Главная > --- > Aqiyə Naxçıvanlı: “Xankəndidə keçirilən futbol matçı xalqımıza növbəti dəfə böyük qürur yaşatdı”

Aqiyə Naxçıvanlı: “Xankəndidə keçirilən futbol matçı xalqımıza növbəti dəfə böyük qürur yaşatdı”


22-12-2023, 12:12. Разместил: admin
Aqiyə Naxçıvanlı: “Xankəndidə keçirilən futbol matçı xalqımıza növbəti dəfə böyük qürur yaşatdı”


“Dekabrın 21-də bütün dünya Azərbaycan xalqı üçün tarixi əhəmiyyət kəsb edən möhtəşəm idman hadisəsinin şahidi oldu. İlk dəfə olaraq ölkəmizin işğaldan azad edilmiş ərazilərində futbol yarışı keçirildi. Cəmi iki ay ərzində demək olar ki, yenidən inşa edilmiş Xankəndi stadionunda Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşıblar. Bu hadisə Qarabağa və Şərqi Zəngəzura bu torpaqların əsil sahiblərinin qayıdışı ilə həyatın bütün sahələrində canlanma və dirçəlişin gəldiyini bir daha nümayiş etdirir. Bu tarixi yarışı izləmək üçün Ölkə Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın stadiona gəlmələri isə, bu idman hadisəsinin önəmini bir daha vurğulamış oldu. Oyundan əvvəl etdiyi çıxışında möhtərəm Prezidentimiz bu hadisənin siyasi əhəmiyyətini qeyd edərək bildirdi ki, bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Ərazilərimizi 30 il işğal altında saxlayan Ermənistan bu şəhəri separatizmin mərkəzinə çevirmişdilər və onlar elə bilirdilər ki, bu vəziyyət əbədi davam edəcək. Lakin Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu həm ermənilərə, həm də bütün dünyaya sübut etdi ki, bu torpaqların əsil sahibi Azərbaycan xalqıdır. Xankəndidə keçirilən futbol matçı da bizim öz tarixi torpaqlarımıza əbədi qayıtdığımızın daha bir təsdiqi oldu. Oyunun başlanğıcında topa rəmzi toxunuşu ilə Azərbaycan Prezidenti dörd il bundan öncə həmin bu stadionda “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə və bu absurd şüarı alqışlayanlara növbəti mesajını göndərdi. İndi bütün dünya görür ki, Qarabağ Azərbaycandır!”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat həmçinin qeyd edib ki, Xankəndidə keçirilən futbol matçı bütün xalqımıza növbəti dəfə böyük qürur yaşatdı: “Xankəndidə qondarma rejimin ləğvindən və bu şəhərin separatçılardan təmizlənməsindən cəmi üç ay keçib. Bu ilin sentyabr ayında keçirdiyi birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan separatçıların yerləşdikləri sonuncu əraziləri də işğalçılardan azad edərək öz dövlət suverenliyini tam bərpa etdi. 2021-ci ilin 15 yanvar tarixində Qarabağın tacı olan Şuşa şəhərində olduğu kimi, bu ilin 15 oktyabrında da cənab Prezident İlham Əliyev Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə və Ağdərədə müqəddəs bayrağımızı şəxsən özü ucaltdı. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında cənab Ali Baş Komandan Zəfər paradını qəbul etdi. Nəhayət dekabrın 21-də Xankəndidə möhtəşəm futbol matçı keçirildi. Bütün bunlar xalqımız üçün, dünya azərbaycanlıları üçün tükənməz qürur mənbəyidir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq və azərbaycanlılar burada əbədi yaşayacaq” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.


Вернуться назад