Главная > --- > "QEYRƏT TƏCƏSSÜMÜ" adlı kitabının üçüncü təqdimatı keçirildi
"QEYRƏT TƏCƏSSÜMÜ" adlı kitabının üçüncü təqdimatı keçirildi5-04-2023, 14:36. Разместил: admin |
4 aprel 2023-cü ildə Zəfər tariximizin başlanğıcı hesab olunan Aprel döyüşlərinin yeddinci ildönümü ərəfəsində "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbəri şairə-publisist Manya Səxavətqızının şəhid ömrünü əbədiləşdirdiyi "QEYRƏT TƏCƏSSÜMÜ" adlı kitabının üçüncü təqdimatı keçirildi. Kitab Avqust döyüşlərində və Aprel döyüşlərində iştirak edən, qısa müddət sonra, 14 iyul 2016-cı ildə qəhrəmancasına şəhid olan Məmmədov Toğrul Səyyad oğluna həsr olunub. Kitabın təqdimatı Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə Naxçıvan Dövlət Milli Dram Teatrında keçirildi. Şəhid ailələrinin, qazilərin, iştirakı ilə keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordu heyəti, icra nümayəndələri, Təhsil Nazirliyinin nümayəndələri, Mədəniyyət Nazirliyinin nümayəndələri, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri, Naxçıvan Dövlət Universitetinin rektoru Elburus İsayev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Unversitetinin rektoru Anar Kazımov, Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, Naxçıvan MR Televiziya və Radio Verlişləri QSC-nin sədri Sahil Tahirli, Gənclər və İdman naziri Ramin Hacı, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar və bir çox qonaqlar iştirak etdilər. Tədbir ilk olaraq Əlahiddə Ümumqoşun Ordusunun orkestrinin müşayiəti ilə bir dəqiqəlik sükut və himnimizin səslənməsi ilə başladı. Tədbirin aparıcısı Səyyad Məmmədov ilk olaraq sözü "QEYRƏT TƏCƏSSÜMÜ" kitabının müəllifi Manya Səxavətqızına verdi. Müəllif öz duyğularını bölüşdükdən sonra Toğrul Məmmədovun qardaşı, kitabın yazılmasında böyük rolu olan Üzeyir Məmmədova söz verildi. Əlahiddə Ümumqoşun Ordusunun nümayəndəsi, Ağdam Rayon İcra başçısının müavini Xəqani Nəzərov və Toğrul Məmmədovun silahdaşı Xanı dayı, Mayor Məmmədov Rasim Əbdül oğlunun anası Nazilə xanım, kapitan Savalanov Nəcməddin Akif oğlunun anası Ramilə xanım, Hüseynov Raqib Adil oğlunun anası Rəna xanım, Sadiqov Emin Rəşadət oğlunun anası Gülşad xanım, Gülməmmədov Amin Mayis oğlunun atası Mayis müəllim, Quliyev Şahmar Kəmaləddin oğlunun xanımı Gülnarə xanım, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya,Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatları Anar İbrahimov, Etimad Məmmədov, Toğrulun ilk müəlliməsi Nazilə müəllim, Heydər Əliyev adına Hərbi Liseydə sinif rəhbəri olan Bəyim müəllimə, Toğrulun uşaqlıq dostları, kursant yoldaşları,"QEYRƏT TƏCƏSSÜMÜ" kitabı haqqında fikirlərini dilə gətirdilər. QEYRƏT TƏCƏSSÜMÜ" kitabında yer alan "QİSASIM ALINDI" şeirinə Fərid Kərimlinin bəstələdiyi həzin nəğmə Azərbaycan Respublikasının Xalq artisti İlqar Muradov və gənc müğənni Nigar Rəhimovanın ifasında dinlənildi. Son olaraq bir zamanlar Toğrul Məmmədovun təhsil aldığı Babək rayon Şıxmahmud kənd tam orta məktəbinin 2 b sinif şagirdləri və onların sinif müəllimələri Toğrul Məmmədovun bacısı Şəbnəm Məmmədova səhnəyə çıxaraq "QEYRƏT TƏCƏSSÜMÜ" kitabında yer alan şeirləri səsləndiriblər. Şəhidin bacısı öz duyğularını dilə gətirərək illərdi Toğrul Məmmədovun adının layiq olduğu kimi Azərbaycan xalqı tərəfdən tanınması arzusu ilə yaşadığını və həmin arzuya çatdığını dilə gətirdi. Rasim Məmmədovun qardaşı Şahin Məmmədov da çıxış edərək duyğularnı bölüşdü. Sonda xatirə şəkli çəkilərək o anlar əbədiləşdirildi. Вернуться назад |