Главная > --- > Cənab Prezidentin Tacikistana səfəri mühüm əhəmiyyət kəsb edir
Cənab Prezidentin Tacikistana səfəri mühüm əhəmiyyət kəsb edir11-04-2023, 13:42. Разместил: admin |
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Düşənbə səfəri iki ölkə arasındakı ticari, iqtisadi və nəqliyyat sahələrindəki əməkdaşlığın inkişafını sürətləndirəcək. Aprelin 5-də Azərbaycan və Tacikistan prezidentləri arasında Düşənbə şəhərində keçirilmiş görüşdə bu sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair bir sıra sənədlər imzalanıb. Hər iki ölkə strateji əhəmiyyətə malik bölgələrdə yerləşir. Xəzər dənizi hövzəsi və Cənubi Qafqaz bölgələrinin aparıcı ölkəsi kimi, Azərbaycanla əməkdaşlıq etmək Mərkəzi Asiyanın açar ölkəsi olan Tacikistanın maraqlarına da uyğundur. Digər yandan, BMT və İslam Əməkdaşlıq Təşkilatında Tacikistan və Azərbaycan arasında ciddi əlaqələr var. Müasir dövrdə Azərbaycanla Tacikistan arasında ticari-iqtisadi əlaqələrin əsasını idxal-ixrac, həmçinin tranzit yükdaşımalar təşkil edir. Tacikistan Respublikası alüminium istehsalı üçün Azərbaycan Respublikasından gil-torpaq və neft koksu idxal edir. Gəncə gil-torpaq kombinatından Tacik Alüminium Şirkətinə hər il 300 min tondan çox gil-torpaq göndərilir. Bununla yanaşı, Azərbaycandan nar şirəsi, kərə yağı, şəkər və digər kənd təsərrüfatı məhsulları idxal edir. Azərbaycan iqtisadiyyatının ət-süd istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq sahəsi, şərabçılıq və digər kənd təsərrüfatı bitkiləri kimi sahələr Tacikistan üçün müəyyən maraq doğurur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti ilə görüşdən sonra mətbuata Bəyanatında bildirib ki, “Hesab edirəm ki, bu gün biz çox səmərəli danışıqlar apardıq, həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlərdə gələcək qarşılıqlı fəaliyyətimizin konkret məsələlərini müzakirə etdik. Emoməli Şərifoviçin qeyd etdiyi bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürümüz var. Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Biz Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırıq. Ona görə ki, əvvələn, Tacikistan bizə yaxın ölkədir, ikincisi, sabitlik hökm sürən ölkədir. İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur.” Qeyd edək ki, səfər çərçivəsində imzalanmış 13 sənəd mühüm əhəmiyyət kəsb etməklə yanaşı, qeyd edilən sahələri əhatə edir. Azərbaycan-Tacikistan mədəni əlaqələrinin tarixi uzaq əsrlərə təsadüf edir. Tacik-fars ədəbiyyatının klassikləri kimi ehtiram bəslənilən Rudəki, Sədi və digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairləri Məhəmməd Füzuli, Nizami Gəncəvi də tacik xalqı tərəfindən daima hörmətlə qarşılanıb. Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir. Onların bir qismi Mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin repressiyasının qurbanı olaraq göndəriliblər. Azərbaycanlı Mirzə Davud Hüseynov 1930-1933-cü illərdə Tacikistan KP MK-nın birinci katibi olub. Cənab Prezident bu əlaqələri yüksək qiymətləndiriərək bildirib ki, “...mədəni sahədə qarşılıqlı əlaqələrimizin möhkəm təməlini xüsusi qeyd etmək istərdim. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Demək istərdim ki, tacik xalqının görkəmli oğlu Rudəkinin abidəsinin azərbaycanlı heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən yaradılması heç də təsadüfi deyil. Bu abidə 1960-cı illərdə Düşənbədə qoyulub.” Azərbaycan-tacikistan əlaqələrinin inkişafında ulu Öndər Heydər Əliyevin böyük əməyi olub. Sovet dönəmində taciklər üçün həyat əhəmiyyətli obyekt olan "Nurek" Su Elektrik Stansiyasının tikintisinə sovet rəhbərliyi etiraz etsə də, Heydər Əliyev bu layihəni əvvəldən sonadək dəstəkləyib. Tacik xalqı dahi şəxsiyyətin yaxşılığını heç vaxt unutmur. Onun xatirəsi bu ölkədə daim hörmətlə yad edilir. Cənab İlham Əliyev Bəyanatında deyib:” xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan isə keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Təbii ki, o dövrü yaxşı bilən adamlar bunu təsdiq edə bilərlər. Lakin həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bunu bilməlidir. Bizim bugünkü uğurlu inkişafımız, necə deyərlər, göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər. Bu barədə burada - Tacikistanda, Heydər Əliyevin xatirəsi ehtiramla yad edilən qardaş ölkədə danışmaq mənə xüsusilə xoşdur. Emoməli Şərifoviçin dediyi kimi, gələn ay biz Azərbaycan dövlətçiliyinin banisinin anadan olmasının 100 illiyini qeyd edəcəyik. Mən tacik qardaşlarımıza təşəkkür edirəm ki, Heydər Əliyevin xatirəsi Tacikistanda da qeyd ediləcək.” Rüstəm Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Вернуться назад |