Главная > --- > Aqiyə Naxçıvanlı: “Ulu Öndərin 1993-cü ildə respublikada hakimiyyətə gəlişi bugünkü Qələbələrin təməlində duran əsas amildir”

Aqiyə Naxçıvanlı: “Ulu Öndərin 1993-cü ildə respublikada hakimiyyətə gəlişi bugünkü Qələbələrin təməlində duran əsas amildir”


29-09-2023, 10:20. Разместил: admin
Aqiyə Naxçıvanlı: “Ulu Öndərin 1993-cü ildə respublikada hakimiyyətə gəlişi bugünkü Qələbələrin təməlində duran əsas amildir”


“Birmənalı olaraq qeyd olunmalıdır ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi iki fərqli, hətta ziddiyyətli tarixi dövrlərin hər biri Azərbaycan üçün sürətli və hərtərəfli inkişaf dövrü olmuşdur. Bununla belə, bu iki tarixi mərhələdən məhz müstəqillik illərini ölkəmiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edən həlledici dövr kimi qeyd etmək olar. Məsələ bundadır ki, SSRİ dönəmində Azərbaycan müstəqil olmasa da, ən azından ərazi bütövlüyü müəyyən edilmiş sərhədlər çərçivəsində təmin olunan respublika statusuna malik idi. Lakin müstəqilliyin ilk illərində cərəyan edən hadisələr artıq ölkəmizin sadəcə ərazi bütövlüyünü deyil, həm də ümumilikdə varlığını real təhdid altına almışdı. Əgər həmin dövrdə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi bir qədər də gecikdirilsəydi, bu gün artıq dünyanın siyasi xəritəsində ən yaxşı halda ölkəmizin ərazisində bir neçə xırda marionet rejimli dövlət yer almış olacaqdı. Bu faciənin qarşısını ala biləcək yeganə şansı Azərbaycana Ulu Öndərin respublikada hakimiyyətə gəlməsi verə bilərdi və müdrik xalqımız 1993-cü ildə əldə etdiyi bu şansı qaçırmadı.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat 1991-1993-cü illərdə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna təhdid yaradan amillərin həmin dövrdə ölkəyə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə yarandığını vurğulayıb və bildirib ki, belə bir mürəkkəb vəziyyətdən çıxış yolunu yalnız Ulu Öndər Heydər Əliyev müəyyən edə bilərdi: “1993-cü ildə ölkədə siyasi gərginlik son həddə çatmışdı. Dövlətçiliyin süqutu, ölkənin parçalanması hər an baş verə bilərdi. Belə bir təhlükə anında Azərbaycan xalqı dövlətini, qanı və canı bahasına əldə etdiyi müstəqilliyini qorumaq üçün sonsuz ümid bəslədiyi Heydər Əliyevi Bakıya dəvət etdi. 1993-cü il iyunun 9-da Ulu Öndər xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Bu qayıdış Azərbaycanı xilas etdi. Millətin sönməkdə olan müstəqillik arzuları yenidən canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. 1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri isə Azərbaycan xalqı üçün sözün əsil mənasında həyati əhəmiyyət kəsb edən mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün qurtuluşa gedən yolun ilk pilləsi oldu. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Heydər Əliyev uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi I Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlaması oldu. Həmin dövrdə Azərbaycan ordusunun əks hücumlarından qorxuya düşən erməni tərəfi də danışıqlara getdi və 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu. Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında ARDNŞ-lə dünyanın aparıcı neft şirkətləri arasında, respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş “Əsrin müqaviləsi” imzalandı.”

Həmçinin A.Naxçıvanlı 1994-cü ildən başlayaraq ölkədə aparılan islahatların bütün sahələrdə inkişaf mərhələsinin başlanmasına təkan verdiyini vurğulayaraq bunları deyib: “Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa səbəb olmuş, ölkəmizin qüdrətli iqtisadi dayaqları üçün əsaslar yaratmışdır. Bütün sahələrdə olduğu kimi, Azərbaycan iqtisadi sahədə də dünya iqtisadiyyatına inteqrasiya etmiş, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilmiş, dünya miqyasında layiqli yerini tutmuşdur. Ümummilli Lider Heydər Əliyevin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyası bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm prioritetlərindən biri olan ordu quruculuğu istiqamətində görülən işlərin nəticəsində Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Və nəhayət bütün bu proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq tarixi Qələbə əldə edərək ölkəmizin ərazi bütövlüyünü təmin edib. Bu gün biz birmənalı olaraq deyə bilərik ki, Azərbaycanın bu Şanlı Zəfərinin də əsası məhz 1993-cü ildə Ulu Öndərimizin respublikada ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə qoyulub”- deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.


Вернуться назад