Главная > --- > PREZİDENT SEÇKİLƏRİ 2024: VƏFA BORCUMUZ VƏ UĞURLU GƏLƏCƏYƏ VERƏCƏYİMİZ TÖHFƏ

PREZİDENT SEÇKİLƏRİ 2024: VƏFA BORCUMUZ VƏ UĞURLU GƏLƏCƏYƏ VERƏCƏYİMİZ TÖHFƏ


23-01-2024, 11:25. Разместил: admin


Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, 
Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev

Qalib ölkəmizin tarixində ilk dəfə respublikamızın bütün ərazisində keçirilən prezident seçkiləri qürurvericidir. Dünya hərb tarixində bir möcüzə olan möhtəşəm tarixi Zəfərdən sonra ilk seçkilərin məhz prezident seçkilərinin olması həm tarixi zərurətdən irəli gələn, həm dövlət idarəçiliyi və gələcəyə yönələn yeni reallığın ortaya qoyduğu çağrışların uğurla həyata keçirilməsi baxımındam tarixi əhəmiyyət kəsb edir.
Xalqımız möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsi və ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələnən lokal antiterror əməliyyatını əbədi olaraq xatırlayacaq və yüksək qiymətləndirəcəkdir. 7 fevral seçkilərinə gedən yol həm də bu iki qələbə ilə ciddi şəkildə bağlıdır.
Ərazi bütövlüyümüz bərpa olunduqdan sonra Azərbaycan faktiki olaraq yeni tarixi mərhələyə qədəm qoydu. Yeni dövrdə bizi olduqca vacib hədəflər gözləyir. Və bu hədəflərə çatmaq da yalnız İlham Əliyev amilindən keçir. Xalqımız hələ 2003-cü ildə öz seçimini etdi, 2008, 2013 və 2018-ci illərdə də Liderinin məhz cənab İlham Əliyev olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün də seçimimiz dəyişməzdir. Çünki xalqımızın cənab İlham Əliyevə inamı, etibarı və ehtiyacı tükənməzdir.
Yeni Azərbaycan Partiyası tərəfindən cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi təbii haldır. Çünki bu haqqı cənab İlham Əliyev son 20 ildə özünün yorulmaz fəaliyyəti, Azərbaycanımızın bütün sahələrdə əldə etdiyi uğurları, ən başlıcası isə ölkəmizi qalib ölkə, xalqımızı qalib xalq səviyyəsinə yüksəltməsi hesabına qazanıb.
Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yanvarın 15-dən seçkiqabağı təşviqat kampaniyasına başlanılıb. Bu baxımdan respublikamızın hər yerində müxtəlif səpkili tədbirlər keçirilir. Və demək olar ki, bütün cəmiyyət seçkiqabağı təşviqat kampaniyasında fəal iştirak edir.
Seçki təşviqatında son 20 ildə Azərbaycanın əldə etdiyi uğurlara bir daha nəzər salınır, keçdiyimiz yolun keşməkeşləri və uğurları seçicilərin, xüsusilə gənclərin diqqətinə çatdırılır. Gənc nəsil haradan haraya gəldiyimizi, hansı sınaqlarla üzləşdiyimizi bilməli, xalqımıza tarixi Qələbəni bəxş edənin, Zəfər sevinci yaşadanın ancaq və ancaq İlham Əliyev olduğunu unutmamalıdır. Sevindirici haldır ki, müxtəlif kateqoriyaları əhatə edən seçicilərimiz bu tədbirlərdə böyük həvəslə, ruh yuksəkliyi ilə iştirak edir, İlham Əliyevi dəstəklədiklərini böyük inamla nümayiş etdirirlər.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi kimi hakimiyyətinin bütün illərində Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla önəmli layihələr həyata keçirilir. Ulu Öndərin layiqli varisi andiçmə zamanı xalqa verdiyi vədlərin hamısını ardıcıl olaraq reallığa çevirmişdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltdı. Bu qürurverici tarixi hadisə 20 illin təsəvvür olunmaz gərgin, məqsədyönlü fəaliyyətin təntənəsi olmaqla yanaşı, düşmənin iki yüz illik məkrli planlarının - Cənubi Qafqazın erməniləşdirilmək siyasətinin birdəfəlik məhv edilməsi demək idi.
Belə bir müdrik deyim var: “Dünənə baxmadan sabahı görmək olmaz”. Buna görə də biz dünənimizi - keçdiyimiz yolu həmişə saf-çürük etməliyik, regionda, dünyada baş verən proseslərə daim nəzər salmalıyıq ki, gələcəkdə düzgün addımlar ata bilək. Bu baxımdan cənab İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi geniş müsahibədə hər şey çox əhatəli şəkildə əks olundu. Həm keçdiyimiz tarixi yol, həm indiki vəziyyət, həm də görüləcək işlər - qarşıda duran hədəflər və yeni çağırışlar ətraflı şəkildə şərh olundu. Bunlar Azərbaycanı daha da irəli apararaq davamlı inkişafa nail olmaq, sabitliyi, əmin-amanlığı qoruyub saxlamaq, ölkəmizin beynəlxalq nüfuzunu artırmaq, Qarabağı və Şərqi Zəngəzuru qısa zamanda dirçəltmək, Böyük Qayıdışı uğurla həyata keçirmək, bütün sahələrdə yüksək inkişafı təmin etməklə bağlı nəzərdə tutulan layihələri sistemli şəkildə davam etdirmək, xalqımızın rifahını yüksəltmək kimi həlli vacib məsələlərdir. Əlbəttə ki, bu mühüm vəzifələri yalnız güclü və qalib Lider - cənab İlham Əliyev həll edə bilər. Ölkəmizin hərtərəfli inkişafı ilə bağlı bütün layihələrin müəllifi kimi bu məsuliyyəti yalnız o, üzərinə götürə, şərəflə və uğurla yerinə yetirə bilər.
Yeni dövr dünyada 4-cü sənaye inqilabının həyata keçirildiyi vaxtla da üst-üstə düşür. Əminəm ki, cənab İlnam Əliyevin rəhbərliyi ilə Azərbaycan bu dövrü də uğurla başa vuracaq, dünyaya nümunə olacaq yeni nailiyyətlərə imza atacaqdır.
İnanıram ki, qarşıdan gələn prezident seçkilərində seçicilərimiz yenə də sabahımız, gələcəyimiz naminə düzgün qərar verəcək, düzgün seçim edəcək, yüksək vətənpərvərlik, həmrəylik nümayiş etdirərək Bütün Azərbaycan xalqının namizədi - qalib xalqın qalib Lideri cənab İlham Əliyevə bir daha öz sonsuz hörmət, ehtiram, inam, etibar və sədaqətini bildirəcəkdir. Bu, həm bizim tarixi Zəfər seçkimiz, həm də xalqımızın cənab İlham Əliyevə dərin minnətdarlığının ifadəsi olacaq.
Prezident seçkilərinə iki həftəyə qədər zaman qalıb. Tam əminəm ki, bu qısa zaman kəsiyini də yüksək əhval-ruhiyyə və coşqu ilə yola salacaq və fevralın 7-də böyük siyasi fəallıq nümayiş etdirib, seçki məntəqələrinə gedəcək və vətəndaşlıq mövqeyimizi ortaya qoymaqla cənab İlham Əliyevə səsimizi verəcəyik. Bu seçimimiz İlham Əliyevə millətimizin vəfa borcunun təntənəsi, uğurlu gələcəyimizə verəcəyimiz töhfə olacaqdır.
Dövlətimizə, 50 milyonluq Uca Millətimizə düşərli olsun. Amin!
 
Вернуться назад