Главная > --- > Səttar Möhbalıyev: “Azərbaycan və Türkiyə birgə səylərlə qarşıdakı bütün hədəflərə nail olacaqlar”
Səttar Möhbalıyev: “Azərbaycan və Türkiyə birgə səylərlə qarşıdakı bütün hədəflərə nail olacaqlar”20-02-2024, 14:28. Разместил: admin |
“Azad və demokratik seçkilər nəticəsində yüksək səs çoxluğu ilə növbəti dəfə Azərbaycan Prezidenti seçilən İlham Əliyev cənabları bu dəfə də ilk rəsmi dövlət səfərini dost və qardaş Türkiyəyə etdi. Xatırlayırsınızsa, ötən il cənab Rəcəb Tayyib Ərdoğan da yenidən Türkiyə Prezidenti seçildikdən sonra birinci rəsmi səfərini Azərbaycana reallaşdırmışdı. Ənənə halını alan bu məqam, təbii ki, heç də təsadüfü xarakter daşımır, bu artıq bir dəyərə çevrilib. Və iki qardaş ölkənin münasibətlərinin səviyyəsini əks etdirir. Sözsüz ki, burada hansısa siyasi-iqtisadi maraqlardan söhbət gedə bilməz. Bu yalnız qardaşlıq duyğularının təcəssümüdür. Dünyada belə təcrübə var: dövlətlər arasında rəsmi səviyyədə yaxın dostluq münasibətləri olur, amma onların xalqları bir o qədər də bir-birinə yaxın olmur. Lakin bütün səviyyələri əhatə edən Azərbaycanla Türkiyə əlaqələri xalqlarımızın da qardaşlığı, doğmalığı ilə böyük bir nümunə təşkil edir”. Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. “Dərin köklərə malik münasibətlərimizin bu səviyyəyə yüksəlməsində hər iki ölkə liderinin xidmətləri xüsusi olaraq qeyd olunmalıdır. İstər dövlətimizin başçısı cənab İlham Əliyev, istərsə də Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan bütün beynəlxlaq platformalarda vahid mövqedən çıxış edir, ölkələrimiz arasında münasibətləri dərinləşdirir, dar gündə də, şad gündə də bir birinin yanında olurlar. Biz 44 günlük Vətən müharibəsində möhtərəm Rəcəb Tayyib Ərdoğan başda olmaqla ümumilikdə türkiyəli qardaşlarımızın mənəvi dəstəyini unuda bilmərik. Ürəkləri bizimlə bir döyündü, əsgərlərimizin hər bir uğuruna bizimlə birlikdə sevindilər. Həmin vaxt Türkiyə Prezidentinin verdiyi o tarixi mesaj üçüncü ölkələrin əl-qolunu bağladı, səslərini belə çıxara bilmədilər. Həmçinin Türkiyənin dövlət strukturları Azərbaycanın Qələbəsi üçün bütün sferalarda əzmkarlıq göstərdilər. Mən 2014-cü ildə İlham Əliyev cənablarının Praqada Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin 5 illiyinə həsr olunan plenar iclasında Sarkisyana verdiyi cavabı yaxşı xatırlayıram. Həmin vaxt işğalçı ölkənin rəhbəri sammitdə Türkiyənin iştirak etməməsini fürsət bilib rəsmi Ankaranın ünvanına qərəzli ifadələr işlətdi. Cənab İlham Əliyev bunu sərt qarşılayaraq “Türkiyə rəhbəri burada yoxdursa, mən burdayam” deyərək təcavüzkar dövlətin başçısına layiqli cavab verərək yerində oturtdu. Bütün bunlar sarsılmaz qardaşlığın əlamətidir”, - AHİK sədri qeyd edib. “Həmçinin mən Türk dövlətlərinin bir-birinə yaxınlaşmasında, münasibətlərinin inkişafında, təşkilatlanmasında, həmrəylik nümayiş etdirməsində Azərbaycan və Türkiyənin danılmaz xidmətlərini vurğulamaq istərdim. Məhz bunun nəticəsidir ki, artıq Türk Dövlətləri Təşkilatı regional güc mərkəzinə çevrilib və beynəlxalq siyasi proseslərə təsir imkanları artıb. Prezident İlham Əliyev andiçmə mərasimində də bu məsələyə toxundu və bəyan etdi ki, bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu gün dünyada gərgin, mürəkkəb proseslər gedir, axırı görünməyən müharibələr baş verir. Məhz buna görə də eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik qardaş ölkələrin birliyi, həmrəyliyi zərurətdir. Unutmayaq ki, Türk ölkələri mühüm coğrafi ərazidə yerləşir, iqtisadi potensialları yüksəkdir, həmçinin zəngin enerji resurslarına və əhəmiyyətli nəqliyyat yollarına malikdirlər. Bu da Türk Dövlətləri Təşkilatının hərtərəfli güclənməsinə geniş imkanlar açır”, - Milli Məclisin deputatı bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin qardaş ölkəyə səfəri, aparılan danışıqlar, imzalanan sənədlər əlaqələrimizin daha da dərinləşməsində, gələcək hədəflərin müəyyənləşməsində və ona nail olunmasında əhəmiyyətli rola malikdir: “Ölkələrimiz arasında rekord səviyyədə - 7,5 milyard dollar təşkil edən ümumi ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq planlaşdırılır. Habelə təbii qaz ixracının həcminin artırılması, müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi, bu istiqamətdə birgə istehsal gələcək planlar sırasındadır. Əminik ki, birgə səylər nəticəsində bütün bu hədəflərə çatacağıq”. Вернуться назад |