əliyev 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi fərman imzalayıb, sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub.
"Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi" deyən Prezident İlham Əliyevin birbaşa səyi nəticəsində bu gün dünyanın bir sıra dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir.
Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da müstəsna xidmətləri var. Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.
Xocalı soyqırımı Azərbaycan xalqının mübarizə əzmini qırmağa yönəlmişdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi isə düşmənə və onun havadarlarına göstərdi ki, 30 ildə bizi heç nə sarsıda bilmədi. Ulu öndərin ideyaları Prezident İlham Əliyevin qətiyyəti ilə birləşib işğala son qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu parlaq Qələbəsi ilə xocalıların ürəyinə saplanan tikanı çıxartdı. Azərbaycan əsgəri günahsız xocalıların qisasını aldı, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Prezident İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün Şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı. Xocalı soyqırımını ...törədən mənfur düşmən döyüş meydanında məğlub oldu, məhv oldu”. Artıq Xocalı soyqırımı qurbanlarının anım günü “Azərbaycan xalqının milli birliyinin, bərabərliyinin və milli təəssübkeşliyinin simvoluna çevrilib.”

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri


Вернуться назад