Главная > --- > TÜRKIYƏDƏ KADEM'İN 9-CU QADIN ARAŞDIRMALARI KONQRESİNDƏ AZƏRBAYCAN UĞURLA TƏMSIL OLUNDU -Fotolar
TÜRKIYƏDƏ KADEM'İN 9-CU QADIN ARAŞDIRMALARI KONQRESİNDƏ AZƏRBAYCAN UĞURLA TƏMSIL OLUNDU -Fotolar6-11-2023, 10:35. Разместил: admin |
2 noyabr 2023-cü il tarixində, Türkiyədə Süməyyə xanım Erdoğan Bayraktarın rəhbərlik etdiyi Qadın və Demokratiya Təşkilatının (KADEM) “Vətəndaş cəmiyyəti və qadın” mövzusunda 9-cu Qadın Araşdırmaları Konqresi keçirilmişdir. Qadınların ictimai həyata və sosial inkişafa verdiyi töhfələrin müzakirəsinə həsr edilmiş Konqres İstanbul Universitetinin Beyazit Kampüsünün Rektorluq Binasında təşkil olundu. KADEM ( Qadın və Demokratiya ) təşkilatı, 2013-cü ildən yarandığı gündən qadın hüquqlarını müdafiə etmək üçün yaradılmış, “varlıqda bərabərlik, məsuliyyətdə ədalət” prinsipini müdafiə edən, qadınların ləyaqətlə yaşaya biləcəyi təhlükəsiz cəmiyyət, ədalətli gələcək qurmaq üçün yaradılan və fəaliyyət göstərən təşkilatdır. Beynəlxalq arenada geniş fəaliyyət göstərən KADEM təşkilatı qadın araşdırmaları və problemlərini beynəlxalq platformalara da daşıyır. Konqresin açılış mərasimində qadınların fiziki, sosial, psixoloji və iqtisadi rifahını hər mənada təmin etməyi və sosial həyatın hər sahəsində bərabər imkanlara nail olmalarını hədəflədikləri bildirildi. Qadınlara qarşı zorakılığın bütün formalarına qarşı mübarizə aparılır, bu istiqamətdə mühüm layihələr, kampaniyalar həyata keçirilir. KADEM 53 təmsilçisi ilə Türkiyənin bütün bölgələrindən qadınlara, Gənc KADEM ilə gənclərə çatdıqlarını, diskurslarını beynəlxalq platformalara daşıdıqlarını, qadın problemlərinə regional və qlobal həll yollarını tapmağa çalışdıqları da bildirildi. Bu il 9-cu dəfə keçirdikləri KADEM Qadın Araşdırmaları Konqresinin də onlardan biri olduğu qeyd olundu. İndiyə qədər qadın və yoxsulluq, ailə, valideynlik, pandemiya, qadın və ədalət kimi mövzularda Konqreslər keçirildiyi bildirildi. Tədbirdə “Tarixdə qadın təşkilatlarının vətəndaş cəmiyyəti fəaliyyəti”, “Vətəndaş cəmiyyəti strukturları”, “İnanc oxunda qadın hərəkatı”, “Vətəndaş cəmiyyəti və psixologiya”, “Türkiyədə qadınların qeyri-hökumət təşkilatlarında yeri”, “Türkiyədə qadın yönümlü vətəndaş cəmiyyəti strukturları”, “Dünyada qadın yönümlü vətəndaş cəmiyyəti strukturları”, “Siyasət, dövlət və vətəndaş cəmiyyəti”, “Vətəndaş cəmiyyəti və kommunikasiya”,“Qadınların təhsilində qeyri-hökumət təşkilatlarının rolu”, “Sosial həyatda qadın və ailə” və s. kimi başlıqlar altında mövzular müzakirə olundu. Azərbaycandan Konqresdə iştirak və məruzə ilə çıxış etmək üçün “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri, sosial elmlər üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova dəvət edilmişdir. “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan vətəndaşlarının ümumrespublika səviyyəsində inkişafını təmin etmək, elm, təhsil, mədəniyyət sahəsində fəaliyyətin qurulması istiqamətində işlərin aparılması, milli-mənəvi dəyərlərə əsaslanan müasir vətəndaş obrazını yaratmaq, qabaqcıl beynəlxalq təcrübəni öyrənən və tətbiq edən bir qurumdur. KADEM rəhbər heyətində təmsil olunan Dr.Ümit Atmanla ortaq olaraq hazırladığı, “Azərbaycanda qadın hərəkatları və vətəndaş cəmiyyəti “ mövzusu üzrə çıxış edən Xəyalə Məmmədova qeyd etdi ki, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması şəraitində cəmiyyətin ictimai-siyasi tərkib hissələrinin, o cümlədən qadın hərəkatının tədqiqi böyük nəzəri və praktiki əhəmiyyət kəsb edir. Bu, müstəqillik dövrünün yeni şəraitində qadın təşkilatı və qurumlarının əsas fəaliyyət aspektlərini aydınlaşdırmağa və bu fəaliyyətin məzmun xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Tarixən Azərbaycanda qadın hərəkatını və onların cəmiyyətdə oynadığı rolu beş mərhələyə bölmək olar: XIX əsrdə Rusiyaya birləşənə qədər; Çar Rusiyası dövrü; ilk müstəqillik - ADR dövrü; Sovet dövrü; Postsovet illəri və ya ikinci Müstəqillik dövrü. Birinci mərhələ - əsasən qadın cəmiyyətdə "görünməz və çox qapalı" olduğu üçün; ikinci mərhələni qismən “məktəblilik”, yəni qızlar üçün təhsil yerlərinin açılması və qadınların cəmiyyətə inteqrasiyası ilə xarakterizə etmək olar. Ümummilli lider Heydər Əliyev hələ Sovetlər Birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxt gender bərabərliyinə, qadınların elm, təhsil, mədəniyyət və digər sahələrdə rolunun artırılması istiqamətlərində hər zaman fəal təmsil olunmalarına xüsusi diqqət yetirmişdir. Cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamaqla yanaşı, qadınların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışmışdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı müddətdə Azərbaycanda bütün sahələrdə aparılan islahatlar daha da dərinləşdi. Ordu quruculuğu, sosial müdafiə tədbirləri, həyat şəraitinin yaxşılaşdırılması, regionların iqtisadi inkişafı sahəsində böyük uğurlar əldə olundu. Ümummilli Lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi və Azərbaycan öz gücünə ərazi bütövlüyünü bərpa etdi. Bu gün Xankəndində, Xocalıda, Ağdərədə Şuşada və işğaldan azad olunmuş digər rayon, şəhərlərdə üçrəngli bayrağımız dalğalanır. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda vətəndaş cəmiyyəti müxtəlif mərhələlərdən keçərək, bu sahənin inkişaf ilə bağlı qanunvericilik və instisional mühit yaradılmışdır. Dövlət başçısının dəstəyi ilə qeyri-hökumət təşkilatları ilə dövlət qurumları arasında əlaqələrin qurulmasında, qarşılıqlı etimadın yaradılmasında mühüm uğurlar əldə olunmuşdur. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri hər zaman Cənab Prezidentin diqqət və dəstəyini öz fəaliyyətlərində əsas tutaraq, cəmiyyətin müxtəlif sahələrinə öz töhfələrini verməyə çalışmışlardır. Milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər. Bu eyni zamanda Prezident İlham Əliyevin dövlətin qadın siyasətini davam etdirmək əzminin nəticəsidir ki, Azərbaycan qadınının cəmiyyətdəki yeri günü-gündən güclənir. Azərbaycanda qadın siyasəti sahəsində strategiyaların uğurla davam etdirilməsi və inkişafı istiqamətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın həyata keçirdiyi mühüm fəaliyyəti xüsusi vurğulanmalıdır. Belə ki, Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, irəli sürdüyü təşəbbüsləri, millətin rifahı naminə gördüyü işləri, reallaşdırdığı layihələri bu gün bütün Azərbaycan qadınlarının əzmkarlığının, gücünün, qüdrətinin bariz nümunəsidir. Bəşəriyyətin ali ideallarına xidmət edən Mehriban xanım Əliyeva məhsuldar fəaliyyəti ilə bütün dünyada müasir Azərbaycan qadınının obrazını təcəssüm etdirir və beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Məruzəçi dövlət müstəqilliyinin təsis olunduğu bir dövrdə və sonrakı illərdə dövlətin qadın siyasətinin mahiyyətini daha dolğun üzə çıxarılması , qadın hərəkatları ilə bağlı məsələləri geniş araşdırmış və iştirakçıları məlumatlandırmışdır. Bu gün qadınlarımızın cəmiyyətin müxtəlif sahələrində əldə etdikləri yüksək nailiyyətləri görülən işlərin mühüm göstəricisi və nəticəsidir. Ölkəmizdə qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının artırılması istiqamətində mühüm addımlar atılıb. Bundan əlavə, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin və KADEM təşkilatı ilə birgə 16 dekabr 2022-ci ildə Bakı şəhərində həyata keçirdiyi layihə haqqında da Konqres iştirakçılarına geniş məlumat verildi. Çıxışlardan sonra qeyd olundu ki, Konqresə təqdim edilən məruzələr və tədbir ərəfəsində paylaşılan təcrübələr çoxşaxəli müzakirə meydanı yaradacaq, həmçinin qadınlar, vətəndaş cəmiyyəti ilə bağlı sosial siyasətə və yeni strategiyalara töhfə verəcəkdir. Tədbir sonunda KADEM təşkilatının rəhbərliyi tərəfindən Konqres məruzəçilərinə xüsusi təşəkkürnamə təqdim edildi. Вернуться назад |