Главная > --- > Kamaləddin Qafarov: “Naxçıvan logistik layihələrin tərkib hissəsinə çevrilir”

Kamaləddin Qafarov: “Naxçıvan logistik layihələrin tərkib hissəsinə çevrilir”


28-09-2023, 12:16. Разместил: admin
Kamaləddin Qafarov: “Naxçıvan logistik layihələrin tərkib hissəsinə çevrilir”


“Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də Azərbaycana etdiyi növbəti səfəri ölkələrimiz arasında olan birlik və qardaşlığın bütün regionda sabitlik, inkişaf və sülhə xidmət edən çox mühüm beynəlxalq amil olduğunu və bu amilin əsasını təşkil edən dostuq əlaqələrinin sarsılmazlığını bir daha qabarıq şəkildə bütün dünyaya nümayiş etdirdi”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputatın fikrincə, bu gün Türkiyə-Azərbaycan əlaqələri qarşısında yeni imkanlar, yeni perspektivlər açılıb. “Bu vacib məqam Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra dövlət başçılarının bəyanatlarında öz əksini tapıb. Cənab Prezident İlham Əliyev öz açıqlamasında xüsusi olaraq qeyd etdi ki, səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz bəyanatında ölkələrində keçirilmiş son Prezident seçkilərindən sonra ilk səfərini iyun ayında Şimali Kipr Türk Respublikası ilə birlikdə Bakıya etdiyini xatırladaraq, Türkiyə-Azərbaycan əlaqələrinin dünyada müstəsna səviyyədə olduğunu vurğuladı.”.

K.Qafarov Türkiyə Prezidentinin Naxçıvana ikinci dəfə səfər etdiyini xatırladaraq, bu səfərin bir çox önəmli hadisələrlə əlamətdar olduğunu qeyd edib: “Bu səfər çərçivəsində dövlət başçılarının keçirdikləri danışıqların gedişində bir daha ölkələrimizin ortaq niyyəti ifadə olundu, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələrinin durduğu vurğulandı. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi ölkələrimiz və xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin tarixində çox önəmli hadisədir və əlaqələrin inkişafına yeni təkan verəcək. Bu layihə Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək. Bundan başqa, dövlətimizin başçısı Naxçıvanda reallaşdırılması nəzərdə tutulan yaşıl enerji layihələrinə dair önəmli açıqlamalar təqdim etdi. Qeyd olundu ki, bu günlərdə Naxçıvanda öz işinə başlayacaq Türkiyə-Azərbaycan III Enerji Forumunda Muxtar Respublikanın günəş, külək və su elektrik stansiyalarının inşası üçün malik olduğu böyük potensialın reallaşdırılması ilə bağlı məsələlər müzakirə olunacaq. Perspektivdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixrac etmək mümkün ola bilər. Məhz bu baxımdan da Naxçıvanda yaşıl enerji layihələrinin reallaşdırılması strateji əhəmiyyət kəsb edən məsələ kimi qiymətləndirilməlidir.”
K.Qafarov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələrin dərinləşməsində iki ölkəni birləşdirən nəqliyyat layihələrinin əhəmiyyətindən bəhs edib: “Sentyabrın 25-də imzalanmış Azərbaycan-Türkiyə sənədləri arasında Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunu da xüsusi qeyd etmək lazımdır. Bu layihə reallaşdırıldıqdan sonra Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək. Cənab Prezident İlham Əliyev həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldığını bildirdi və qeyd etdi ki, yaxın aylarda bu yolun imkanları 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Təbii ki, bütün bunlar Azərbaycanın Şərq-Qərb beynəlxalq dəhlizi üzərində mühüm tranzit ölkə kimi əhəmiyyətini artırmaqla yanaşı, eyni zamanda bu marşrutun imkanlarından yararlanan bütün digər ölkələr üçün də yük daşımalarının həcminin artırılması baxımından müstəsna əhəmiyyət kəsb edir. Öz çıxışında daha bir vacib məqama toxunan möhtərəm dövlət başçımız Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşasının da uğurla getdiyini bildirdi. Qeyd olundu ki, Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır. Birmənalı olaraq demək lazımdır ki, Türkiyə ilə Azərbaycanı getdikcə daha çox yaxınlaşdıran, bir-birinə daha sıx və möhkəm tellərlə bağlayan bu layihələr, eyni zamanda, bütün Cənubi Qafqazda dayanıqlı sülhün və dinamik inkişafın bərqərar olunmasına xidmət edir. Azərbaycanın da, Türkiyənin də əsas niyyəti və maraqları regional sülh və əmin-amanlığın təmin edilməsindən, ölkələrin ərazi bütövlüyünün pozulmamasından ibarətdir. Azərbaycan-Türkiyə dostluğu da bu məqsədlərə çatmaq üçün ən vacib və önəmli amildir”.


Вернуться назад