Главная > Mədəniyyət > Ruhi Əliyeva Polad Həşimovun evində - Fotolar

Ruhi Əliyeva Polad Həşimovun evində - Fotolar


8-09-2020, 13:26. Разместил: admin
Ruhi Əliyeva Polad Həşimovun evində - Fotolar


İş xanımı Ruhi Əliyeva Tovuz döyüşlərində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun evindən reportaj hazırlayıb.

News24.az sözügedən reportajı təqdim edir.

Bu gün həmişəkindən tez qalxdım. Bir azdan yola düşməliyəm. Güzgünün qarşısına keçib geyindiyim paltara baxdım. Seçim qara rəngdir. Əslində qara rəngi xoşlayıram, lakin bugünkü geyimin qara olması bu rəngə olan sevgimlə qətiyyən bağlı deyil.

Az sonra yola çıxdıq. Bu yol məni ünvana aparsa da, düşüncələrim başqa yerdəydi. 3 saatdan sonra sürücü avtomobili səliqə ilə təmir edilmiş evin qarşısında saxladı. Aşağı enib həmin evin darvazasına tərəf bir neçə addım atdım. Bu vaxt yol yoldaşım Ülkər xanım dilləndi: “Ruhi xanım, o qapı deyil”. O, mənə həmin evlə üzbəüz qapını göstərdi. Yaxınlaşıb köhnə, amma mənimçün ziyarətgaha açılan qapını ehtiyatla araladım.



Bu, həyatını vətənimiz üçün fəda etmiş general-mayor Polad Həşimovun evinin qapısı idi. Burada şəhid generalımızın üç övladı və həyat yoldaşı yaşayır. Bizi generalımızın həyat yoldaşı Ofelya xanım qarşıladı. Oğlanları Davud, Teymur, qızı Aybəniz yan-yana divanda oturdular. Mənəvi cəhətdən özümü bu ailəyə borclu sayırdım. İlk dəfə idi ki, getdiyim yerdə söhbətə başlamağa çətinlik çəkirdim. Amma Ofelya xanım elə səmimi idi ki, qısa müddətdə aramızda maraqlı ünsiyyət yarandı. Poladdan ürək dolusu danışan bu qadın ləyaqət, ismət nümunəsi idi. 

Ofelya xanım Poladla birgə üzləşdikləri çətinliklər, əziyyətlərdən söz açdı, onun saysız-hesabsız müsbət işlərindən danışdı. Hər dəfə Poladdan danışdıqca gözləri doldu. Evdə ən xırda işi belə özü görən Poladın çöldə nə qədər böyük işlər gördüyündən də xəbərdar idi Ofelya xanım. Hazırkı evə də təxminən bir il idi ki, köçmüşdülər, lakin Polad bu evdə bir neçə gün qalmışdı. 



Şəhid xanımı danışdıqca onun da nə qədər vətənpərvər olduğunu gördüm. İndi qarşıda onu çətin və daha məsuliyyətli yol gözləyir. Çiynində generalın övladlarını elə Polad kimi möhkəm, dözümlü, ən əsası isə milli ruhda böyütmək yükü var. Atalarının mübarək qanının töküldüyü bu torpaq Poladın uşaqları üçün indi ikiqat müqəddəsdi. Bu xanımın onları Polad ruhunda böyüdəcəyinə zərrə qədər şübhəm yoxdur.

Nə xoş ki, mən Ofelya xanımı, bu ailəni tanıdım. Ay çöhrəli Aybəniz, atalarına bənzəyən Davud və Teymur artıq bizə - bütün Azərbaycana əmanətdir.

Məncə, artıq bu ev ziyarətgahdır, müqəddəs ocaqdır. Poladı sevən hər kəs bu evə gələcək və gələnlər də mütləq nəsə öyrənəcək. Vətənpərvərliyi, torpağa sevgini, milli ruha bağlılığı, ən əsası həyat yoldaşına olan hörmət və məhəbbəti...

Elə biz də nəsə öyrənib bu ocağı tərk etdik.

Ruhun şad olsun, cənab general!




Вернуться назад