Главная > --- > Kamaləddin Qafarov: “Azərbaycan dilinin qorunması və inkişafı daim dövlətimizin diqqətindədir”

Kamaləddin Qafarov: “Azərbaycan dilinin qorunması və inkişafı daim dövlətimizin diqqətindədir”


30-07-2023, 10:14. Разместил: admin
Kamaləddin Qafarov: “Azərbaycan dilinin qorunması və inkişafı daim dövlətimizin diqqətindədir”


“Dövlət müstəqilliyinin bərpasından sonra, 1992-ci ildə respublikamızda latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması bir çox digər məqamlarla yanaşı, ölkəmizin dünya birliyinə inteqrasiyasının sürətlənməsi baxımından vacib addım olmuşdur. Ulu Öndər Heydər Əliyev tərəfindən 2001-ci il avqustun 9-da imzalanmış “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” Fərman xüsusi əhəmiyyət kəsb edən tarixi hadisədir. Bu Fərmanla hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur”.

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Deputat Azərbaycan dilinin respublikamızda dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafının istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb: ” Məlumdur ki, 1960-cı illərin sonuna qədər olan dövrdə respublikamızda Azərbaycan dili hakim mövqelərə çıxa bilmirdi. Həmin dövrdə ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi və dövlət tərəfindən bu məqsədlə hər hansı bir tədbir də görülmürdü. Əksinə, bütün tədbirlər yalnız müttəfiq respublikalarda yerli xalqların doğma dillərinin sıxışdırılması məqsədini güdürdü.”

K.Qafarov bildirib ki, Ulu Öndər Heydər Əliyevin ana dilimizin respublikada dövlət dili statusuna yüksəlməsi istiqamətində atdığı cəsarətli addımlar tarixi əhəmiyyət kəsb edən təşəbbüs idi: “1970-ci illərin ortalarından başlayaraq Sovet İttifaqına daxil olan respublikalarda yerli dillərin sıxışdırılması kampaniyası daha da intensivləşdirildi. Xüsusilə də SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra bütün ölkə ərazisində rus dilinin hüquqlarının genişləndirilməsi məqsədilə “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunmağa başlandı. Təbii ki, yaranmış şəraitdə müttəfiq respublikalarda ana dilini təbliğ etmək çox riskli və təhlükəli idi. Bu səbəbdən respublika rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdən çəkinirdilər. Təkcə 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik edən Heydər Əliyev dil məsələsində öz mövqeyini böyük cəsarət və qətiyyətlə bildirmişdir. 1977-ci ildə növbəti SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihələri də dərc olunaraq ümumxalq müzakirəsinə verildi. Həmin dövrdə respublikamıza rəhbərlik edən Ulu Öndər Heydər Əliyev var gücü ilə Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışırdı. Nəticədə 1978-ci il aprelin 27-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.”

K.Qafarov bildirib ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, diplomatiya aləminə yol açması, mötəbər beynəlxalq tribunalardan eşidilməsi də Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasətinin ölkəmizdə uğurla həyata keşirilməsinin nəticəsidir: “Məlum olduğu kimi, 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu gün də ölkəmizdə Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Ölkə Prezidenti İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncama əsasən hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan möhtərəm dövlət başçımızın “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli-mənəvi varlığımızın sübutu olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Ölkə Prezidentinin 2018-ci il 17 iyul tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı və 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını və qayğı ilə əhatə olunduğunu bir daha təsdiq edir”.


Вернуться назад