Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
- 28-09-2021, 13:31
- Mədəniyyət
- 0
- 512
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq rayon sakinləri Göyçay şəhər Şəhidlər Xiyabanına gələrək şəhidlərin məzarlarını ziyarət etmiş və məzarları önünə gül dəstələri düzmüşlər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova bildirdi ki, yaşadığımız hər bir günün öz tarixi vardır. Bizim torpaqlarımızı, mədəniyyətimizi, təbii sərvətlərimizi hətta milli-mənəvi dəyərlərimizi mənimsəməyə çalışan və 200 ildən çox xalqımıza qarşı davam edən erməni düşmənçilik siyasəti növbəti dəfə yenə 27 sentyabr 2020-ci il tarixdə özünü biruzə verdi. Bu dəfə cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlardan intensiv atəşə tutmağa başladılar. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən əks hücum əməliyyatının başlanması barədə qərar verildi. Qarşıdurmalar sürətlə alovlandı və İkinci Qarabağ müharibəsinə çevrildi. 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qəti siyasi iradəsi və ordumuzun gücü qüvvəsi nəticəsində Zəfərlə , Qələbəylə yekunlaşdı. 30 ilə yaxın davam edən həsrətə son qoyuldu.
Anım Günündə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirdi ki, hər zaman xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev xalqın birliyi və ədalətli mövqeyi “Dəmir Yumruq”la birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur. Əfsuslar olsun ki, müharibənin çox sərt qanunları var. Qələbə və Zəfər sevincləri itkisiz olmur. 44 gün davam edən müharibədə 3000-ə yaxın həm hərbçi, həm mülki vətəndaşlarımız şəhid oldu. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi.
Şəhid və qazi ailələrinə dəstək göstərilməsində Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyatı qurumların potensialı səfərbər olunur. Hərbi əməliyyatlarda iştirak edən Silahlı Qüvvələrin hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif olunur. Bütün Azərbaycanda olduğu kimi Göyçaylılarda o zaman “Dəmir Yumruq“ ətrafında sıx birləşdi.
Sonra Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi Famil Əliyev, Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin baş həkimi Ləman Hacıyeva, şəhid anası Tahirə xanım Əliyeva və digər çıxış edənlər bildirdilər ki, Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir. Bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı günü “Anım Günü” kimi qeyd etmək barədə 2020-ci il dekabrın 2-də Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn vəzifələrə əsasən saat 12:00-da bütün Respublika ərazisində olduğu kimi rayonumuzda da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra rayon məktəblilərinin şəhidlərimizin xatirəsinə hazırladığı ədəbi-bədii kompozisiya nümayiş oldundu, Şəhidlər Bulağı istifadəyə verildi, həmçinin 550 ədəd müxtəlif növ ağac əkildi.
Rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri tədbirdən sonra 2020-ci ilin sentyabr ayının 27-də müharibədə şəhid olmuş Ləkçılpaq kənd sakini Əhmədov Zamiq Çingiz oğlunun ailəsini ziyarət etmişlər.