Главная > --- > Cəmaləddin Rüstəmov: Qalib Azərbaycan xalqı qalib Lider İlham Əliyevin liderliyi ilə yeni zəfərlərə imza atacaq!

Cəmaləddin Rüstəmov: Qalib Azərbaycan xalqı qalib Lider İlham Əliyevin liderliyi ilə yeni zəfərlərə imza atacaq!


9-02-2024, 10:21. Разместил: admin


Sumqayıt şəhər 4 saylı notariat ofisi Cəmaləddin Rüstəmov - 7 fevral 2024-cü il prezident seçkiləri artıq tarixə qovuşsa da onun özəlliyi, digər seçkilərdən fərqləndirən məqamları və bunların fonunda Yeni Azərbaycan Partiyasının (YAP) Prezidentliyə namizədi cənab İlham Əliyevin inamlı qələbəsi bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Fevralın 7-də ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması şəraitində keçirilən və tarixə Zəfər seçkiləri kimi yazılan bu seçkilərin bütün ölkə ərazisini əhatə etməsi, dövlət başçısı İlham Əliyevin,  birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Xankəndi şəhərindəki 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermələri qürurverici hadisələr sırasında oldu. Cənab İlham Əliyev Xankəndi şəhərində səs verməklə bir daha bütün dünyaya belə bir mühüm mesajı ünvanladı ki, bu torpaqlar bizim tarixi torpaqlarımızdır və biz burada əbədi olacağıq!

Suverenliyimizin bərpası ilə həyatında yeni dövr başlayan Azərbaycan 7 fevral prezident seçkilərini azad, şəffaf, beynəlxalq standartlara uyğun  keçirməklə özünün demokratik inkişaf tarixinə  yeni parlaq səhifəni yazdı. Seçki prosesini 72 beynəlxalq təşkilatın və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçinin izlədiyini,  109 beynəlxalq media qurumunun 216 təmsilçisinin işıqlandırdığını nəzərə alsaq bu siyasi kampaniyaya beynəlxalq diqqətin böyüklüyünü aydın şəkildə görə bilərik. Azərbaycan demokratik inkişafı, dövlət başçısı İlham Əliyev isə növbəti  inamlı qələbəsi ilə bu gün dünyanın diqqətindədir. “Exitt-poll”un nəticələrinin ardınca Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı ilkin nəticələri açıqladıqdan dərhal  sonra ölkənin hər bir guşəsində keçirilən bayram şənlikləri, cənab İlham Əliyevə ünvanlanan təbrik məktublarının hər biri Azərbaycanın, onun qalib Liderinin beynəlxalq arenada gündən-günə artan nüfuzunun təqdimatıdır. Tarixi Zəfərimizlə yeni reallıqların müəllifi kimi ölkəmizin sözünün imzası qədər dəyərini artıran  cənab İlham Əliyevin son 20 illik Prezidentlik fəaliyyətinin təqdimatı olan  bu təbrik məktublarının hər birində Azərbaycanın Zəfərdən-Zəfərə böyük inamla irəliləməsi  təqdir edilir. Məhz buna görə cənab İlham Əliyevin seçkilərdə inamlı  qələbəsi növbəti  zəfərlərin başlanğıcı kimi dəyərləndirilir, Azərbaycan xalqını qürurlandıracaq  uğurların miqyasının bundan sonra da ölçüyəgəlməzliyi böyük inamla vurğulanır. Bu seçkilər bir daha liderlik fenomeninin dövlətin  inkişafında və dövrün çağırışlarının düzgün cavablandırlmasında  həlledici roluna işıq saldı.

Bu qələbə xalqın öz müdrik Liderinə inamının, etimadının, xalq-Prezident birliyinin, həmrəyliyinin sarsılmazlığının göstəricisi olmaqla yanaşı, cənab İlham Əliyevin ilk dəfə dövlət başçısı seçildiyi 15 oktyabr 2003-cü il tarixdən bugünədək gördüyü titanik işlərin, Azərbaycanın qazandığı möhtəşəm uğurların təqdimatı və onlara yol açan qətiyyətli siyasətə verilən dəyərdir. Prezident İlham Əliyev qətiyyətinin zirvəsində tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması dayanır. Xalqımız bu dəstəyi, etimadı ilə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rola malik olan, ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzunu da təsdiqləmiş oldu. Xalq Azərbaycanın dünəninin, bugününün və gələcəyinin əsası olan Heydər Əliyev  ideyalarına sədaqətini, Prezident İlham Əliyevin  gələcəyə hesablanmış, Azərbaycanı Zəfərdən-Zəfərə aparan siyasətinə dəstəyini ifadə etdi. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində “Mən bu etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm” vədini verərək son 20 ildə uğurlu addımları ilə Azərbaycanı dahi şəxsiyyət Heydər Əliyevin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəltdi. O Azərbaycan ki, hazırda tarixi Zəfəri ilə yeni reallıqlar yaradıb, Qarabağımız və Şərqi Zəngəzurumuz azaddır, dirçəlir, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub. Ötən il tariximizin növbəti Zəfər səhifəsinin yazılması ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Bu yeni dövr məhz növbədənkənar prezident seçkilərinin keçirilməsini zərurətə çevirdi.

20 il  zaman baxımından qısa dövr olsa da uğurların miqyası baxımından zəngin dövrdür. Ötən ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə ucaltdıqdan sonra xalqa müraciətində böyük qürur hissi ilə qeyd etdi ki, 20 ildə verilən bütün vədlər, qarşıya qoyulan bütün vəzifələr icra edilib. Azərbaycan bu illər ərzində bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq  ərazi bütövlüyümüz bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Azərbaycan tarixi Zəfərinin reallıqları əsasında regionda və dünya siyasətində yeniliklərə nail oldu. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycanın Zəfərdən-Zəfərə inamla irəliləməsində də qətiyyətli və yenilməz Lider amilinin rolu inkaredilməzdir.

 Məhz bu gün böyük qürur hissi ilə qeyd edirik ki, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi milli qürurumuz özümüzə qayıtdı. Kimliyimizin, qürurumuzun təqdimatı olan üçrəngli Bayrağımız bu gün  işğaldan azad edilən bütün torpaqlarımızda əzəmətlə dalğalanır.  Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir müstəqil Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına, tariximizin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan cənab İlham Əliyevin misilsiz xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

Ümumilikdə 20 il Azərbaycanın tarixinə saysız-hesabsız uğur səhifələrinin yazılması ilə yadda qaldı. Dövlət başçısı İlham Əliyev bu ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın haradan  haraya gəlib çıxması ilə bağlı sualı cavablandırarkən bu mühüm məqamı xüsusi qeyd etdi ki, bugünkü reallıqları  2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu. Bu reallıq da qeyd edildi ki,   müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə Azərbaycan xalqı əsası 1993-cü ildə qoyulmuş Heydər Əliyev siyasətinə bir daha dəstək verdi. 

Dövlət başçısı  İlham Əliyev çıxışlarında, xalqa müraciətlərində  “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir” fikirlərini böyük inamla ifadə edərək hər dövrün çağırışlarının düzgün cavablandırılmasının Azərbaycana qazandırdığı uğurları əsaslı şəkildə diqqətə çatdırır. Əsrə bərabər 20 ilin zirvəsində hər zaman qürur duyduğumuz tarixi Zəfərimiz,  torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması dayanır. Adını müasir tariximizə qalib xalqın qalib Lideri kimi qızıl hərflərlə yazdıran Müzəffər Ali Baş Komandan İlham Əliyevin 7 fevral 2024-cü il tarixli prezident seçkilərində böyük qələbəsi də bu  reallığı təsdiqlədi ki, xalqımız yeni dövrün yeni hədəflərini qalib Lideri ilə birgə həyata keçirmək istəyir. Qarşıda qalib Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir. Böyük Qayıdış Proqramının birinci mərhələsi 2026-cı ildə başa çatacaq. Bu  müddətdə 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvasına qayıdışı nəzərdə tutulub. Artıq soydaşlarımızın qayıtdığı ünvanların sayı artmaqdadır. Bu il Füzuli və Laçın şəhərlərinin sırasına Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri də daxil olacaq.  Bu günədək azad olunmuş ərazilərə 1360 ailə, yaxud 5 min 354 nəfər köçürülüb. Onlar 7 fevral  prezident seçkilərində ilk dəfə  doğma yurd-yuvalarında səs verərək bu sevinci yaşadılar. Hədəflər sırasında Qərbi Azərbaycana qayıdışımız da xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyev nəyi, nə vaxt və necə etmək lazım olduğunu yaxşı bilir. Xalqımız əmindir ki, bu hədəfə də tezliklə nail olacağıq. Təbii ki, 20 ilin uğurlarını, eyni zamanda, qarşıdakı dövrün hədəflərini bir yazı çərçivəsində tam əhatə etmək mümkün deyil. Reallıq budur ki, xalqımız Azərbaycanın Heydər Əliyev yolu ilə irəliləməsini istəyir. Vətəndaşlarımız hər bir seçkidə bu siyasətə dəstəyini, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməklə təsdiqləyir. Dövlət başçısına ünvanlanan təbrik məktublarında qeyd edildiyi kimi, bu gün  öz xalqının həqiqi müdrik Liderinin, vətənpərvər və fədakar, görkəmli siyasi xadiminin rəhbərliyi ilə Azərbaycan dövləti yeni zirvələri fəth edir və onun beynəlxalq arenada nüfuzu, etibarı getdikcə artmaqdadır.



Вернуться назад