Главная > --- > Eltun Süleymanov: “Azad Kəlbəcərin azadlıq günü mübarək olsun”
Eltun Süleymanov: “Azad Kəlbəcərin azadlıq günü mübarək olsun”21-11-2023, 10:39. Разместил: admin |
“Kəlbəcəri təkcə Azərbaycanın deyil, dünyanın Yer üzündəki xəzinəsi adlandırsaq, qətiyyən yanılmarıq. Bu qədim Oğuz yurdu yeraltı və yerüstü təbii sərvətləri, şərbət bulaqları, qaynar mineral çeşmələri, əvəzsiz fauna və florası ilə zəngindir. Füsunkar gözəlliyi, atlas geyimli dağlarla əhatə olunmuş Azərbaycanın qala qapısı, zümrüd qaşı olan unikal Kəlbəcər ulu tarixə malikdir. Mənşəyi qədim türk dilində “çay üstündə qala” olan "Kəlbəcər" toponiminin mənası və mahiyyəti həqiqətən bu torpağn bir möcüzə olduğunu sübut edir. Kəlbəcər inzibati rayonu 8 avqust 1930-cu ildə təşkil olunub və bura Azərbaycan rayonları arasında ərazisinin böyüklüyünə görə birinci yerdə durur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.” Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib. Müsahibimiz qeyd etmişdir ki, “İşğala qədər Kəlbəcər rayonunun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələrinin, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin bütün digər qətnamələr kimi həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilmədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü doğma Qarabağımızı azadlığa qovuşdurmaqla yanaşı, tarixi, mədəni, dini irsimizi də erməni vandallarından xilas etdi. Cəsur oğullarımız qəhrəmanlıqları ilə tariximizin səhifələrini qaralamağa, silməyə, saxtalaşdırmağa, təməlini laxlatmağa çalışan ermənilərə layiqli dərs verərək onları yerinə otuzdurdular.” Eltun Süleymanov qeyd edib ki, “10 noyabr 2020-ci idə Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı Bəyanat hərbi-siyasi Qələbəmizin dünyaya təqdimatı oldu. Bu sənəddə yer alan öhdəliklərdən biri Ermənistan tərəfindən Kəlbəcərin, Ağdamın və Laçının boşaldılması idi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi zəfəri siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində bu üç rayon qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Bəyanatda qeyd edilən şərtlərə əsasən, Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana 10 gün əlavə vaxt verildi. 2020-ci il noyabrın 25-də erməni silahlı birləşmələri və orada qeyri-qanuni məskunlaşdırılan əhali Kəlbəcəri boşaltdı. Ermənilər bu mərhələdə də vəhşiliklərini dünyaya nümayiş etdirdilər. Azərbaycan dövlətinin humanistliyinin qarşısında onların törətdikləri vandallıq dünyanın gözü qarşısında baş verdi. Evləri yandırdılar, ekoloji terror törətdilər. Artıq üç ildir işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Kəlbəcər də həyatının yeni dövrünü yaşayır. Tezliklə Böyük Qayıdış proqramı əsasında bütün işlər uğurla başa çatacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdaraq bu ərazilərimizə yeni nəfəs verəcəklər. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub. Kəlbəcər uğrunda döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərən igid oğullarımız “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunublar. Cənab Prezident İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirdiyi kimi, müharibə kimin-kim olduğunu ortaya qoydu: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir”. Müsahibimiz sonda bildirib ki, “Kəlbəcər işğaldan azad olunduqdan sonra orada infrastruktur layihələrinin icrasına başlanıldı. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və 1900 metr yüksəklikdən Murovdağ zirvəsinədək, 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi nəzərdə tutulub. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər. Azad Kəlbəcərin azadlıq günü mübarək olsun!” Вернуться назад |