Главная > --- > Kamaləddin Qafarov: “Prezidentimz Azərbaycanın sülhsevər siyasətini bir daha nümayiş etdirdi”
Kamaləddin Qafarov: “Prezidentimz Azərbaycanın sülhsevər siyasətini bir daha nümayiş etdirdi”15-10-2022, 10:19. Разместил: admin |
“Prezident İlham Əliyevin cari ilin 13 oktyabr tarixində Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı 44 günlük Vətən müharibəsində şanlı qələbəmizin, həmin qələbədən sonrakı quruculuq işlərinin siyasi yekunu kimi uzun müddət müzakirə ediləcəkdir”. Bu fikirləri mətbuata açıqlamasında millət vəkili Kamaləddin Qafarov söyləyib. Millət vəkili bildirib ki, Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib, 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin düşüb. “Cənab Prezidentin qeyd etdiyi kimi “İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır”. Təəssüfləndirici hal odur ki, Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir. Bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Və bu zaman yenidən sanki erməni havadarları yuxudan ayıldılar. Dərhal bəyanatlar, hədə-qorxular səslənməyə başladı. Lakin bütün bunlar bu gün Azərbaycanın öz suverenliyi uğrunda haqq mübarizəsini dayandırmaq gücündə deyildir. Artıq Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyildir. Onun güclü ordusu, qətiyyətli rəhbəri var və bu mübarizə sonadək davam edəcəkdir”. Millət vəkili deyib: “Bizim bircə məqsədimiz, bircə tələbimiz var: dünyada və regionda sülh olsun, əraziliərimizdə olan qanunsuz hərbi birləşmələr təcili şəkildə çıxarılsın. Azərbaycan ədalətli sülhün tərəfdarıdır. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib.Hər bir halda Azərbaycanın təkilifi, hətta ermənilərin özlərinin də etiraf etdiyi kimi, ədalətlidir. Bizim heç kimin torpağında gözümüz yoxdur. Baxmayaraq ki, Ermənistan adlı ərazinin özü belə tarixi Azərbaycan torpaqlarıdır. Buna rəğmən biz tarixi reallıqları qəbul edir, beynəlxalq aləm tərəfindən qəbul edilmiş sərhədlərin dəyişdirilməsi tələbi ilə çıxış etmirik”. K.Qafarov qeyd etmişdir ki, Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi, təxminən 65 faiz artıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir. Bu dəhlizin yaradılması təkcə Azərbaycanın deyil, həm region dövlətlərinin, həm də daha uzaq dövlətlərin maraqlarına xidmət edir və beynəlxalq tranzitin inkişafına mühüm töhfə verəcəkdir. Göründüyü kimi, bizim dövlət başçısının çıxışında irəli sürdüyü təkliflər dünyanin iqtisadi əlaqələrinin inkişafına hesablanıb. Mənfur qonşularımızdan fərqli olaraq, bizim dövlətin rəhbərliyi inkişafdan, sülhdən, qarşılıqlı etimaddan yanadır.” Millət vəkili qeyd etmişdir ki, ölkə başçısının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı birmənalı olaraq Azərbaycan reallıqlarını beynəlxalq aləmə çatdırmağa hesablanmışdır. “Cənab Prezident bu çıxışı ilə Azərbaycanın sülhsevər siyasətini, barış mövqeyini bir daha ifadə etmiş oldu. Bu gün Qarabağdakı abadlıq-quruculuq işləri bu torpağın əsl sahiblərinin kim olduğunu bir daha sübut edir. Cənab Prezidentin birbaşa rəhbərliyi ilə bu torpaqlara “Böyük Qayıdış” adlanan proqram reallaşmağa başlayıb. Minalardan təmizlənmə ilə paralel indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesi başlanıb. Azərbaycan xalqı müharibə zamanı olduğu kimi, öz rəhbərinin qətiyyətinə inanır, onun başladığı hər bir işə öz dəstəyini əsirgəmir. Əminik ki, Qarabağ tezliklə yenidən canlanacaq və Azərbaycanın ən güclü iqtisadi rayonlarından birinə çevriləcəkdir”. Вернуться назад |