Главная > --- > Əbədiyaşar şəxsiyyət

Əbədiyaşar şəxsiyyət


12-12-2023, 11:52. Разместил: admin
Əbədiyaşar şəxsiyyət


Dünya miqyasında çox az şəxsiyyət tapılar ki, Heydər Əliyev kimi siyasi uzunömürlüyə malik olsun, xalqı və milləti tərəfindən belə uzun müddət etibara və etimada layiq görülsün, uzun müddət xalqının xoşbəxtliyi, firavanlığı, inkişafı və müstəqilliyi yolunda fədakarcasına fəaliyyət göstərsin, özündən sonra müstəqil dövlət kimi qiymətli bir miras qoyub getsin. Buna görədir ki, indi Heydər Əliyev müstəqil Azərbaycanın simvollarından birinə çevrilmişdir, Azərbaycanın bugünkü və gələcək tarixində özünə bir əbədilik qazanmışdır.
Heydər Əliyevin dövlətçilik haqqında baxışları nəzəri-təcrübi konsepsiya əhəmiyyəti daşıyır. Bu konsepsiyada dövlətçilik anlayışı, dövlət və dövlətçiliyin qarşılıqlı əlaqəsi, dövlətçiliyin milli ideologiyada yeri, əhəmiyyəti və digər məsələlər əksini tapmışdır. Heydər Əliyev dövlətçilik haqqında nəzəri-təcrübi konsepsiyası ilə birgə, onun Azərbaycan dövlətçiliyinin tarixinə tətbiqini də həyata keçirmişdir. Heydər Əliyev eyni zamanda müasir Azərbaycan dövlətçiliyinin də banisidir. Müstəqil Azərbaycan dövlətinin idarəetmə mexanizmini və hüquqi sistemini formalaşdırmışdır. Ən vacib məsələlərdən biri də Azərbaycan dövlətçiliyində siyasi varisliyin təmin edilməsidir.
Ulu öndər milli ideallarımıza həmişə böyük hörmətlə yanaşıb, milli tariximizin, dilimiz və ədəbiyyatımızın, milli mədəniyyətimizin köklərinə nüfuz edib, keçmiş və gələcəyimizin vəhdətinə, onun ümdə məsələlərinə diqqəti yönəldibdir. Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb bütövlükdə türk dünyasını əhatə edir.
Türk xalqlarının birliyini möhkəmləndirmək, mənəvi körpüləri qorumaq, milli kökə qayıdış, ortaq dəyərlərimizi birləşdirmək ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas məqsədlərindən olub.
İstər sovet, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ulu öndər Heydər Əliyev türk xalqları arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlər göstəribdir. Ağır sovet sistemi şəraitində işləməsinə baxmayaraq, ümummilli liderin fəaliyyətində türk dünyası ilə əlaqələrin qurulması və genişləndirilməsi mühüm yer tutub. Bu fəaliyyət mövcud şəraitə uyğun olaraq ehtiyatla, məharətlə və uğurla həyata keçirilibdir. Məhz ümummilli liderimizin SSRİ rəhbərliyinə tövsiyəsi ilə Azərbaycan ilə qonşu türk respublikalar, o cümlədən Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və başqaları arasında ədəbi-mədəni əlaqələr inkişaf edib, mədəniyyət günləri, yubileylər, konsertlər və digər tədbirlər keçirilibdir. Bütün bu tədbirlər xalqların bir-birinə yaxınlaşmasında, milli oyanışında mühüm rol oynayıbdır. Xalqlar öz tarixi keçmişləri və gələcək inkişafı haqqında düşünüblər ki, bu da türk dünyasının birləşməsi yolunda geniş strateji fəaliyyətin tərkib hissələrindən biri olubdur.
Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır.
Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.
Yalnız Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci il 20 avqust tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir.
Heydər Əliyev çevik, ədalətli və prinsipial siyasət sahibi idi. Onun ən başlıca keyfiyyəti xalqımıza xas olan milli–mənəvi dəyərlərə ürəkdən bağlılığı, milli ideyanı yaşadıb inkişaf etdirməkdən ötrü öz canını sərf etməsi, bütün ömrünü millətin mədəni–mənəvi intibahına həsr etməsi idi. Tarix boyu alimlər, ədəbiyyatçılar, filosoflar öz xalqının mədəni tərəqqisi üçün çox iş görüblər. Amma dahi rəhbərimizin Azərbaycan xalqı üçün gördüyü işi heç kəs görə bilməyib. Məhz onun gərgin fəaliyyəti sayəsində ölkəmiz yüksək mənəvi dəyərlərə malik tolerant və dünyəvi bir məmləkətə çevrildi. Ümummilli liderimiz Azərbaycan xalqının qədim tarixinə, zəngin mədəniyyətinə arxalanan, onu dünyada yetərincə təbliğ edən böyük bir intellekt sahibi idi, özündən sonra nəhəng bir siyasi və mənəvi irs qoyub getmişdir. Bu irsin əsas mahiyyətini və məzmununu, böyük bir missiyanı ulu öndərin öz sözləri ilə belə xarakterizə etmək olar: “Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram”. Buna görədir ki, onun irsi indi xalqımıza düzgün yol göstərir, bütün qələbələrimizin rəhninə çevrilmişdir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri


Вернуться назад