Главная > --- > Eltun Süleymanov: “ Azərbaycan Konstitusiyası Ulu Öndərin şah əsəridir”

Eltun Süleymanov: “ Azərbaycan Konstitusiyası Ulu Öndərin şah əsəridir”


13-11-2023, 09:46. Разместил: admin
Eltun Süleymanov: “ Azərbaycan Konstitusiyası Ulu Öndərin şah əsəridir”


Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Konstitusiyanın hazırlanması və qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Hələ bu proses layihə şəklində olanda Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki,” tarixdən məlum olduğu kimi 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycanın konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur. Ona görə də Azərbaycan Konstitusiyası SSRİ-nin tərkibində olduğu müddətdə bir neçə dəfə yenidən qəbul olunmuşdur. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir.”
Eltun Süleymanov bildirib ki, “Ulu öndərimizin müəllifi olduğu müstəqil Azərbaycanın Konstitusiyası keçmiş sovet konstitusiyalarından fərqli olaraq, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Bu gün şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. “1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası son dərəcə təkmil və mütərəqqi bir sənəd idi. Bununla belə, ötən zaman müddətində ona əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. Ötən illər ərzində ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. O cümlədən 2002-ci ildə və 2009-cu ildə olunan dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmiş, ölkəmizdə demokratikləşmə proseslərinin dərinləşməsi məqsədlərinə xidmət etmişdir. Bu gün Cənubi Qafqazın lider dövlətinə çevrilən, dünya miqyasında nüfuz sahibi olan Azərbaycan dövləti məhz ulu öndərimizin hazırlayıb, qəbul etdirdiyi konstitusiyamızdan əsaslanaraq bugünki səviyyəyə çatıb. Azərbaycan hüquqi, demokratik ölkədir, əlbəttə, bizim bütün uğurlarımızın hüquqi kökləri 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın Konstitusiyası oldu”.


Вернуться назад