Главная > --- > Uğurlu enerji siyasəti

Uğurlu enerji siyasəti


1-11-2023, 10:11. Разместил: admin
Uğurlu enerji siyasəti


Azərbaycan çox geniş bərpa olunan enerji potensialına malikdir. Bizim quruda 27 GVt-dan artıq külək və günəş enerjisi, Xəzər dənizində isə 157 GVt dəniz külək enerjisi potensialımız var. İşğaldan azad edilmiş ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda külək, günəş və su enerjisinin ümumi perspektivi 10 GVt-a yaxındır.
Energetika sektorunda aparılan siyasət, görülən işlər və qazanılan uğurlar xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursuna sədaqətlə xidmət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu inkişafının və əldə olunan qələbələrin arxasında böyük işlər və ağır zəhmət dayanır.
Azərbaycanın “yaşıl” artım ölkəsinə transformasiyasında ağırlıq mərkəzi əsasən, Xəzər dənizi ilə yanaşı “yaşıl enerji” zonası kimi Qarabağ-Şərqi Zəngəzurun üzərinə düşür. Bu geostrateji əhəmiyyətli məkanlar Azərbaycanın həm də “yaşıl” enerji istehsalı və ixracının mənbələri qismindədir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpa olunan enerjinin inkişafı geniş vüsət alır. Hal-hazırda beynəlxalq enerji şirkətləri – “Masdar”, “ACWA Power” və “bp” ilə ümumi gücü 710 MVt olan külək və günəş enerjisi layihələri həyata keçirilir.
Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.
Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.
Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.
Tədbirdə çıxış edən cənab İlham Əliyev deyib: “Eyni zamanda, sizə məlumat vermək istəyirəm ki, bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Biz artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara vermişik və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır.
Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Çünki külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir.”
Prezident İlham Əliyevin ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolunu düzgün qiymətləndirməsinin nəticəsidir ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Qeyd edək ki, enerji və təchizatın təhlükəsizliyi, “yaşıl enerji”yə keçidlə bağlı ümumi hədəflər əsasında Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığının əsasını da cənab İlham Əliyevdir.
Ölkəmizin başçısı çıxışında qeyd edib ki, proses davam edir və yaxınlarda yeni layihələrin icrasına başlanacaq. Dövlətin yaratdığı investisiya mühiti, investorlara göstərilən dəstək imkan verir ki, nəzərdə tutulan proqramlar və layihələr vaxtında yerinə yetirilsin.
Son olaraq qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu enerji siyasəti Azərbaycana iqtisadi dividendlərlə yanaşı, siyasi zəmanət də qazandıracaq.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri


Вернуться назад