Главная > --- > Ziyəddin Quliyev: Uğurlu 2023-cü il...
Ziyəddin Quliyev: Uğurlu 2023-cü il...7-01-2024, 12:23. Разместил: admin |
"Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev - Dövlət başçısı İlham Əliyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində ötən ilin ölkəmizin həyatında ən önəmli hadisə respublikamızın suverenliyinin bərpası olduğunu diqqətə çatdırmaqla Azərbaycan xalqının bu tarixi hadisəni heç vaxt unutmayacağını, həmin günün yaddaşımızda əbədi qalacağını vurğulayaraq milli yaddaşımıza tarixi çağırış etdi. Həqiqətən də, ötən il birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etməsi, işğalçı qüvvələrin beynəlxalq hüquqla tanınan ərazilərimizdən çıxarılması, separatizmə son qoyulması və düşmən ordusunun məhv edilməsi fonunda yekun qələbənin təmin edilməsi müasir dünya təcrübəsində nadir rast gəlinən nümunədir. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusunun ötən ilin sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edildi. Beləliklə, bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Əməliyyat elə tərzdə aparıldı ki, mülki infrastruktura zərər dəymədi və dinc əhali arasında itkilər olmadı. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı. Beləliklə, Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaradıldı. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışında bildirdiyi kimi, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Biz böyük qələbəmizi hələ 3 il əvvəl 44 günlük Vətən müharibəsində qazanmışdıq, lakin ölkə Prezidentinin də ifadə etdiyi kimi, “biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb”. Bu mənada, məhz 2023-cü ildə Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməklə əslində uzun illər davam edən ədalətsiz bir gedişata son qoymuş oldu. Bu müddət ərzində heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi. Ölkə başçısı bunu müraciətində xüsusi vurğulayaraq dedi ki, “dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələr hay-küy qaldıraraq, bizə qarşı əsassız ittihamlar irəli sürmüşdülər. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Zəfər çaldığımız Vətən müharibəsində dünya azərbaycanlıları bir amal ətrafında tarixin heç bir dönəmində olmadığı kimi birləşərək həmrəy oldu. Həmvətənlərimiz beynəlxalq aləmə səsimizi çatdırmaq üçün informasiya müharibəsində mühüm xidmətlər göstərdilər. Milli həmrəyliyimizin təntənəsinə çevrilən o 44 gündə diaspor təşkilatlarımızın dünyanın 30-dan çox ölkəsində keçirdikləri 200-dək aksiyada 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etdilər. Eyni zamanda müharibə günlərində 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərdilər. Postmüharibə, eləcə də suverenliyimizin təmin olunduğu dövrdə bu birliyin gücünü daim hiss etmişik. Azərbaycan məhz bu milli həmrəylikdən doğan güc-qüvvə sayəsində həm Ermənistanı, həm də işğalçını dəstəkləyən xarici gücləri darmadağın etdi, Şuşada, Xankəndidə üçrəngli, ay-ulduzlu bayrağını əbədi dalğalandırdı. Beləliklə, yola saldığımız 2023-cü il tariximizə uğur səhifəsi kimi yazıldı. Bu gün Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasına çevrilib. İşğaldan azad edilmiş şəhərlərimizi, kəndlərimizi yenidən qururuq. Artıq 2023-cü ildə 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb. Mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Ondan əvvəl Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib. 2023-də Talış kəndinə, mayda Laçına, avqust ayında Füzuli şəhəri və Zabux kəndinə ilk, o cümlədən il ərzində Ağalı kəndinə növbəti köçlərin baş tutmasına nail olan siyasi iradənin qətiyyəti ilə, 2024-cü ildə Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Azərbaycan üçün prinsipial məsələ olan Xocalı və Xankəndiyə böyük qayıdış başlanacaq. Prezidentin çıxışı ilə verdiyi bu müjdə əslində indidən 2024-cü ilin tariximizin mühüm səhifələrindən biri olacağını deməyə əsas verir. Вернуться назад |