Главная > --- > Aqiyə Naxçıvanlı: “Azərbaycan xalqı öz Qalib Liderinə olan sonsuz minnətdarlığını yüksək siyasi fəallığı ilə bir daha bildirmiş oldu”

Aqiyə Naxçıvanlı: “Azərbaycan xalqı öz Qalib Liderinə olan sonsuz minnətdarlığını yüksək siyasi fəallığı ilə bir daha bildirmiş oldu”


9-02-2024, 10:59. Разместил: admin
Aqiyə Naxçıvanlı: “Azərbaycan xalqı öz Qalib Liderinə olan sonsuz minnətdarlığını yüksək siyasi fəallığı ilə bir daha bildirmiş oldu”


“7 fevral 2024-cü il tarixində keçirilmiş növbədənkənar Prezident seçkiləri Azərbaycan dövlətçiliyi tarixinə ən parlaq səhifələrdən biri kimi yazıldı. İlk dəfə müstəqil Azərbaycan dövlətinin istisnasız bütün ərazilərində keçirilməklə ölkəmizin tam bərpa edilmiş suverenliyinin təsbiti olan bu seçkilərin xalqımız və dövlətimiz üçün əhəmiyyəti həqiqətən də ölçüyəgəlməz dərəcədə böyükdür. Əlbəttə ki, möhtərəm dövlət başçımızın bu seçkilərdə məhz belə bir üstünlüklə qalib gələcəyi gözlənilən idi. 30 il ərzində öz dədə-baba yurdlarında nəinki səs vermək, sadəcə yaşamaq hüququndan belə məhrum edilmiş Azərbaycan vətəndaşları bu il öz konstitusion hüquqlarını müstəqillik tariximizdə ilk dəfə olaraq doğma torpaqlarında reallaşdırmaq imkanı əldə etdilər. Ötən il Xankəndidə Azərbaycan bayrağını dalğalandıran cənab Prezident İlham Əliyev bir neçə gün öncə bu qədim Azərbaycan şəhərində ailəsi ilə birlikdə səs verməklə bütün dünyaya növbəti mühüm mesajını göndərdi – Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib və bu, artıq geri dönüşü olmayan bir tarixi gerçəklikdir. Məhz dövlət başçımızın 2003-cü ildən bəri uğurla yürütdüyü xarici və daxili siyasət kursu, iqtisadi, siyasi, sosial və digər sahələrdə həyata keçirdiyi effektiv islahatlar, ordu quruculuğu işinin dövlətin əsas prioritetlərindən biri kimi müəyyən etməsi, bütün digər sahələrdə gördüyü irimiqyaslı tədbirlər, atdığı məqsədyönlü addımlar Azərbaycanda bu gün bütün ölkə ərazisində prezident seçkilərinin keçirilməsinə möhkəm zəmin yaratdı. 7 fevral seçkilərində növbəti dəfə öz qırılmaz iradəsini ifadə edən xalqımız, nümayiş etdirdiyi seçici fəallığı ilə öz Qalib Liderinə olan sonsuz minnətdarlığını bir daha izhar etmiş oldu.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Fikirlərini davam etdirən deputat həmçinin vurğulayıb ki, bu seçkilərdə rekord sayda seçici iştirakını, eləcə də səsvermənin nəticələrini əvvəlcədən proqnozlaşdırmaq heç də çətin deyildi: “Bu gün hər bir Azərbaycan vətəndaşı sözün əsl mənasında güclü və nüfuzlu ölkənin mənsubu olmaqdan qürur duyur. İstər ölkə daxilində asayişin, ictimai-siyasi sabitliyin tam təmin olunması, istərsə də yarana biləcək xarici təhdidlərin qarşısını vaxtında və qətiyyətlə almağa qadir olan ordumuzun və digər güc strukturlarının mövcudluğu ölkənin təhlükəsizliyini etibarlı şəkildə təmin edir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın beynəlxalq nüfuzu sadəcə Avropanın enerjiyə olan tələbatını ödəməklə əldə olunmur. Bu nüfuz ilk növbədə Azərbaycan Prezidentinin ABŞ, Fransa, Almaniya kimi qlobal dünya güclərinin hökumət və dövlət rəhbərlərinin ölkəmizə qarşı istənilən qərəzli mövqedən olunan hücumlarına dərhal və qətiyyətlə cavab verməsi, Azərbaycanın sadəcə müdafiə olunacaq və özünə bəraət istəyəcək ölkə olmadığını hər kəsə nümayiş etdirməsi, lazım gəldikdə ən böyük beynəlxalq təsisatlara da uğurla rəhbərlik edə biləcəyini real təcrübədə nümayiş etdirməsi ilə əldə olunur. Yalnız dövlət başçımızın bu səyləri və keyfiyyətləri sayəsində Azərbaycan dünyada yüksək nüfuza sahib ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Əlbəttə ki, qədirbilən Azərbaycan xalqı bütün bunları hər kəsdən də yaxşı bilir və hər kəsdən də daha düzgün və yüksək qiymətləndirir. Xalq öz rifahını Qalib Liderinin rəhbərliyində gördüyü kimi, möhtərəm dövlət başçımız da öz gücünü xalqın Ona olan inamından, etimadından aldığını dəfələrlə vurğulayıb. Məhz bu sarsılmaz xalq-iqtidar birliyi vətəndaşlarımızın bu seçkilərdə indiyədək görünməmiş bir səviyyədə fəallığını təmin etdi və seçkinin nəticələrini müəyyənləşdirdi” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.


Вернуться назад