Главная > --- > Aqiyə Naxçıvanlı: “Azərbaycan hər iki tərəf üçün ədalətli sülh sazişinin imzalanmasını təklif edir”
Aqiyə Naxçıvanlı: “Azərbaycan hər iki tərəf üçün ədalətli sülh sazişinin imzalanmasını təklif edir”7-12-2023, 13:11. Разместил: admin |
“Dekabrın 6-da ADA Universitetində ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. Dünyada fəaliyyət göstərən məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın Forumda iştirakı bu beynəlxalq tədbirin yüksək nüfuzundan və əhəmiyyətindən xəbər verir. Forumda qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektləri və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqi müzakirə edilib. Mötəbər tədbirdə iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi, beynəlxalq ekspertləri maraqlandıran sualları cavablandırarkən real faktlara və analitik təhlilə əsaslanan detallı açıqlamalar təqdim etmişdir. İlk növbədə belə bir diqqətəlayiq faktı qeyd etmək lazımdır ki, 2020-ci ilədək uzun müddət Qarabağ münaqişəsi ilə məşğul olan bir çox beynəlxalq ekspertlər də etiraf edirlər ki, bütün bu illər ərzində Azərbaycan dövləti və şəxsən Azərbaycan Prezidenti azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı ilə paralel olaraq, Azərbaycan vətəndaşlığı olmuş erməni əhalisinin də cəmiyyətimizə inteqrasiyasına şərait yaratmağa çalışıb. Xüsusilə İkinci Qarabağ müharibəsinin bitməsindən sonrakı 3 il ərzində dövlətimizin başçısı bütün çıxışlarında bəyan edirdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar sadəcə olaraq separatçılar tərəfindən manipulyasiya edilirlər. Buna görə də dövlətimiz tərəfindən onlara həmin ərazidə qalmaq və yaşamağa davam etmək üçün ən optimal şərtlər təklif edilirdi. Onlara sadəcə olaraq Azərbaycan vətəndaşlığı üçün müraciət etmək lazım idi. Təbii ki, erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycanın Konstitusiyasına uyğun və beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərimizə əsasən təmin ediləcəkdi. Hətta onlara təklif olundu ki, 2024-cü ildə keçiriləcək bələdiyyə seçkilərində iştirak etsinlər və öz nümayəndələrini seçərək, öz bələdiyyələrinin rəhbərləri olsunlar. Lakin təəssüflər olsun ki, Qarabağ erməniləri bundan imtina etdilər. Məhz buna görə də Azərbaycan cari ilin sentyabrın 20-də öz suverenliyini bərpa etmək üçün artıq güc tətbiq edərək antiterror əməliyyatı keçirməli oldu. Bütün bunlara baxmayaraq, cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın təklifi bu gün də masa üzərindədir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib. Daha sonra deputat Prezident İlham Əliyevin Ermənistanla sülh sazişinin bağlanması ilə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Həqiqətən də Azərbaycan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbə qazanaraq həm öz torpaqlarını işğaldan azad etdi, həm də bütün Cənubi Qfqaza sülh gətirdi. Uzun illər boyunca Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığını deyən keçmiş Minsk qrupunun həmsədrlərinin fikirlərinin tam əksinə olaraq, regionumuza sülh məhz müharibə ilə gəldi. Bu gün isə, əgər söhbət artıq Cənubi Qafqazda yaranmış sülhün dayanıqlığından və davamlılığından gedirsə, bu zaman Ermənistan da xoş məramını bildirməli, xarici qüvvələrin deyil, öz xalqının maraqlarından çıxış etməli və adekvat addımlar atmalıdır. Azərbaycan öz tərəfindən bu istiqamətdə artıq konstruktiv təkliflərini verib. O cümlədən məhz Azərbaycan sülh sazişinin imzalanması, delimitasiya ilə bağlı komissiyaların yaradılması təkliflərini irəli sürüb, sülh sazişinin baza prinsiplərini işləyib hazırlayaraq qarşı tərəfə təqdim edib. Azərbaycan hər iki tərəf üçün ədalətli sülh sazişinin imzalanmasını təklif edir. Lakin Ermənistan, son aylarda bəzi irəliləyişlər olsa belə, ümumilikdə prosesi çox ləngidir. Məqsəd nədir? Bu sualı tam aydınlığı ilə cavablandırmaq çətin olsa da, səbəbi bəzi Avropa ölkələrinin Ermənistana neqativ təsiri ilə izah etmək olar. Möhtərəm dövlət başçımızın dediyi kimi, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var. Onların verdikləri məsləhətlər hazırda təxribat xarakteri daşısa da, bir müddət sonra onların dağıdıcı məsləhətlərə çevriləcəyini istisna etmək olmaz. Məhz buna görə də iki ölkə arasında daha müharibə olmayacağına, Ermənistanın vəziyyətlə tam razılaşdığına və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediklərini həqiqətən nəzərdə tutduğuna dair dövlətimizin zəmanəti olmalıdır. Yalnız bu, Qafqazda sülh üçün ən yaxşı amil olacaq.” Fikirlərini davam etdirən A.Naxçıvanlı həmçinin Orta dəhlizin genişləndirilməsi perspektivləri barədə deyilənlərin önəmli açıqlama olduğunu vurğulayıb: “Transmilli logistik və nəqliyyat layihələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıran cənab Prezident İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, Özbəkistan, Qırğızıstan və Çinin birgə başladıqları mühüm dəmir yolu layihəsi Orta dəhlizə böyük töhfə olacaq. Təbii ki, həmin layihə ölkəmiz üçün də çox cəlbedicidir. Çünki istiqamət Xəzərə doğrudur. Hazırda Azərbaycan nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması ilə bağlı məsələlər üzərində fəal işləyir. Bakıdan Gürcüstan sərhədinə qədər olan dəmir yolunun yenidən qurulması artıq tam başa çatdırılıb. Bir-iki aya Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan seqmentinin genişləndirilməsi də başa çatacaq. Bu da 100 milyon ABŞ dollarından çox olan, 100 faiz Azərbaycan investisiyasıdır. Bu seqmentdə maksimum bir neçə ay ərzində yükdaşımalar bir milyon tondan 5 milyon tona qədər genişlənəcək. Beləliklə, yeni yüklərin qəbulu üçün yeni imkanlar yaranacaq. Orta Dəhlizin daha bir qolu Gürcüstandan keçərək Qarsa və Aralıq dənizi limanlarına, digəri isə Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək. Bütün bunlar isə, Azərbaycanın beynəlxalq tranzit ölkə olaraq əhəmiyyətini və nüfuzunu daha da yüksəldəcək” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb. Вернуться назад |