Главная > --- > Fenomen şəxsiyyət
Fenomen şəxsiyyət2-10-2023, 13:14. Разместил: admin |
Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Ulu Öndərin 1993-cü ilin 3 oktyabrında böyük səs çoxluğu ilə dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ ilə, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə ilə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı. Qısa müddət ərzində bir çox ölkələrlə qarşılıqlı səmərəli əməkdaşlıq quruldu. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirməyə başladı, ölkəmiz Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilməyə yön aldı. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verməyə başladı. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı. Ulu Öndər həyatının bütün mərhələlərində Azərbaycana xidmət edib. “Mən həmişə xalqla bir olmuşam, xalqın taleyini öz taleyim bilmişəm. Həyatımı xalqın xoşbəxtliyinə həsr etmişəm və son nəfəsimədək bu yolda mübarizə aparacağam” deyən Heydər Əliyev vədinə sadiq qalaraq Azərbaycan Respublikası kimi qüdrətli və sürətlə inkişaf edən bir dövlət qurub. Müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik edən Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə nəinki xalqımızın ən parlaq siması, eləcə də, dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub. Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün Azərbaycana siyasi-iqtisadi dividentlər gətirir və ona böyük perspektivlər vəd edir. Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır. Qədirbilən Azərbaycan xalqı öz böyük oğlunun xatirəsini daim uca tutur. Ulu Öndərin memarı, müəllifi və qurucusu olduğu müstəqil Azərbaycan Respublikası bu gün yaşayır, onun quruculuq yolu yeni meyarlarla zənginləşdirilərək davam etdirilir, ölkəmizdə qlobal əhəmiyyətə malik layihələr həyata keçirilir. Azərbaycan bu gün zirvələr fəth edir, regional təhlükəsizliyə öz töhfəsini verir. Paytaxt Bakı şəhəri, qədim Naxçıvan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilib. Bütün bu möhtəşəm uğurların təməli yeni mərhələdə -1993-cü ildən başlanan Heydər Əliyev siyasi xətti ilə qoyulub. Ümummilli Liderin qarşıya qoyduğu əsas vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində həllini tapdı. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti tam təşəkkül tapıb və uğurla fəaliyyət göstərir. Ən əsası isə xalq və dövlət arasında sarsılmaz birlik mövcuddur. Ulu öndər Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərdən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaqdır. Rüstəm Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Вернуться назад |