Главная > --- > Kamaləddin Qafarov: “Üçtərəfli Bəyanat Azərbaycanın qələbəsinin parlaq sübutudur”

Kamaləddin Qafarov: “Üçtərəfli Bəyanat Azərbaycanın qələbəsinin parlaq sübutudur”


10-11-2022, 10:29. Разместил: admin
Kamaləddin Qafarov: “Üçtərəfli Bəyanat Azərbaycanın qələbəsinin parlaq sübutudur”


“ 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. 27 sentyabr 2020-ci il tarixdə Zəfər yürüşünə başlayan Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi tarixi Qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, otuz il müddətində işğal altında olan torpaqlarımız azad edildi. “Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Bütünlüklə Azərbaycanın maraqlarına cavab verən Üçtərəfli Bəyanat faktiki olaraq Ermənistanın kapitulyasiyası deməkdir və bu sənəd böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı özünün kapitulyasiya aktı olan bu sənədi imzalamağa məcbur etdi.”

Deputat xüsusi olaraq vurğulayıb ki, 10 noyabr tarixli Üçtərəfli Bəyanatın ən mühüm cəhətlərindən biri də Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılması oldu: “Üçtərəfli Bəyanatın imzalanması ilə bütün dünya Azərbaycan xalqının milli birlik və həmrəyliyinin təntənəsinin şahidi oldu. Həmrəylik Azərbaycan xalqının ən böyük sərvəti və dəyəridir. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri rəşadət nümayiş etdirərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı. Bütün bunlarla yanaşı, Üçtərəfli Bəyanatın imzalanmasının ən önəmli cəhətlərindən biri də Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılması ilə bağlı oldu. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Üçtərəfli Bəyanat status-kvonu tam olaraq Azərbaycanın xeyrinə dəyişdi. Artıq “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi də yoxdur, həmin əraziyə hər hansı bir statusun verilməsi də müzakirə mövzusu deyil. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazilərimizdir.”
K.Qafarov qeyd edib ki, Üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu: “Məlum olduğu kimi, Üçtərəfli Bəyanatın beşinci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərir. Lakin Azərbaycan üçün ən vacib olan məqamlardan biri təbii ki, Üçtərəfli Bəyanatda Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasının təsdiq olunmasıdır. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Sözsüz ki, bütün regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır.

Prezident İlham Əliyevin oktyabrın 6-da Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə keçirdiyi görüşlərin nəticəsində imzalanmış Bəyanatda, eləcə də Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixində Soçidə imzaladıqları Bəyanatda Azərbaycanın ərazi bütövlüyünü təsbit olundu. Hər iki Bəyanatda qeyd olunur ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Bu da birmənalı olaraq Azərbaycanın Qarabağda hakimiyyətinin Ermənistan tərəfindən qeyd-şərtsiz tanınması deməkdir”.


Вернуться назад